Elm və təhsil komitəsinin iclasında

Komitə iclasları
05 iyun 2023 | 12:36   
Paylaşın:        

İyunun 5-də-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib. Bildirib ki, üçüncü oxunuşda müzakirəyə çıxarılan 4 qanun layihəsi mahiyyətcə bir-biri ilə bağlıdır.

Bəxtiyar Əliyev müzakirəyə çıxarılan “Təhsil haqqında” Qanunda, “Elm haqqında” Qanunda, “Peşə təhsili haqqında” Qanunda, həmçinin Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı əvvəlki oxunuşlarda kifayət qədər məlumat verildiyini diqqətə çatdıraraq sənədlərin plenar iclasda ikinci oxunuşda müzakirəsi zamanı səsləndirilən fikirlərə aydınlıq gətirib. Komitə sədri dəyişikliklərdə müəllimlərin sertifikasiyadan keçirilməsi, məktəbəqədər, ümumi və  peşə təhsili müəssisələrində müasir standartlara uyğun təkmilləşdirmələrin, effektiv kadr siyasətinin tətbiq edilməsi, sosial müdafiəsi gücləndirilən müəllimlərin əhatə dairəsinin genişləndirilməsi kimi bəzi məqamlarla bağlı məlumat verib.

Komitə sədrinin müavini Musa Qasımlı, deputatlar Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Etibar Əliyev, Eldar Quliyev layihələrdə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.

Komitə sədri Bəxtiyar Əliyev deputatların səsləndirdikləri qeydlərə münasibət bildirəndən sonra gündəlikdəki qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.

İclasda deputatlar Anar İsgəndərov, Tamam Cəfərova, Afət Həsənova, Ülviyyə Ağayeva, Aqiyə Naxçıvanlı, Rafael Hüseynov, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU