Səhiyyə komitəsinin iclasında

Komitə iclasları
29 mart 2023 | 17:22   
Paylaşın:        

Martın 29-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

İclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə iki məsələ daxil edilib. Bunlar “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) və cari məsələlərin müzakirəsidir. Komitə sədri birinci məsələ ilə bağlı məlumat vermək üçün sözü Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə təqdim edib.

Adil Vəliyev qanun layihəsində 3 istiqamətdə dəyişikliklərin təklif edildiyini bildirib. 1-ci istiqamət üzrə (1.0.25-ci, 6-1.2-ci və 9.5-ci maddələr) təklif olunan dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərman vasitələrinin ekspertizasının hansı hallarda aparılmasını müəyyən etdikdən sonra həmin hallar nəzərə alınaraq, Azərbaycan Respublikasına dərman vasitələrinin idxalını müvafiq icra hakimiyyəti orqanı, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr həyata keçirirlər.

2-ci istiqamət üzrə dəyişiklik qanunun 6.6-cı maddəsini əhatə edir. Təklifə əsasən, “müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilmir”. Layihədə 3-cü istiqamət üzrə təklif olunan dəyişiklikdə isə texniki xarakterli düzəlişlər öz əksini tapıb.

Sonra komitə sədri Əhliman Əmiraslanov layihə ilə bağlı fikirlərini bölüşüb. O, sənədi parlamentin Səhiyyə komitəsini də həmişə narahat edən bir məsələnin həlli - ölkəyə gətirilən dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi və asanlaşdırılması istiqamətində irəliyə atılan mühüm addım kimi dəyərləndirib. Diqqətə çatdırılıb ki, dəyişikliyə əsasən, ölkədə dərman preparatının hər hansı bir forması qeydiyyatdan keçibsə, həmin preparatın digər həb, suspenziya, məhlul kimi digər formaları da qeydiyyatdan keçmiş sayılır və onları da əlavə icazə almadan idxal etmək olar. Dərmanların keyfiyyəti, təminatı və qiyməti kimi aktual məsələlərə toxunan Əhliman Əmiraslanov dərman vasitələri ilə bağlı hökumət tərəfindən müvafiq layihə hazırlandığını diqqətə çatdırıb. O, qazilərin, şəhid ailəsi üzvlərinin və aztəminatlı vətəndaşların ambulator müalicəsində dərmanlarla təminatı ilə bağlı fikirlərini səsləndirib.

Qanun layihəsinin müzakirəsində Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri Müşfiq Məmmədli, Kamilə Əliyeva, Kəmaləddin Qafarov, Soltan Məmmədov, İlham Məmmədov və Sədaqət Vəliyeva təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra iclasda cari məsələlərin müzakirəsi keçirilib. Deputatlar komitədə dinləmələrin keçirilməsi vaxtı və hazırlığı, həmçinin səhiyyənin bəzi aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU