İnsan hüquqları komitəsinin iclasında

Komitə iclasları
03 mart 2023 | 18:29   
Paylaşın:        

Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

İclası açan komitənin sədri Zahid Oruc məlumat verib ki, gündəliyə bir məsələ - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2022-ci il üzrə məruzəsinin müzakirəsi daxil edilib.

Məsələ ilə bağlı çıxışında komitə sədri Ombudsman təsisatının Azərbaycanın ictimai-siyasi və hüquqi həyatında öz yerini tutmasından söz açıb, bu quruma cəmiyyətdə inamın artdığını qeyd edib. Komitə sədri bir sıra hüquqların təmini sahəsində ombudsman tərəfindən həyata keçirilən fəaliyyətlə bağlı fikirlərini bölüşüb. O, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə - müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına və penitensiar xidmətin müəssisələrinə, o cümlədən internat tipli təhsil müəssisələrinə ombudsman təsisatı tərəfindən başçəkmələrin həyata keçirilməsini bu sahədə insan hüquq və azadlıqlarının təmininin araşdırılması, problemlərin üzə çıxarılması baxımından yüksək qiymətləndirib.

Komitə sədri məruzədə yer alan insan hüquqları sahəsində milli fəaliyyət proqramının hazırlanıb qəbul edilməsi, məhkəmə qərarlarının icrası mexanizmlərinin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı təkliflərin əhəmiyyətli olduğunu söyləyib. O, ombudsmanın məruzəsində sosial təminat və pensiya, qadın və uşaq, şəhid ailələri və müharibə veteranlarının hüquqlarının təminatı kimi məsələlərin diqqətdə saxlanıldığını qeyd edib. Həmçinin qurumun post-müharibə dövründə Ermənistan tərəfindən insan hüquqlarının, həmçinin beynəlxalq humanitar hüququn pozulması faktlarının müəyyən edilməsi ilə bağlı həyata keçirilmiş tədbirlərini təqdirəlayiq hesab edib.

İclasda İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, komitə üzvləri Jalə Əhmədova, Fazil Mustafa, Razi Nurullayev, Elşad Mirbəşir oğlu, Hikmət Məmmədov, Elman Nəsirov, QHT nümayəndələri Mirvari Qəhrəmanova, Əhməd Abbasbəyli, Rəsul Cəfərov, Kəmalə Aşumova, Niyaməddin Orduxanlı, Sahib Məmmədov, Eyyub Hüseynov müzakirəyə çıxarılan hesabatla bağlı çıxış ediblər, insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri ilə bağlı fikirlərini bildiriblər. Millət vəkilləri sahibkarların, əhalinin həssas qruplarının, məhbusların hüquqlarının müdafiəsi, həmçinin Ermənistandan deportasiya olunan və qaçqın düşən azərbaycanlıların hüquqlarının bərpası istiqamətlərinin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıblar. Deputatlar məruzədə irəli sürülən təkliflər, ombudsman təsisatının gələcək fəaliyyət istiqamətləri, insan hüquq və azadlıqlarının təminatının aktual məsələləri ilə bağlı rəylərini bildiriblər, suallarını səsləndiriblər.

İclasda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məruzə ilə bağlı çıxış edib, Ombudsman təsisatının 2022-ci ildə insan hüquq və azadlıqlarının təmini istiqamətində fəaliyyəti, qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı görülən tədbirlər barədə məlumat verib, deputatların suallarını cavablandırıb.

Müzakirələrin sonunda məruzə səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda deputatlar Naqif Həmzəyev, Bəhruz Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU