Milli Məclisdə “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” mövzusunda dinləmə keçirilib

Tədbirlər
02 iyun 2023 | 16:44   
Paylaşın:        

İyunun 2-də Ailə, qadın və uşaq məsələləri komitəsi və  Səhiyyə komitəsinin uşaq hüquqları ilə bağlı birgə dinləməsi keçirilib. “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” mövzusuna həsr olunmuş dinləməni açan Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə dinləmədə iştirak edən uşaqların timsalında bütün uşaqları təbrik edib, tədbirin keçirilməsi üçün yaratdığı şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib.

Komitə sədri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin bu gün cənab  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da inkişaf etdirilməsindən söz açıb. O, ölkəmizdə uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərdən, qanunvericilik bazasının təkmilləşdirilməsindən danışıb. Vurğulayıb ki, yeni reallıqlar və çağırışlar fonunda uşaq hüquqlarının müdafiəsi sahəsi ildən-ilə təkmilləşir, hökumət daim uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir.

Hicran Hüseynova tövsiyə edib ki, gənc nəsil də yaradılan imkanlardan maksimum istifadə edərək müasir dövrün tələblərinə uyğun  bilik və bacarıqlarını artırmaqla hazırda regionun lider dövləti olan Azərbaycanımızın gələcəkdə  daha da güclü olmasına çalışmalıdırlar.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda uşaq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. O, Ulu Öndərin uşaqları sonsuz məhəbbətlə sevdiyini, onların sağlam, vətən və xalq üçün layiqli övlad kimi yetişmələri üçün böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Ulu Öndərin əsasını qoyduğu bu siyasətin və ənənənin ölkə rəhbərliyi tərəfindən bu gün layiqincə davam etdirildiyini deyən komitə sədri uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının və intellektual inkişafının yüksək səviyyədə təşkil edilməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun  böyük işlər gördüyünü qeyd edib.

Əhliman Əmiraslanov uşaqların sağlamlıqlarının qorunmasını daim diqqət mərkəzində saxlayan Azərbaycan dövlətinin son illər bu sahədə mühüm nailiyyətlər əldə etməsini diqqətə çatdırıb, uşaqların sağlamlığının icbari tibbi sığorta ilə təminata alınmasından, onların fiziki sağlam böyümələri üçün yaradılan maddi-texniki bazadan bəhs edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dövlət uşaq siyasəti, bu istiqamətdə həyata keçirilən dövlət proqramları, regionlarda uşaqların inkişafı və hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib.

Dinləmədə çıxış edən Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlar Sədaqət Vəliyeva, Nigar Arpadarai, Könül Nurullayeva, Kamilə Əliyeva,  Sevil Mikayılova, Ramin Məmmədov ölkəmizdə uşaq hüquqlarının etibarlı təminat mexanizmlərinin, uşaqların inkişafı üçün hərtərəfli şəraitin yaradılmasından söz açıblar. Deputatlar iyirmi birinci əsrin gənclik qarşısında qoyduğu vəzifələr, uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi və digər mövzularda fikirlərini bildiriblər.

Tədbirdə IV və V Respublika Uşaq Forumlarının iştirakçıları - Aytac Adıgözəlova, Məryəm Hacıyeva, Mətləb Orucov, Sona Mirzəyeva, Fatimə Hüseynova, Ramiq Cəbiyev, Nərgiz Adıgözəlova çıxış ediblər, fəaliyyətləri, əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər. Onlar göstərilən yüksək diqqət və qayğıya, keçirilən dinləməyə görə minnətdarlıqlarını bildiriblər, bundan sonra da yüksək səylə çalışacaqlarını diqqətə çatdırıblar.

Dinləmədən sonra tədbirdə iştirak edən uşaqlar parlamentin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gələrək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər, Ulu Öndərin 100 illiyinə həsr olunmuş foto stend və Vətən Müharibəsindən bəhs edən “Zəfər Guşəsi” ilə də tanış olublar, Milli Məclisin Plenar iclas  zalına baxış keçiriblər.

Dinləmədə deputat Pərvin Kərimzadə, respublikanın ictimai fəal və müxtəlif müsabiqələrdə fərqlənən uşaq və yeniyetmələri və digər şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU