Milli Məclisin iclasında

Plenar iclaslar
02 may 2023 | 18:20   
Paylaşın:        

Mayın 2-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

İclası açan spiker bildirib ki, Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 27-28-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olub. Səfərdə məqsəd Türk Dövlətləri Parlament Assambleyasının on ikinci plenar iclasında iştirak etmək idi.

Sahibə Qafarova qeyd edib ki, iclasda “Daha ədalətli dünya üçün parlament diplomatiyası: enerji, miqrasiya, ərzaq” mövzusu ətrafında müzakirələr aparılıb.

O, bildirib ki, öz çıxışında TÜRKPA-nın fəaliyyətinin ölkələrimiz arasında birlik və həmrəyliyin güclənməsinə parlament dəstəyini təmin etdiyini, eyni zamanda, türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında eşidilməsinə imkan yaratdığını qeyd edib, regionumuzda və daha geniş məkanda təhlükəsizlik, sabitlik və rifahın təmin edilməsində, miqrasiya proseslərinin mənfi nəticələrinin idarə olunmasında, zəngin neft-qaz ehtiyatlarımızın beynəlxalq bazarlara nəql edilməsində dövlətlərimizin əməkdaşlığının, məsuliyyətli davranışlarının, irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Spiker səfər çərçivəsində etdiyi çıxışında Azərbaycan torpaqları Ermənistanın işğalından azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq işləri barədə də məlumat verib. O, Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün Azərbaycanın göstərdiyi səylərə mane olan amilləri, o cümlədən Ermənistanın mina terrorunun davam etdiyini, onun yalan iddialar ilə beynəlxalq ictimaiyyəti aldatdığını, revanşist qüvvələrə meydan verdiyini, etnik zəmində nifrəti və irqi ədavəti təşviq etdiyini, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hərbi təxribatlar törətdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdığını deyib.

Milli Məclisin sədri bu təxribatların qarşısının alınması məqsədi ilə Azərbaycanın suveren hüququndan istifadə edərək beynəlxalq hüquq prinsipləri və normaları əsasında Laçın-Xankəndi yolunun başlanğıcında Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurduğunu da bildirib. 

Sahibə Qafarova qeyd edib ki, iclasda bir sıra mühüm qərarlar qəbul edilib. Xüsusən, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində TÜRKPA-nın müşahidəçi statusu alması ilə bağlı müraciət edilməsi məsələsi nəzərdən keçirilib və dəstəklənib. Bununla yanaşı, Türk Dövlətlərinin Parlament Assambleyasında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin müşahidəçi statusu əldə etməsi ilə bağlı müraciətinə baxılıb və Parlament Şəbəkəsinə Assambleyada müşahidəçi statusu verilib. Eləcə də, TÜRKPA-nın növbəti on üçüncü plenar iclasının gələn ilin may-iyun aylarında Azərbaycanda keçirilməsi qərara alınıb. Parlament Assambleyasının plenar iclası Ankara Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.

Milli Məclisin sədri bildirib ki, Ankaraya işgüzar səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü olub. Görüşdə qardaş dövlətlərimiz arasında münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın rolu ilə bağlı müxtəlif məsələlər nəzərdən keçirilib.

Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Bu günə qədər belə Saziş yox idi. Ona görə də bu Saziş imzalandı.

Spiker çıxışının sonunda nümayəndə heyətinin Ankaraya işgüzar səfərinin uğurlu keçdiyini deyib və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını bildirib.     

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədri Zahid Oruc, deputatlar Kamal Cəfərov, Mahir Abbaszadə, Elşad Mirbəşir oğlu, Aqil Məmmədov, Rüfət Quliyev, Elman Nəsirov, Ceyhun Məmmədov, Azay Quliyev, Əli Məsimli, Sabir Rüstəmxanlı çıxış ediblər.

Deputatlar Prezident İlham Əliyevin bu günlərdə Türkiyə Respublikasına işgüzar səfərini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakını yüksək qiymətləndiriblər. Onlar Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmləndiyini, ölkələrimizin etibarlı tərəfdaş olduğunu vurğulayıblar.

Millət vəkilləri çıxışlarında La­çın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasının  milli və regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər. Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi mina terroru, onun xüsusilə dinc əhali arasında qurbanlarının sayının artması ilə bağlı fikirlərini səsləndiriblər, bu haqsızlığa beynəlxalq ictimaiyyət tərəfindən münasibət bildirilməsinin vacibliyini qeyd ediblər.

Deputatlar gündəmdə olan digər aktual mövzular barədə də fikirlərini açıqlayıblar, seçiciləri narahat edən məsələlərdən bəhs ediblər.

Sonra spiker Sahibə Qafarova bildirib ki, iclasda 17 məsələ müzakirə olunacaq və gündəliyin birinci məsələsi İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlıdır.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məsələ barədə məlumat verib. O, qeyd edib ki, İctimai Televiziya və Radio Yayımı haqqında Qanuna uyğun olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddəti başa çatdığına görə, yeni namizədlərin irəli sürülməsi ilə bağlı Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən təşkilati tədbirlər görülüb.

Diqqətə çatdırılıb ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AHİK-in katibi, Aparat rəhbəri Cəfərov Həsən Şahhüseyn oğlu, AHİK-də mütəxəssis vəzifəsində çalışan Talıbov Əzim Zahid oğlu, Azərbaycan Milli Elmlər Akademiyasından AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Kərimli Teymur Həşim oğlu, AMEA-nın Rəyasət Heyətinin elmi katibi Xavəri Sərxan Abbas oğlu, Azərbaycan Mətbuat Şurasından isə Həsrət Azər Hacıqulu oğlu və Fərəcov Aqil  Ələsgər oğlu yeni namizədlər olaraq irəli sürülüblər.

Komitə sədri televiziyaların, o cümlədən İctimai Televiziyanın fəaliyyətinin dövlətimiz və cəmiyyətimiz üçün əhəmiyyətindən danışıb. O, cəmiyyətin maarifləndirilməsində, bədii zövqün formalaşdırılmasında, informasiya xidmətinin göstərilməsində, azərbaycançılıq ideologiyasının təbliği və Azərbaycan dilinin qorunması istiqamətində televiziyaların üzərinə düşən vəzifələrdən bəhs edib.

Məsələ ətrafında müzakirələrdə çıxış edən komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Razi Nurullayev, Bəhruz Məhərrəmov, Etibar Əliyev, Sahib Alıyev, Ceyhun Məmmədov, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli ölkəmizdə fəaliyyət göstərən televiziyaların mövcud durumu, televiziya proqramlarının keyfiyyəti barədə fikirlərini və bəzi qeydlərini  səsləndiriblər.

Müzakirələrin yekununda Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə üç təşkilatın hərəsindən 2 nəfər olmaqla 6 nəfərin namizədliyi göstərilib və biz onlardan üç nəfəri seçməliyik.

Sonra təqdim olunan namizədlərlə bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Həsən Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasından Teymur Kərimli, Azərbaycan Mətbuat Şurasından Azər Həsrət İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər.

Sahibə Qafarova Yayım Şurasının yeni üzvlərini təbrik edib və onlara uğurlar arzulayıb. O, Milli Məclisin sədri kimi yeni seçilmiş üzvlərə bəzi tövsiyələrini çatdırıb, deputatlar tərəfindən səsləndirilən bir sıra fikirlərə diqqət yetirmələrini söyləyib.

Sonra parlamentin spikeri gündəliyin növbəti 5 məsələsinin üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihələri olduğunu deyib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, məsələyə komitə iclasında üçüncü oxunuşda baxıldığını və plenar iclasa tövsiyə edildiyini söyləyib, layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdiyi suallara yazılı şəkildə arayışın təqdim edildiyini deyib. Qeyd olunub ki, sənədlə bağlı əlavə təklif və rəy daxil olmayıb.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, sənəd barədə birinci və ikinci oxunuşlarda geniş məlumat verildiyini söyləyərək, səsə qoyulmasını xahiş edib. Layihədə "Notariat haqqında" Qanuna təklif edilən dəyişikliklərlə əlaqədar uyğunlaşdırma xarakterli düzəlişlər nəzərdə tutulub.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

Sonra millət vəkili Nurlan Həsənov “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verərək, sənədə dair əlavə rəy və təklifin daxil olmadığını deyib və səsə qoyulmasını xahiş edib.

Layihəyə əsasən, notarius tərəfindən kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin təsisçi səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətlərinin aparılması zamanı lazım olan məlumat və sənədlərin tələb edilməsinin hüquqi əsasları təkmilləşdirilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Deputat Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, “Notariat haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü  oxunuş) qanun layihəsini də təqdim edib. O, sənəd barədə  birinci və ikinci oxunuşda geniş məlumat verildiyini deyib və olduğu kimi səsə qoyulmasını xahiş edib.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu məsələ ilə bağlı rəhbərlik etdikləri komitələrin  müsbət rəy verdiklərini deyiblər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, əvvəlki oxunuşlar zamanı sənədlə bağlı hər hansı təklifin daxil olmadığını bildirib.

Sənəddə adı çəkilən qanunların "Normativ hüquqi aktlar haqqında"  Konstitusiya Qanununun tələblərinə uyğun olaraq təkmilləşdirilməsi, onların müddəalarının qanunvericilik texnikasının parametrlərinə uyğunluğunun təmin edilməsi nəzərdə tutulub.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev sənəd barədə bu komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova gündəlikdəki növbəti 11 məsələnin birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələri olduğunu söyləyib. O, növbəti məsələnin “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu deyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib. O, müasir şəraitdə minaların və müharibənin partlayıcı qalıqlarının dünyanın bir çox regionlarında, ilk növbədə mülki əhalinin həyat və sağlamlığına, habelə inkişafa, tərəqqiyə ən ciddi təhdid olduğunu qeyd edib. Azərbaycanın dünyada minalarla çirkləndirilən ölkələr sırasında birinci yerlərdən birini tutduğunu deyib.

Deputat diqqətə çatdırıb ki, Ermənistanın törətdiyi beynəlxalq cinayətlərin bariz nümunəsi olan minalama fəaliyyəti nəticəsində 3377 nəfər vətəndaşımız zərər çəkib, onlardan 358 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci il noyabrın 10-dan, yəni Üçtərəfli Bəyannamə imzalandığı tarixdən bugünədək 140 mülki şəxs və 161 nəfər hərbi qulluqçu, ümumilikdə 301 nəfər mina partlayışları nəticəsində həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra 77890 hektar ərazi minalardan təmizlənib, 87 min mina və partlamamış hərbi sursat aşkarlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu istiqamətdə öz fəaliyyətini davam etdirir.

Minatəmizləmənin mühüm fəaliyyət növü olduğunu deyən millət vəkili bildirib ki, bu sahədə fəal iştirak edən, səmərəli əməkdaşlığa əhəmiyyətli töhfə verən, dövlətin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində xidməti olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif oluna bilərlər.

Deputat Razi Nurullayev məsələ ilə bağlı fikirlərini, bəzi qeyd və təkliflərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, layihədə "İctimai iştirakçılıq haqqında" Qanunda istifadə edilən termin və anlayışların "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə uyğun olaraq aydın və birmənalı ifadə edilməsini təmin etmək üçün müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Təklif olunan dəyişikliklərin dəstəklənməsi ölkədə qərar qəbulu prosesində vətəndaşların iştirakının daha da genişlənməsinə, ictimai nəzarət mexanizminin  təkmilləşdirilməsinə, ictimai iştirakçılığın təmin olunmasına məsul olan dövlət orqanlarının cavabdehliyinin artırılmasına xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, bildirib ki, layihə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən təqdim edilib. Məqsəd Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun fəaliyyətinin təmin edilməsi ilə əlaqədar təsis edilən yeni vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna uyğun olaraq təsnifləşdirilməsidir. Bununla bağlı "Dövlət qulluğu haqqında" Qanunda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnaməyə görə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsidir. Səlahiyyətli nümayəndəliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi rəhbərlik edir. Səlahiyyətli nümayəndənin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Səlahiyyətli nümayəndə, onun müavinləri, səlahiyyətli nümayəndəliyin əməkdaşları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşlarıdır.

Layihədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinin birinci təsnifata, səlahiyyətli nümayəndənin müavinləri vəzifəsinin ikinci təsnifata, nümayəndəlikdəki mütəxəssis vəzifələrinin isə üçüncü təsnifata aid edilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Qüdrət Həsənquliyev və Erkin Qədirli bəzi qeydlərini açıqlayıblar. Birinci vitse-spiker Əli Hüseynli səsləndirilən fikirlərə münasibət bildirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O, layihədə adları göstərilən qanunlara təklif edilən dəyişikliklərin uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli olduğunu deyib. Sənəddə, eyni zamanda, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi məqsədləri üçün torpaq sahələrinin əldə edilməsinin xüsusiyyətləri, müqavilələrin bağlanması şərtləri və müvafiq icra orqanlarının səlahiyyətləri ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu söyləyib. Komitə sədri bildirib ki, qanunlara ediləcək dəyişikliklərə əsasən, bələdiyyə torpaqları bu məqsədlər üçün dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsal etmək istəyən fiziki və hüquqi şəxslərin icarəsinə birbaşa, yəni müsabiqə və hərrac keçirilmədən veriləcək. Həmçinin enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində inşa ediləcək elektrik stansiyalarının tikintiyə icazə icraatı üçün tikinti layihəsi şəhərsalma sənədlərinə uyğun hesab ediləcək və aidiyyəti üzrə dövlət orqanlarının rəyinə ehtiyac olmayacaq.

Nurlan Həsənov Hüquq siyasəti və dövlət quruculuğu, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya, Siyavuş Novruzov Regional məsələlər komitələrinin məsələ ilə bağlı müsbət rəylərini diqqətə çatdırdıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib.

O, diqqətə çatdırıb ki, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının daha səmərəli və effektiv qorunmasını təmin etmək məqsədilə qanunun 18.3-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanlar, məhkəmədə yalnız prokurorun iştirakı təmin edilmiş hallarda məhkəmənin qərarına əsasən daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzlərinə yerləşdirilə bilərlər.

Qanunun 22-ci maddəsi isə Cinayət-Prosessual Məcəlləsinin 435-1-ci maddəsinə uyğunlaşdırılır. Belə ki, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinin prosessual qaydaları bu  Məcəllənin 435-1-ci maddəsi ilə ətraflı olaraq tənzimlənir.

Deputat Fəzail Ağamalı məsələ barədə bəzi fikirlərini diqqətə çatdırdıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin son 6 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu söyləyib. Spiker diqqətə çatdırıb ki, gündəliyin 12-ci məsələsi Azərbaycan Respublikasının Ailə Məcəlləsində, 13-cü məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, 14-cü məsələsi “Sosial müavinətlər haqqında” Qanunda, 15-ci məsələsi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda, 16-cı məsələsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda, 17-ci məsələsi “Sosial xidmət haqqında” Qanunda dəyişikliklər edilməsi barədə birinci oxunuşda olan qanun layihələridir.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 12-ci və 15-ci məsələləri – Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

O, bildirib ki, Azərbaycan Prezidenti “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2022-ci il 15 fevral tarixli Fərman imzalayıb. Fərmanda  himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqi, habelə bu sahə ilə bağlı müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Bununla əlaqədar olaraq, Ailə Məcəlləsinə təklif olunan dəyşikliklər  himayədar ailə institutunun tətbiqi, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirilmə prosesinin təkmilləşdirilməsi, onların müəssisələrə düşməsinin qarşısının alınması, bioloji ailələrinə qaytarılması məsələlərinin hüquqi tənzimlənməsini özündə ehtiva edir.

Qeyd edilib ki, layihədə beynəlxalq normativ hüquqi aktlardan, habelə övladlığagötürmə sahəsində qanunvericilik və institusional baxımdan əldə edilmiş təcrübədən istifadə edilib. Sənəddə himayədar ailə olmaq istəyən şəxslərin və himayədar ailə qayğısında olan uşaqların vahid elektron uçotu, himayədar ailələrin yaranması, himayədar valideyn-namizədlərlə  müsahibələrin,  təlimlərin  keçirilməsi,  uyğunlaşdırma   mərhələsi, himayədar valideynlərlə müqavilə bağlanması, habelə himayədar valideyn olmaq istəyən şəxslərə dair tələblər, himayədar valideynlərin hüquq və vəzifələri, himayədar ailəyə verildikdən sonra uşağın monitorinqi və digər məsələlər öz əksini tapıb.

Komitə sədri diqqətə çatdırıb ki, layihədə valideyn himayəsindən məhrum olan uşaqların  yerləşdirilməsi ilə bağlı çevik bir mexanizm təsbit olunur. Daha bir mühüm məqam ondan ibarətdir ki, uşaq aşkar olunan zaman onun sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda və təcili yerləşdirilməsi zərurəti yarandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan bu Məcəllənin 116.1-ci maddəsinə uyğun olaraq ilkin qiymətləndirməni aparmadan uşağın təcili yerləşdirilməsi ilə bağlı qərar qəbul edir. Həmçinin, təklif olunan yeni  əlavə  və dəyişikliyə əsasən, bu orqan uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının və yaxud ailəsində qalmasının mümkünlüyünü müəyyən etdikdə, 14 iş günü müddətində əlavə qiymətləndirmənin aparılması və ailə inkişaf planını tərtib edir.

Hicran Hüseynova bildirib ki, təklif olunan dəyişikliklərin qəbulu himayədar ailə institutunun uğurlu tətbiqinə, valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələşməsinin qarşısının alınmasına, bununla da həmin uşaqların ailə mühitində tərbiyə alma imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Qeyd olunub ki, "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihəsinin qəbulu ilə əlaqədar "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda dəyişiklik edilməsi nəzərdə tutulub. Layihədə himayədar valideyn (himayədar ailə) anlayışının, habelə himayədar ailəyə verilmiş uşaqların sosial müdafiəsi ilə əlaqədar müddəaların əlavə edilməsi təklif olunur.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov 13-cü və 16-cı məsələlər – Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri barədə məlumat verib. O, bildirib ki, hər iki layihə "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb.

Mülki Məcəllədə nəzərdə tutulan dəyişikliklər qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsinə yönəlib. Sənəddə uşaqlara qəyyum və himayəçinin təyin edilməsinin müəyyən prosedur və vaxt tələb etməsini nəzərə alaraq, həmin müddətdə uşağın qəyyumluq və ya himayəçilikdən kənarda qalmaması üçün bu funksiyanın həyata keçirilməsinin müvafiq icra hakimiyyəti orqanına həvalə olunması nəzərdə tutulur.

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna təklif olunan dəyişikliklərdə himayədar valideynə (himayədar ailəyə) verilmiş valideyn himayəsindən məhrum olmuş uşaqların həmin himayədar valideynin (himayədar ailənin) yaşayış yeri üzrə qeydiyyatının aparılması nəzərdə tutulur.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 14-cü və 17-ci məsələləri – “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini diqqətə çatdırıb.

O, bildirib ki, “Sosial müavinətlər haqqında” qanunun 5 maddəsinə 11 dəyişiklik təklif olunur. Dəyişikliklər mahiyyət etibarı ilə Ailə Məcəlləsinə edilən dəyişikliklərə uyğunlaşma xarakteri daşıyır və 2 yeni müavinət növünün təsis edilməsinə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edir. Qeyd olunub ki, qanunun 4-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən,  himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinət və himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinət növü təsis edilir. Aylıq müavinət himayədar ailəyə verilmiş uşaq 18 yaşına çatanadək hər ay olmaqla, birdəfəlik müavinətin isə ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) verilməsi nəzərdə tutulur. Müavinətin verilməsi və dayandırılması himayədar ailə ilə müvafiq icra hakimiyyəti orqanı arasında bağlanmış müqavilə əsasında tənzimlənir. Aylıq və birdəfəlik müavinət müqavilə əsasında himayədar valideynlərdən birinə təyin edilir.

Komitə sədri deyib ki, “Sosial xidmət haqqında” qanuna təklif olunan dəyişikliklər də Ailə Məcəlləsinə təklif edilən dəyişikliklərə uyğunlaşdırma ilə bağlıdır və texniki xarakter daşıyır.

İclasda komitə sədri Siyavuş Novruzov təqdim olunan layihələr barədə fikirlərini açıqlayaraq, bu sənədlərdə təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu söyləyib.

Sonra təqdim olunan son 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU