Milli Məclisin plenar iclasında

Plenar iclaslar
07 mart 2023 | 17:57   
Paylaşın:        

Martın 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Gündəliyin təsdiqindən sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, erməni silahlı birləşmələri tərəfindən qanunsuz istifadə edilən Xankəndi-Xəlfəli-Turşsu yolunda martın 5-də təxribat törədilmişdir. Bu hadisə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatının bütün bəndlərinin tamamilə və qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir. Təxribatın qarşısının alınması zamanı bizim iki əsgərimiz şəhid olmuşdur. Yaralanan hərbçimiz var. 

Spiker şəhidlərimizə Allahdan rəhmət, yaralanan hərbi qulluqçumuza isə şəfa diləklərini ifadə edib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bugünkü iclasın gündəliyinə bir çox məsələlər daxil edilib. O, gündəliyin birinci məsələsinin Milli Məclisin qərar layihəsi olduğunu deyib. Qeyd edib ki, qanunvericiliyə uyğun olaraq bugünkü iclasda İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsi dinləniləcək.

İclasda iştirak edən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva illik məruzəni təqdim edib.

Ombudsman bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsindən sonra ölkəmiz sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub. Müasir çağırışlara cavab verən, uğurla icra olunan müxtəlif layihələr vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edir. Qeyd edilib ki, ölkədə dövlət idarəçiliyi sistemində həyata keçirilən davamlı islahatlar, sosial-iqtisadi həyatın bütün sahələrində qanunçuluğun və şəffaflığın təmin olunması üçün atılan addımlar, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi,  dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, ictimai nəzarətin genişləndirilməsi məqsədi ilə görülən işlər insan hüquqlarına və qanunların aliliyinə hörmətin artmasında, hüquq bərabərliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır.

O, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə yaradılmış, ötən il 20 illik yubileyini qeyd edən, öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət prinsipləri əsasında quran Ombudsmanın ölkə Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması, dövlətimizin beynəlxalq nüfuzunun artması istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini söyləyib. O, bildirib ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə ölkə Prezidenti tərəfindən 2023-ci ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq təsisat tərəfindən Ümummilli liderin insan hüquqlarının müdafiəsinə verdiyi töhfələrlə bağlı silsilə tədbirlərin təşkili nəzərdə tutulub.

Sonra Səbinə Əliyeva diqqətə çatdırıb ki, 2022-ci ildə Ombudsmanın ünvanına 28.525 müraciət daxil olub. Həmin müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada baxılıb, onların həlli istiqamətində aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, o cümlədən Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət qurumlarına müraciətlər edilib, təklif və tövsiyələr verilib, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılmasına, pozulmuş hüquqların bərpasına nail olunub.

Vətəndaşların layiqli həyat səviyyəsinin və rifah halının yüksəldilməsi məqsədilə onların məşğulluğunun təmin edilməsinə diqqətin artırılmasından danışan Ombudsman qeyd edib ki, məşğulluq orqanları vətəndaşların işlə təmin edilməsi prosesini nəzarətdə saxlamalı, vakant iş yerləri ilə bağlı işəgötürənlər tərəfindən təqdim edilən məlumatların formal xarakter daşımasının qarşısı alınmalı, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməli, vətəndaşlara verilən imtina cavablarının səbəbləri araşdırılaraq nəticəsindən asılı olaraq ciddi tədbirlər görülməlidir. Habelə, kiçik sahibkarlığa həvəs göstərən vətəndaşların şəxsi və ailə biznesini qurması yönümündə təşəbbüslərinin özünüməşğulluq proqramının genişləndirilməsi vasitəsilə dəstəklənməsi, illik məruzədə öz əksini tapmış problemlərin həlli istiqamətində tədbirlərin görülməsi məqsədəmüvafiqdir.

Məruzəçi aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi mexanizminin təkmilləşdirilməsinə də ehtiyac olduğunu deyib. O, əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsinin əhəmiyyətindən bəhs edib. O, imtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının növlərinin və əvəzedicilərinin sayının artırılması, ehtiyacı olan insanların, xüsusilə aztəminatlı şəxslərin dərman vasitələrinin qiymətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tədbirlərin zəruriliyini qeyd edib.

Ombudsman təhsil sistemi ilə bağlı fikirlərini açıqlayaraq, orta məktəb şagirdlərinə verilən əsas tədris vəsaitləri ilə yanaşı, tədris proqramının ayrılmaz tərkib hissəsi olan əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, məktəblərdə psixoloq ştatlarının artırılması, təhsil sistemində mediasiya institutunun tətbiq olunması məsələlərindən danışıb.

Məruzədə bildirilib ki, insanların mülkiyyət, mənzil və təhlükəsiz yaşamaq kimi hüquqlarının etibarlı müdafiəsi, habelə təmas sahəsində yerləşən evlərdə yaşayan sakinlərin təhlükəsizliyinin təmini, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizənin genişləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, bu sahəyə nəzarətin gücləndirilməsi neqativ halların qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.

Səbinə Əliyeva hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı məqamlara toxunaraq,  məhkəmə bildirişinin tərəflərə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilmədiyini, məhkəmə qərarının surətinin tərəflərə vaxtında göndərilmədiyini və bununla da yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququnun məhdudlaşdırıldığını, məhkəmə qərarlarının icrasına məhkəmə nəzarətinin qənaətbəxş olmadığını qeyd edib.

Nəzərə çatdırılıb ki, Ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraitinin, rəftar məsələlərinin, sənədləşmənin, habelə daxil olmuş müraciətlərin araşdırılması məqsədilə il ərzində 201 başçəkmə həyata keçirilib. Başçəkmələr zamanı 2025 şəxslə konfidensial görüş keçirilib. Onlardan 36-sı Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Ombudsmana görüş xahişi ilə bağlı ünvanlanan məktubda adları qeyd edilən şəxslər olub. Məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətləri nəzərə alınaraq, müntəzəm şəkildə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciətlər olunub. Fəaliyyət dövründə Ombudsmanın vəsatəti ilə ümumilikdə 805, 2022-ci ildə isə 31 məhkum əfv edilib.

Bildirilib ki, Ombudsmanın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə təşkil edilmiş beynəlxalq əhəmiyyətli tədbirlərlə yanaşı, Ombudsmanın və aparat əməkdaşlarının xarici ölkələrdə keçirilmiş beynəlxalq tədbirlərdə iştirakı insan hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübə mübadiləsi, Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistanın etnik təmizləmə və nifrət siyasəti nəticəsində öz ata-baba yurdundan qovulan, ev-eşiyindən, əmlakından məhrum edilən, Azərbaycanda məskunlaşan soydaşlarımızın hüquqlarının müdafiəsi məsələlərinin təbliği və dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olub. Qeyd edilib ki, işğaldan azad olunan ərazilərdə aparılan araşdırmalar nəticəsində əldə olunan dəlil və sübutlar, aşkar edilmiş kütləvi məzarlıqlar Ermənistan hakimiyyətinin cinayətkar üzünü ifşa edən, həmin ərazilərdə törədilmiş insanlıq əleyhinə və müharibə cinayətlərinə cavabdeh olan Ermənistanın ədalət mühakiməsinə cəlb olunması zərurətini yaradan materiallar əsasında Ombudsman tərəfindən hazırlanmış hesabatlar aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib. Ekoloji terrorun aradan qaldırılması ilə bağlı aksiya keçirən vətəndaşlarımıza dəstək ifadə edən Ombudsman dünya ictimaiyyətini insan hüquqlarının müdafiəsinə xidmət edən bu aksiyaya dəstək verməyə çağırıb. Bununla yanaşı, bu il Ombudsmanın Qərbi Azərbaycan İcması ilə səmərəli əməkdaşlığı da prioritet istiqamətlərdən birini təşkil edəcək.

Ombudsman bildirib ki, əhalinin hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə illik məruzədə əksini tapmış təklif və tövsiyələrin ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində öz həllini tapması insanların layiqli həyat şəraitinin təmin olunmasına, vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək.

Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi ilə bağlı rəhbərlik etdiyi komitənin rəyini səsləndirib.

Qeyd edilib ki, məruzədə ilk diqqətçəkən məqam 2022-ci ildə Ombudsmana 28525 müraciətin daxil olmasıdır. 2021-ci illə müqayisədə bu,  2567 müraciət azdır. Təklif və tövsiyələrin 10 səhifə təşkil etməsi təqdirəlayiqdir. Analitik fəaliyyətə məsuliyyətlə yanaşıldığı, fəaliyyətin təkmilləşdirilməsi yöndə addımların atılması müsbət haldır. Məruzənin mətninin ilk dəfə olaraq infoqrafik məlumatlarla müşayiət olunması, statistik mənzərənin daha aydın şəkildə təqdim edilməsi baxımından təqdirəlayiqdir.

Komitə sədri bildirib ki, ötən il ölkəmizdə institusional islahatlar baxımından Qarabağda yeni inzibati iqtisadi bölgələrin yaradılması, xüsusi nümayəndəlik institutunun təsisi və onun azad olunan torpaqlardan kənara, Naxçıvana da tətbiq edilməsi idarəetmə sistemində köklü dəyişikliklərlə yanaşı, azad edilən ərazilərdə insan haqlarının da yurisdiksiyamıza daxil olduğunu təsdiqləyir. O, qeyd edib ki, cari il martın 1-də Xocalıda təşkil olunmuş görüş Xankəndində yaşayan ermənilərlə birgə yaşayışa dair Sərsəngdən sonra ilk addım sayıla bilər. Belə vəziyyət Ombudsman institutunun fəaliyyətinin coğrafiyasını genişləndirməklə yanaşı, reinteqrasiya istiqamətində həyata keçirilən tədbirlərdə aktivlik tələb edəcək.

Zahid Oruc məruzədə müsbət həll olunan şikayətlərdən nümunələr göstərildiyini deyərək, ən çox insan haqlarını pozan orqanların adlarının verilməsinin vacibliyindən danışıb. O, deyib ki, sağlamlığın qorunması və tibbi xidmətlərin həyata keçirilməsi son iki ildə ön yerdə olub. Ötən il sərhədlərin açılmaması vətəndaşları narahat etməyə davam edib. O, sənəddə məhkumların azadlıqdan məhrumetmə yerlərində vəziyyətilə bağlı narahatlıqların  əks olunduğunu, habelə, ölkədə hüquq müdafiəçilərinin fəaliyyətinin normativ bazasının  gücləndirilməsi ilə bağlı fikirlərini söyləyib.

Komitə sədri vətəndaş hüquqlarının dövlət və qanun tərəfindən qorunmasının vacibliyini qeyd edərək, son illərdə insanların ən çox  sosial hüquqlara önəm verdiyini, mənzil-kommunal sistemində problemlərin hələ də mövcud olduğunu, vətəndaşların tikinti şirkətləri tərəfindən hüquqlarının pozulmalarına dair şikayətlərin artdığını deyib. Bu problemlərin həlli ilə bağlı  Ombudsmanın fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Zahid Oruc bu gün beynəlxalq münasibətlərdə olan gərginlik şəraitində işləməyin çətinliyindən danışaraq, İnsan hüquqları üzrə müvəkkilin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdığını qeyd edib. O, müvəkkilin insan hüquqları diplomatiyası sahəsində parlamentin imkanlarından bəhrələndiyini də söyləyib.

Çıxışının sonunda Zahid Oruc rəhbərlik etdiyi komitənin İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsinə müsbət rəy verdiyini bildirib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Deputatlar Kamilə Əliyeva, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Fazil Mustafa, Etibar Əliyev, Razi Nurullayev, Vüqar Bayramov, Vahid Əhmədov məruzə ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Sonra  iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, Ermənistanın Azərbaycan ərazisində Xankəndi-Xələfli-Turşsu torpaq yolunda törətdiyi silahlı təxribatın qarşısı alınarkən bizim şəhidlərimiz və yaralanan hərbçimiz olub. O, Ombudsman təsisatının bu ciddi insan haqları pozuntusunun beynəlxalq ictimaiyyətə çatdırılması üçün səylərini əsirgəməyəcəyinə əminliyini bildirib.

Sonra parlamentin sədri deyib ki, gündəliyin növbəti 4 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. 2-ci və 3-cü məsələlər Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib. O, bu sənədlərin hər iki oxunuşda Milli Məclisdə ətraflı müzakirə edildiyini deyərək,  hər iki layihənin əsas mahiyyətinin adıçəkilən Fondların investisiya fəaliyyətinə hüquqi əsaslar yaratmaqla bağlı olduğunu və mətnlərində heç bir dəyişikliyin olmadığını söyləyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, “Media haqqında” qanunun qəbulundan sonra bir sıra qanunlarda uyğunlaşdırma xarakterli  dəyişikliklərin edildiyini, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərin də həmin qəbildən olduğunu bildirib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verib. O, sənədin media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məqsədi daşıdığını söyləyib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 8 məsələsi ikinci oxunuşda olan qanun layihələridir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektroenergetika haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib.

O, bildirib ki, qanun layihəsinin əsas məqsədi elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləmək, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etməkdir. O, qeyd edib ki, qanunun qəbulu ölkəmizdə rəqabət mühitində və antiinhisar siyasətində rəqabətli və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək.

Deputatlar Vüqar Bayramov, Razi Nurullayev, Vahid Əhmədov, Elman Nəsirov, Fazil Mustafa sənəd barədə fikirlərini və bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra spiker bildirib ki, növbəti 4 məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Bunlar ikinci oxunuşda müzakirəyə çıxarılan “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda, 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə və “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Qanunun ləğv edilməsi barədə qanun layihələridir.

Layihələrlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. O, bildirib ki, layihələr haqqında birinci oxunuşda ətraflı məlumat verilib, deputatların sualları cavablandırılıb və komitəyə sənədlərlə bağlı hər hansı bir təklif daxil olmayıb.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin son 3 məsələsinin də Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu bildirib və 11-ci məsələ -  Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat vermək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərova söz verib.

Kamal Cəfərov diqqətə çatdırıb ki, birinci oxunuşda layihə ilə bağlı ətraflı məlumat verilib, deputatların sualları cavablandırılıb və sənədin mətnində heç bir dəyişiklik aparılmayıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məsələ barədə bu komitənin rəyini səsləndirib, komitəyə sənədlə bağlı heç bir təklifin daxil olmadığını bildirib.

Deputatlar Elşad Mirbəşir oğlu və Sabir Rüstəmxanlının fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

12-ci məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. O, bildirib ki, “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihəsi Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə uyğun olaraq hazırlanıb və layihə ilə bağlı heç bir irad və təklif komitəyə daxil olmayıb.

Gündəliyin sonuncu məsələsi olan “Qiymətli kağızlar bazarı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. O, bildirib ki, bu sənəd də Miqrasiya Məcəlləsinə edilən dəyişikliklə əlaqədardır. Belə ki, təklif olunan yeni 28.4-cü maddədə bildirilir ki, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin investisiya qiymətli kağızları, o cümlədən dövlət qiymətli kağızları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İclasa yekun vuran spiker Sahibə Qafarova bildirib ki, bu gün Yel çərşənbəsidir. O, bu əziz gündə deputatlara və media nümayəndələrinə səmimi təbriklərini çatdırıb, onlara və ailələrinə möhkəm can sağlığı və xoşbəxtlik arzulayıb.

Milli Məclisin sədri qeyd edib ki, sabah isə biz Qadınlar Gününü qeyd edəcəyik. Azərbaycanda tarixin bütün dövrlərində qadınlar böyük hörmət və qayğı ilə əhatə olunub və Ana həmişə müqəddəs varlıq sayılıb.

Azərbaycan qadınının boya-başa çatdırdığı qəhrəman övladlar 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadıblar.

Spiker Sahibə Qafarova təklif edib ki, 8 Mart – Qadınlar Günü münasibəti ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu ünvanlayaq, ona dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayaq. Spikerin bu təklifi alqışlarla qarşılanıb.

Sahibə Qafarova bayram münasibəti ilə Milli Məclisin qadın deputatlarını və əməkdaşlarını, iclası işıqlandıran jurnalist xanımları, bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edib, onlara möhkəm can sağlığı, firavanlıq və ailə səadəti arzulayıb.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU