Parlamentin komitə iclasında 2022-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub

Komitə iclasları
24 may 2023 | 18:43   
Paylaşın:        

Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasda 4 məsələnin müzakirəyə çıxarıldığını, birinci məsələnin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) olduğunu söyləyib.

Komitə sədri bildirib ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. O, deyib ki, dünyada baş verən ümumi böhran fonunda, Azərbaycanda 2022-ci il iqtisadi inkişaf baxımından uğurlu olub. Ölkədə maliyyə-iqtisadi sabitlik qorunub saxlanılıb, Ümumi Daxili Məhsulun (ÜDM) artımına nail olunub, qarşıda duran hədəflərin icra olunması ilə bağlı  müsbət nəticələr əldə edilib.

Tahir Mirkişili diqqətə çatdırıb ki, 2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ÜDM-in həcmi 100 milyard manatdan çox olub. İlin sonuna olan göstəricilərə əsasən, ÜDM-in həcmi  133.8 milyard manat təşkil edib. Ümumilikdə ötən il həm neft-qaz sektorunu, həm də qeyri-neft sektorunu əhatə etməklə ÜDM-də 40.6 milyard manat əlavə artım müşahidə olunub. O, neftin 1 barelinin qiymətinin 2022-ci ilin dövlət büdcəsində 85 ABŞ dolları ətrafında planlaşdırıldığını, lakin bu göstəricinin 103,6 ABŞ dolları ətrafında olduğunu deyərək, bu artımın da dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərdiyini söyləyib.

Komitə sədri ölkədə 2022-ci ildə orta illik inflyasıyanın 13,9 faiz təşkil etdiyini, inflyasiya ilə mübarizə sahəsində Azərbaycanda bir çox zəruri tədbirlərin görüldüyünü qeyd edib. O, bu istiqamətdə atılan addımların inflyasiyanın mənfi təsirlərinin azalmasına xidmət etdiyini deyib.

Tahir Mirkişili bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri proqnozdan 1 milyard 481 milyon manat artıq icra olunub, xərcləri isə 32 milyard 64.6 milyon manat həcmində icra edilib. O, icra göstəricilərinin yüksək olduğunu və bunun qarşıda duran hədəflərin yerinə yetirilməsi baxımından önəmli olduğunu qeyd edib, kəsirin 3,1 milyard manat planlaşdırıldığını, nəticədə isə 1 milyard 385 milyon manat ətrafında olduğunu deyib.

Sonra maliyyə nazirinin müavini Azər Bayramov “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə ətraflı məlumat verib. O, nəzərə çatdırıb ki, 2022-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabat 2022-ci ildə Azərbaycan Respublikasında formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclərin, habelə dövlət proqramlarının, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərin icra göstəriciləri, il ərzində dövlət borclanmasına və borclara xidmətə dair vəziyyəti, ehtiyat və məqsədli büdcə fondlarının vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir. Qeyd edilib ki, 2022-ci il sosial-iqtisadi baxımdan xalqımız və dövlətimiz üçün uğurlu olub. Qlobal və regional müstəvidə cərəyan edən mürəkkəb proseslər ölkə iqtisadiyyatına müəyyən təsirlər göstərsə də, bütövlükdə makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi artım meylləri davam etmiş və Ümumi Daxili Məhsulun (ÜDM) həcmi ölkə tarixində ilk dəfə olaraq 100 milyard manatı ötmüşdür.

Nazir müavini bildirib ki, 2022-ci ildə əsas kapitala yönəldilən vəsaitin məbləği 18,3 milyard manat təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 80,6 faizi daxili mənbələr hesabına formalaşıb, investisiyaların 5,4 milyard manatı neft, 12,9 milyard manatı isə qeyri-neft sektoruna yönəldilib. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb.

Qeyd edilib ki, 2022-ci ildə dünya iqtisadiyyatındakı inflyasiyanın təzyiqləri nəticəsində ölkə üzrə orta illik inflyasiya 13,9 faiz təşkil edib ki, bu da əsasən idxal hesabına formalaşan inflyasiyadır.

Hesabata əsasən, 2022-ci ildə xarici ticarət üzrə əməliyyatların həcmi 56,2 milyard ABŞ dolları olub, bunun 41,7 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 14,5 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşür. Cari əməliyyatlar hesabında 23,5 milyard ABŞ dolları həcmində və ya əvvəlki illə müqayisədə 2,8 dəfə çox profisit qeydə alınıb.

Diqqətə çatdırılıb ki, 2022-ci il dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnoza qarşı 30679,6 milyon manat və ya 1481,8 milyon manat, 2021-ci ilin dövlət büdcəsinin faktiki gəlirləri ilə müqayisədə isə 4283,4 milyon manat çox icra olunub. Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 22,9 faiz təşkil edib. Dövlət büdcəsinin gəlirlərinin 15543,0 milyon manatı və ya 50,7 faizi Dövlət Vergi Xidmətinin xətti ilə, 5654,6 milyon manatı və ya 18,4 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 7923,0 milyon manatı və ya 25,8 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1559,1 milyon manatı və ya 5,1 faizi digər gəlirlər üzrə daxilolmaların payına düşür.

Qeyd olunub ki, büdcə gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 15350,0 milyon manat təşkil edir. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmaların 8136,3 milyon manatı və ya 53,0 faizi vergi orqanlarının xətti, 5654,6 milyon manatı və ya 36,8 faizi gömrük orqanlarının xətti, 1559,1 milyon manatı və ya 10,2 faizi isə digər mənbələrdən daxilolmaların payına düşür. Büdcə gəlirlərində neft sektoru üzrə daxilolmalar 15329,6 milyon manat təşkil edib. Neft sektoru üzrə büdcə gəlirlərinin 51,7 faizini və ya 7923,0 milyon manatını Dövlət Neft Fondundan transfert, 48,3 faizini və ya 7406,6 milyon manatını isə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə təmin edilən neft sektorundan daxilolmalar təşkil edib.

Məlumat verilib ki, 2022-ci ildə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə 11740,0 milyon manat proqnoza qarşı 15543,0 milyon manat icra olunub. Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 5654,6 milyon manat məbləğində vəsait daxil olub ki, bu da 4605,0 milyon manat proqnozla müqayisədə 1049,6 milyon manat və ya 22,8 faiz çoxdur. Fiziki şəxslərdən gəlir vergisi üzrə 1485,0 milyon manat proqnoza qarşı icra 1474,4 milyon manat və ya 10,6 milyon manat az, 2021-ci illə müqayisədə isə 279,8 milyon manat və ya 23,4 faiz çox olub. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 5290,0 milyon manat proqnoza qarşı icra 8522,5 milyon manat və ya 3232,5 milyon manat, 2021-ci illə müqayisədə isə 5564,1 milyon manat və ya 2,9 dəfə çox olub. Qeyri-neft sektorunda mənfəət vergisi üzrə daxilolma 2612,2 milyon manat, neft sektoru üzrə mənfəət vergisindən daxilolma 5910,3 milyon manat təşkil edib.

Diqqətə çatdırılıb ki, 2022-ci il dövlət büdcəsinin xərcləri ilkin olaraq 29879,0 milyon manat məbləğində təsdiq olunub. Dövlət büdcəsinə yenidən baxılaraq, onun xərcləri artırılaraq 32303,8 milyon manat məbləğində müəyyən edilib. Büdcə xərcləri 99,3 faiz və ya 32064,6 milyon manat məbləğində icra olunub.

Ötən ilin dövlət büdcəsi xərclərinin 36,1 faizini və ya 11576,9 milyon manatını  sosialyönümlü xərclər təşkil edib. Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə ümumilikdə 9221,9 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulsa da, aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 9151,2 milyon manat məbləğində vəsait ayrılıb və proqnoza nisbətən 70,7 milyon manat az vəsait istifadə olunub.

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 726,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 5622,5 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 737,0 milyon manat və ya 15,1 faiz çoxdur.

Qeyd edilib ki, kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə bütövlükdə dövlət büdcəsi xərclərinin 4,6 faizi həcmində və ya 1468,9 milyon manat məbləğində vəsait ayrılıb. Mənzil və kommunal təsərrüfatı bölməsinə 267,2 milyon manat məbləğində vəsait istifadə olunub. Hesabat ilində mənzil və kommunal xərcləri ÜDM-in 0,2 faizini, dövlət büdcəsi xərclərinin isə 0,8 faizini təşkil edib. Hesabat ilində iqtisadi fəaliyyətlə bağlı xərclər üçün dövlət büdcəsindən ayrılmış 6978,4 milyon manat məbləğində vəsaitin 6961,3 milyon manatı və ya 99,8 faizi istifadə olunub.  Hesabat ilində iqtisadi fəaliyyətlə bağlı xərclər ÜDM-in 5,2 faizini, dövlət büdcəsi xərclərinin isə 21,7 faizini təşkil edib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4311,0 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 2665,4 milyon manatı və ya 61,8 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 1079,7 milyon manatı və ya 25,1 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 467,1 milyon manatı və ya 10,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 98,8 milyon manatı və ya 2,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür. Həmin vəsaitin 4070,9 milyon manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına, 24,8 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.

Hesabata əsasən, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 517,9 milyon manat məbləğində vəsait istifadə olunub. Bu vəsaitin 486,7 milyon manatı və ya 94,0 faizi əsaslı xərclərin, 31,2 milyon manatı və ya 6,0 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib. 2022-ci il dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin məbləği 1459,0 milyon manat olub və il ərzində aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq həmin vəsaitin 1457,9 milyon manatı və ya 99,9 faizi istifadə olunub. Bu vəsaitin 1368,2 milyon manatı və ya 93,8 faizi əsaslı xərclərin, 89,7 milyon manatı və ya 6,2 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Qeyd olunub ki, beynəlxalq münasibətlər, xarici yardımlar, Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə 2022-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 365,4 milyon manat məbləğində vəsaitin 362,5 milyon manatı və ya 99,2 faizi istifadə olunub.

Ötən ildə dövlət proqramlarının və məqsədli tədbirlərin maliyyə təminatı üçün dövlət büdcəsinin faktiki xərclərinin 47,8 faizi həcmində və ya 15341,6 milyon manat məbləğində vəsait yönəldilib. Həmin vəsaitin 9186,5 milyon manatı və ya 59,9 faizi məqsədli dövlət proqramlarının, 6155,1 milyon manatı və ya 40,1 faizi məqsədli təyinatlı tədbirlərin icrasına sərf edilib.

2022-ci ildə dövlət büdcəsinin yerli gəlirləri 1030,2 milyon manat proqnoza qarşı 1113,9 milyon manat məbləğində və ya 8,1 faiz çox icra olunub. Dövlət büdcəsinin yerli xərcləri isə 1070,1 milyon manat proqnoza qarşı icra 1013,5 milyon manat və ya 94,7 faiz olub.

2022-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 3106,0 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1385,0 milyon manat təşkil edib.

Diqqətə çatdırılıb ki, 2022-ci il üzrə icmal büdcənin gəlirləri 36760,9 milyon manat proqnoza qarşı 6336,7 milyon manat və ya 17,2 faiz çox icra edilməklə, 43097,6 milyon manat təşkil edib. İcmal büdcənin xərcləri 35640,9 milyon manat proqnoza qarşı 35073,6 milyon manat və ya 1,6 faiz az icra edilsə də, 2021-ci illə müqayisədə 5083,1 milyon manat və ya 16,9 faiz çoxdur.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri Fondun 5606,3 milyon manat məbləğində təsdiq olunmuş göstəricisinə qarşı 5729,7 milyon manat və ya 123,4 milyon manat çox, yəni 102,2 faiz icra olunub. Bu 2021-ci illə müqayisədə 551,7 milyon manat və ya 10,7 faiz çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 5606,3 milyon manata qarşı 5252,1 milyon manat və ya 93,7 faiz icra olunub ki, bu da 2021-ci ilə nisbətən 409,1 milyon manat və ya 8,4 faiz çoxdur.

İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 181,4 milyon manat proqnoz göstəricisinə qarşı 172,8 milyon manat və ya 95,3 faiz icra olunub. İşsizlikdən Sığorta Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 181,4 milyon manat proqnoz göstəricisinə qarşı 163,4 milyon manat və ya 90,1 faiz icra edilib və bu  2021-ci illə müqayisədə 32,5 milyon manat və ya 24,8 faiz çoxdur.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 15789,1 milyon manat proqnoz göstəricisinə qarşı 16866,5 milyon manat və ya 6,8 faiz çox olub. Dövlət Neft Fondunun büdcəsinin xərcləri 7960,4 milyon manat icra edilib ki, bu, təsdiq olunmuş proqnoz göstəricisinə qarşı 3602,7 milyon manat və ya 31,2 faiz azdır.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəlirləri üzrə proqnozdan artıq daxilolmalar da nəzərə alınmaqla Muxtar Respublikanın büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi üçün 2022-ci il dövlət büdcəsindən 425,0 milyon manat və ya proqnoza nisbətən 32,6 milyon manat az dotasiya ayrılıb. Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 607,6 milyon manat təşkil edib, bu isə 2021-ci illə müqayisədə 85,6 milyon manat və ya 16,4 faiz çoxdur.

2022-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat təqdim edildikdən sonra İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ötən ilin makro-iqtisadi çərçivəsi, proqnoz göstəriciləri, iqtisadi artım barədə məlumatı, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkənin 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatla bağlı Palatanın rəyini diqqətə çatdırıblar.

Məsələ ətrafında gedən müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Rüfət Quliyev, Vahid Əhmədov, Elnur Allahverdiyev, Aydın Hüseynov, Məşhur Məmmədov, Məzahir Əfəndiyev fikirlərini açıqlayıblar. Millət vəkilləri 2022-ci ilin dövlət büdcəsinin uğurla icra edildiyini, ölkədə makro-iqtisadi sabitliyin nəzarət altında olduğunu bildiriblər. Qeyd edilib ki,  sənədin hazırlanmasında şəffaflıq, hesabatlılıq, beynəlxalq öhdəliklərlə bağlı uyğunluğun təmin edilməsi kimi şərtlərə əməl olunub.

Maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov səsləndirilən sualları ətraflı cavablandırıblar, qaldırılan bəzi məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Sonra iclasda “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi təqdim edilib.

Bildirilib ki, Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş cari il martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü zamanı imzalanıb.  Fondun fəaliyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş) və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri də nəzərdən keçirilib.

Bu sənədlər də Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU