Milli Məclisin sədri Sahibə Qafarova Serbiyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edib

Sədrin səfərləri
26 may 2023 | 12:10   
Paylaşın:        

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasında rəsmi səfərdədir.

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən keçirilən və 28 may - Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak edib.

Spiker Sahibə Qafarova tədbirdə çıxış edib.

Tədbir iştirakçılarını salamlayan Sahibə Qafarova, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç, Serbiya Respublikasının Baş naziri Ana Brnabiç, Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç ilə keçirdiyi görüşlərdən söz açıb. O, rəsmi səfəri çərçivəsində Serbiya Milli Assambleyasının sədri Vladimir Orliçlə Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzaladıqlarını qeyd edib, bu sənədin parlamentlərarası əməkdaşlığımızın daha da inkişafına kömək edəcəyinə əminliyini bildirib.

Spiker Sahibə Qafarova 105 il əvvəl, 28 May 1918-ci ildə Azərbaycan xalqının öz çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, müsəlman Şərqində ilk demokratik parlament respublikasını təsis etməsindən söz açıb. O, diqqətə çatdırıb ki, həmin dövrdə ilk parlament və hökumət, dövlət atributları yaradıldı, ölkənin sərhədləri müəyyən edildi, dövlət quruculuğu, respublikanın beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması sahəsində mühüm işlər görüldü. Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkənin siyasi, iqtisadi və mədəni inkişafının təmin olunmasında əsas rol oynayıb.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan hələ 1918-ci ildə Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən də xeyli əvvəl qadınlara səsvermə hüququ verən ölkədir. Bu, ilk Demokratik Azərbaycan Respublikasının uğurlarından biri idi. Qeyd olunub ki, Azərbaycanda gender bərabərliyi nəinki bu günə qədər davam edir, həm də irəliləyir və möhkəmlənir.

Ötən il Azərbaycan və Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ilinin tamam olduğunu deyən spiker Sahibə Qafarova bildirib ki, bu illər ərzində Azərbaycanla Serbiya arasında münasibətlər dinamik inkişaf edib. Bu gün Azərbaycan ilə Serbiya arasında əlaqələrin möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma ilə fərqləndiyini deyən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, suverenlik və ərazi bütövlüyü məsələlərində bir-birinə göstərilən güclü həmrəylik və dəstək Azərbaycan-Serbiya münasibətlərinin ən mühüm xüsusiyyətlərindən biridir.

Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında iqtisadi, ticarət və humanitar sahələrdə, eləcə də enerji sektorunda sıx əməkdaşlıq mövcuddur. Serbiya ilə Bolqarıstan arasında birləşdirici xəttin tikintisi, Azərbaycandan Avropaya gələcək elektrik enerjisinin ixracı Azərbaycan təbii qazının və elektrik enerjisinin Serbiyaya çatdırılmasına imkan verəcək.

Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Millət vəkillərinin xalqı təmsil etdiyini, onun iradəsini əks etdirdiyini deyən spiker Sahibə Qafarova bildirib ki, parlament spikerlərinin, dostluq qruplarının qarşılıqlı səfərləri, beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyəti bu əməkdaşlığı ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da inkişaf etdirmək əzmimizi nümayiş etdirir.

Çıxışında Sahibə Qafarova regionda mövcud vəziyyət barədə məlumat verərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini Ermənistanın 30 illik işğalından azad edərək öz ərazi bütövlüyünü bərpa etməsindən qürurla söz açıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, münaqişənin sülh yolu ilə həllini uzun illər gözləyəndən sonra Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin edib, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

Spiker Sahibə Qafarova bildirib ki, bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb. Bu ərazilər "yaşıl enerji" zonası elan edilib. "Ağıllı şəhər”lər və "ağıllı kənd"lər tikilir. Keçmiş məcburi köçkünlərin ilk ailələri artıq evlərinə qayıtmağa başlayıblar.

Sahibə Qafarova işğalın qurbanı olmasına baxmayaraq, məhz  Azərbaycanın sülh sazişini təklif etdiyini diqqətə çatdırıb. O, deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansa, Qafqazda uzunmüddətli sülh bərqərar olacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU