Komitələrin birgə iclasında

Komitə iclasları
08 may 2023 | 17:38   
Paylaşın:        

Mayın 8-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

Tədbiri açan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı müzakirə ediləcək.

İllik məlumat barədə danışan Zahid Oruc bildirib ki, dövlətimiz həmişə insan alveri ilə mübarizə istiqamətində ciddi siyasi iradə nümayiş etdirib. O, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin illik məlumatlarının təqdim olunmasını ölkəmizin hüquq-mühafizə siyasətində və insan hüquqlarının qorunması sahəsində mütərəqqi ənənə kimi dəyərləndirib.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında 2022-ci ildə insan alverinə qarşı mübarizəyə dair məlumatını qısa şərh edən komitə sədri bildirib ki, sənəddə insan alveri ilə mübarizə sahəsindəki vəziyyət əhatəli və sistemli şəkildə təqdim olunub. Məlumatda yer alan müvafiq qurumların təhlillərinə və statistikaya diqqət çəkən komitə sədri insan alveri cinayətlərinin dinamikasının azalmasını pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər səbəbindən prosesin gizli, xüsusən də İnternet müstəviyə keçməsi ilə bağlayıb.

Komitə sədri nazirliyin parlamentlə əməkdaşlığa önəm verməsindən söz açaraq məlumatda yer alan qanunsuz miqrasiya, məcburi əmək, insan alveri cinayəti faktları ilə bağlı fikirlərini bildirib, Daxili İşlər Nazirliyinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən bəhs edib. O, insan alveri kimi mürəkkəb cinayətlə mübarizədə dövlət və hakimiyyət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının koordinasiyalı fəaliyyətinin, yeni yanaşmaların tətbiqinin önəmini vurğulayıb.

Sonra DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını təqdim edib.

O, bildirib ki, Аzərbаycаndа insаn аlvеrinə qаrşı mübаrizəyə dövlət, hökumət və pаrlаmеnt səviyyəsində verilən böyük dəstək sayəsində 2022-ci ildə də sözügеdən əməllərin prоfilаktikаsının və  cinayət təqibinin  ən yüksək səviyyədə təşkil оlunmаsınа tam imkаn yaradılıb.

Həzi Aslanov “İnsan alverinə qarşı mübarizə üzrə 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq insan alverinə qarşı mübarizənin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən müvafiq dəyişikliklərdən, metodiki vəsaitlərin hazırlanmasından, qurbanlarla işin təkmilləşdirilməsindən, onlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmasından, aparılan təbliğat, mааrifləndirmə işlərindən danışıb. O, hesabat ilində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin də diqqət mərkəzində saxlanıldığını deyərək vurğulayıb ki, ABŞ Dövlət Departamentinin 2022-ci ilin iyun ayında insan alverinə qarşı mübarizəyə dair yayımladığı hesabatda ölkəmiz bir pillə irəliləyərək 2-ci sıra ölkələr siyahısında yer tutub, sənəddə ölkəmizin fəaliyyəti alqışlanıb.

Hesabat ilində həyata keçirilmiş müvafiq əməliyyat-axtarış tədbirlərinin nəticələrini diqqətə çatdıran idarə rəisi 2022-ci ildə 157 insan alveri, 3 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə 44 qanunsuz hərəkət üzrə cinayətin qeydə alındığını bildirib. Budan başqa insan alveri cinayəti törətdiklərinə görə 15 şəxs (2-si kişi, 13-ü qadın) məhkəmə məsuliyyətinə təqdim edilib. Onların məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 nəfərindən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hesabat ilində 94 insan alveri qurbanı (93 qadın, 1 kişi) müəyyən edilib və zərərçəkmişlərin reabilitasiyası, reinteqrasiyası üçün zəruri tədbirlərin görülüb.

Polis general-mayoru Həzi Aslanov çıxışının sonunda bu mühüm sahədə dövlət siyasətinin həyаtа keçirilməsində verdiyi dəstəyə, səmərəli əməkdaşlığa görə, parlamentə, vətəndаş cəmiyyətinə və mediaya təşəkkürünü bildirib.

Sənədin müzakirəsində deputatlar Razi Nurullayev, Naqif Həmzəyev, Vüqar İskəndərov, Jalə Əhmədova, Elşad Mirbəşiroğlu, Elman Nəsirov, QHT nümayəndələri Kəmalə Ağazadə, Mehriban Zeynalova, Sahib Məmmədov, Əliməmməd Nuriyev, Mahirə Əmirhüseynova, Gülayə Səfərova təqdim olunan illik məlumatı müsbət qiymətləndiriblər. Məsələ ilə bağlı çıxış edənlər insan alveri və məcburi əmək cinayətlərini doğuran səbəblər, cinayətlərin dinamikası, profilaktikası, insan alveri qurbanlarının reabilitasiyası, insan alverinə qarşı mübarizədə koordinasiyanın artırılması, həmçinin gender aspektinin, miqrasiya proseslərinin, eyni zamanda, internet və sosial şəbəkələrin insan alveri cinayətlərinin dinamikasına təsiri kimi məsələlərlə bağlı fikirlərini bildiriblər. Onlar sosial şəbəkələr üzərindən həyata keçirilən insan alveri hallarına, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsinə diqqətin artırılması kimi məsələlərlə bağlı rəylərini səsləndiriblər.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov qaldırılan məsələlərə aydınlıq gətirib, səsləndirilən sualları cavablandırıb.

Müzakirələrə yekun vuran İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitələrin birgə iclasının səmərəli və işgüzar şəraitdə keçdiyini deyərək Azərbaycanın insan alveri ilə mübarizə istiqamətində ciddi siyasi iradə nümayiş etdirdiyini vurğulayıb.

İclasın sonunda deputatlar İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Komitələrin birgə iclasında deputatlar Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Samir Zeynalov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU