Milli Məclisin sədri Sahibə Qafarova TASS agentliyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi ilə tanış olub

Sədrin səfərləri
15 may 2023 | 20:58   
Paylaşın:        

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işgüzar səfərdədir.

Mayın 15-də nümayəndə heyəti Moskvada TASS agentliyinin mənzil-qərargahına gəlib. Burada Azərbaycan nümayəndə heyətini TASS agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun müavini Mixail Qusman və digər şəxslər qarşılayıblar.

Nümayəndə heyəti agentliyin mənzil-qərargahı qarşısındakı meydanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olub.

Sərgidə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar nümayiş etdirilir. Burada Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyində təmsil olunduğu illərdə ölkənin inkişafı üçün gördüyü işlərə və həyata keçirdiyi nəhəng layihələrə dair fotolar öz əksini tapıb. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan-Rusiya münasibətlərini əks etdirən fotolar da sərgilənib. Sərgi ilə tanışlıqdan sonra TASS agentliyinin mənzil-qərargahında Azərbaycan nümayəndə heyəti ilə agentliyin rəhbər şəxsləri arasında görüş keçirilib.

Görüşdə   Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 100 illik yubileyinə göstərilən yüksək diqqətə və sərginin təşkilinə görə təşəkkürünü bildirib. Spiker diqqətə çatdırıb ki, Heydər Əliyevin adı həyatını xalqının yolunda fədakar xidmətə həsr etmiş dahi şəxsiyyət kimi Azərbaycan tarixinə əbədi həkk olunub. Heydər Əliyevin liderlik keyfiyyətləri, uzaqgörən siyasəti və güclü iradəsi tariximizin ən taleyüklü məqamlarında ona öz xilaskarlıq missiyasını uğurla həyata keçirməyə imkan verib. Ulu öndərin müstəqil Azərbaycanın rəhbəri olduğu illərdə həyata keçirdiyi işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qədirbilən xalqımız böyük oğlu Heydər Əliyevin xatirəsini həmişə uca tutur və onu minnətdarlıqla xatırlayır.

Söhbət zamanı TASS agentliyinin baş direktoru Sergey Mixaylov və agentliyin əməkdaşları Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət kimi misilsiz fəaliyyətindən bəhs edib, onun Rusiya-Azərbaycan münasibətlərinin inkişafında oynadığı roldan, SSRİ rəhbərliyində təmsil olunduğu illərdə gördüyü böyük işlərdən danışıblar.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlar Mixail Zabelin, Elnur Allahverdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi        



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU