Milli Məclisin plenar iclasında

Plenar iclaslar
24 fevral 2023 | 19:30   
Paylaşın:        

Fevralın 24-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2023-cü ilin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Birinci Qarabağ müharibəsinin gedişində erməni şovinistləri xalqımıza qarşı bir sıra soyqırımı cinayətləri törədiblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olub. 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi isə bu günədək məlum deyil.

Spikerin təklifi ilə Xocalı şəhərində, digər yaşayış məntəqələrində erməni şovinizminin, vəhşiliyinin qurbanı olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, onlara Allahdan rəhmət diləkləri ifadə olunub.

Gündəliyin təsdiqindən sonra iclasda cari məsələlərin müzakirəsi aparılıb. Cari məsələlərdə komitə sədri Ziyafət Əsgərov, deputatlar Kamal Cəfərov, Elnur Allahverdiyev, Fazil Mustafa, Elman Məmmədov, Naqif Həmzəyev, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Sahib Alıyev, Afət Həsənova, Vahid Əhmədov çıxış ediblər.

Millət vəkilləri Xocalı soyqırımını ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və işğalçılıq siyasətinin ən qanlı səhifələrindən biri kimi xarakterizə ediblər, Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması ilə bağlı fikirlərini bölüşüblər. Deputatlar, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan tərəfinin Azərbaycana qarşı verilmiş vəsatətini rədd edən qərarını şərh ediblər, Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə olunmasının qarşısının alınması, Türkiyədə baş vermiş dəhşətli zəlzələnin qurbanlarına yardımların göstərilməsi, Azərbaycanda tikililərin  zəlzələyə davamlılığının artırılması və vətəndaşları narahat edən digər aktual məsələlərin həlli ilə bağlı qeydlərini və təkliflərini səsləndiriblər.

Cari məsələlərin müzakirəsindən sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib və ilk iki məsələ Milli Məclisin qərar layihələridir. Spiker gündəliyin 1-ci məsələsi - Səadət İnayət qızı Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məlumat vermək üçün Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə söz verib.

Əli Hüseynli Səadət Bəktaşinin peşəkarlığını və işinə məsuliyyətlə yanaşmasını, həmçinin zəngin iş təcrübəsini qeyd edərək, onun Naxçıvanda həyata keçirilən məhkəmə-hüquq islahatlarının dərinləşməsinə öz töhfəsini verəcəyinə inandığını deyib.

S.İ.Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Spiker Sahibə Qafarova Səadət Bəktaşiyə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində uğurlar diləyib.

Gündəliyin 2-ci məsələsini müzakirəyə təqdim edən spiker bildirib ki, indi də Milli Məclis qanunvericiliyə uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini dinləyəcək. O, illik məruzəni təqdim etmək üçün ədliyyə nazirinin müavini Vilayət Zahirova söz verib.

Məruzəni diqqətə çatdıran nazir müavini ölkəmizin 2022-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunu davam etdirdiyini vurğulayıb. Ölkədə həyata keçirilən quruculuq işlərində, infrastruktur layihələrində, həmçinin post-konflikt tədbirlərində Azərbaycan bələdiyyələrinin də yaxından iştirak etdiyini deyən nazir müavini ötən dövrdə yerli özünüidarəetmə orqanlarının Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin çoxsaylı müraciətlərinin təmin olunması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Vilayət Zahirov 2022-ci ildə də bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə aparılan işlərdən söz açıb, dövlət başçısının təsdiq etdiyi "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulduğu kimi, yerli özünüidarəetmə sisteminin müasir innovativ cəmiyyətin tələblərinə uyğunlaşdırılması üzrə tapşırıqların icrası istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirib.

O, qeyd edib ki, ötən il 95466 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, onların da  95,6%-i qanunvericiliyə uyğun hesab edilib. Habelə bələdiyyələrin fəaliyyəti ilə bağlı 4180 müraciətə baxılıb. Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3799 aktla bağlı bələdiyyələrə təkliflər verilib, onların da 2044-ü ləğv edilib, 1399-u dəyişdirilib, təmin olunmayan 40 təklif üzrə isə  məhkəmələrdə iddia qaldırılıb.

Ötən ildə bələdiyyələrin 68 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib, aparılmış araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları ilə bağlı aidiyyəti üzrə istintaq orqanlarına müraciət olunub, həmin materiallardan 12-si üzrə cinayət işi başlanılıb.

2022-ci ildə yerli büdcə gəlirlərinin artırılması istiqamətində atılan addımlardan danışan nazir müavini bələdiyyə büdcələrindəki artımları diqqətə çatdırıb. O, nazirlik tərəfindən bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, “Bələdiyyələrlə iş portalı”nın daha təkmil yeni versiyasının hazırlanması haqqında məlumat verib.

Sonra parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məsələ ilə bağlı komitənin rəyini təqdim edib.

O, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən müasir Azərbaycanda 2022-ci ildə də regional idarəetmə sahəsində mühüm tədbirlər həyata keçirilib. Qeyd olunub ki, bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi sayəsində bu sahədə müəyyən uğurlar əldə olunub. Belə ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı göstəricilərlə tanış olduqda, bu istiqamətdə xeyli diqqət çəkən məqamlara rast gəlinir. Otən illə müqayisədə hüquqi ekspertizadan keçirilən bələdiyyə aktlarının sayı artmış, qanunsuz bələdiyyə aktlarının ləğvi üçün daha çox tədbir görülmüşdür.

Diqqət çəkən məsələlərdən biri də bələdiyyə fəaliyyəti ilə bağlı müraciətlərə, xüsusilə şəhid ailələrinin, müharibə iştirakçılarının müraciətlərinə daha həssas yanaşılmasıdır.

Komitə sədri bildirib ki, bələdiyyələrdə aşkarlıq və hesabatlılığın təmini, yerli özünüidarəetmədə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqətdən kənarda qalmayıb.

Komitə sədri çıxışının sonunda bələdiyyə seçkilərinin keçirilməsi, bələdiyyələrin birləşdirilməsi, üzvlərinin sayının azaldılması, böyük şəhər bələdiyyələrinin yaradılması, bələdiyyələrə məxsus ərazilərin  xəritələrinin  bələdiyyələrə verilməsi, bələdiyyələrin maliyyə dayanıqlığının artırılması kimi məsələlərlə bağlı təkliflərini səsləndirib.

Sənədin müzakirəsində komitə sədri Hicran Hüseynova, deputatlar Rəşad Mahmudov, Kamran Bayramov, Razi Nurullayev, Aydın Mirzəzadə, Səbinə Xasayeva, Rauf Əliyev, Azər Badamov məruzənin əhatəli hazırlandığını bildiriblər, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin və onların maliyyə dayanıqlığının artırılması kimi məsələlərlə bağlı fikirlərini açıqlayıblar.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov deputatların səsləndirdikləri sualları cavablandırıb, qaldırılan bəzi məsələlərə aydınlıq gətirib.

Müzakirələrin yekununda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi nəzərə alınıb.

Sonra Milli Məclisin sədri gündəliyin 3-cü məsələsi olan  "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 16 nömrəli Protokolunun təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat vermək üçün İnsan hüquqları komitəsinin sədri Zahid Oruca söz verib.

Komitə sədri bildirib ki, 2001-ci ildə Avropa Şurasına üzv olan Azərbaycan 2002-ci ildə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanı ratifikasiya edib. Daha sonra ölkəmiz konvensiyanın bir sıra protokollarına qoşulub. Konvensiyanın 2013-cü il oktyabrın 2-də Strasburq şəhərində imzalanmış 16 nömrəli Protokolunun təsdiqi isə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Konstitusiya Məhkəməsinə prinsipial məsələlərə dair məsləhət rəyləri almaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı yaradır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbərlik etdiyi komitənin məsələ ilə bağlı müsbət rəy verdiyini və sənədin Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi ilə əməkdaşlığını yeni səviyyəyə qaldıracağını bildirib.

Məsələ ilə bağlı komitə sədri Siyavuş Novruzovun və deputat Fəzail Ağamalının səsləndirdiyi qeydlərə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov münasibət bildirəndən sonra qanun layihəsi qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti on iki məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. Növbəti iki məsələ isə ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir.

4-cü məsələ olan Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, layihə mülki hüququn institutu olaraq borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli komitənin qanun layihəsi ilə bağlı müsbət rəy verdiyini söyləyib.

5-ci məsələ olan və "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanan - Ailə Məcəlləsində, "Kredit ittifaqları haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında" və "Bank olmayan kredit təşkilatları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib. O, bildirib ki, qanun layihəsi ilə bağlı komitəyə heç bir təklif və irad daxil olmayıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli və Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev sənədlə bağlı komitələrinin müsbət rəylərini səsləndirəndən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin 6-cı məsələsi olan "Fövqəladə vəziyyət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

O, bildirib ki, təklif edilən dəyişikliyə əsasən, "Fövqəladə vəziyyət haqqında" Qanuna sosial xarakterli fövqəladə mühit rejiminin hüquqi əsaslarını müəyyən edən yeni fəslin əlavə olunması nəzərdə tutulub.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra 7-ci məsələ - “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib. Bildirilib ki, layihə iki oxunuşda qəbul edilib və sənədin mətninə dəyişiklik olunmayıb.

Bu qanun layihəsi də üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti iki məsələsi ölkə Prezidentinin bir məktubu ilə  daxil olub və mahiyyətcə bir-birinə bağlı olan qanun layihələridir, hər iki məsələyə də Aqrar siyasət komitəsində baxılıb.

Beləliklə, üçüncü oxunuşda müzakirəyə çıxarılan Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında və "Torpaq icarəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib. O, bu qanun layihələrinin ikinci oxunuşu haqqında danışıb və sənədlərin mətnində dəyişikliyin aparılmadığını bildirib.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, növbəti üç – 10-cu, 11-ci və 12-ci məsələ də ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır. O, qeyd edib ki, hər üç məsələyə - Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb.

Komitə sədrinin müavini Əli Məsimli qanun layihələrindəki dəyişikliklərlə bağlı məlumat verərək sənədlərdə nəqliyyat sahəsində beynəlxalq yükdaşımaların təkmilləşdirilməsi, təhlükəli yüklərin vergidən azad olunması, kvotadan kənar verilən icazə blankları üçün tələb olunan dövlət rüsumlarının ləğvi kimi məsələləri şərh edib.

Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova növbəti iki məsələnin də ölkə Prezidentinin bir məktubu ilə daxil olduğunu və bir-birinə bağlı olduğunu söyləyib. O, bildirib ki, 13-cü və 14-cü məsələlərə - "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) və  "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb və layihələrlə bağlı məlumatı təqdim etmək üçün komitə sədrinin müavini Əli Məsimliyə söz verib.

Əli Məsimli bildirib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna təklif olunan dəyişikliklər iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Həmçinin  "Avtomobil nəqliyyatı haqqında" Qanunda edilən dəyişikliklərə uyğun olaraq, “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişikliklərdə ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumunun məbləğinin müəyyən edilməsi nəzərdə tutulub.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

15-ci məsələni -  Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Bildirilib ki, qanun layihəsi ölkəmizin Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə qoşulması ilə bağlı hazırlanıb. Dəyişiklik Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni 6-cı hissənin əlavə edilməsini nəzərdə tutur. Əlavəyə əsasən, əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, gündəliyin bundan sonrakı 4 məsələsi ikinci oxunuşda olan qanun layihələridir, növbəti 16-cı və 17-ci məsələlər isə Prezidentin bir məktubu ilə parlamentə daxil olub, mahiyyətcə də bir-birinə yaxındırlar.

"Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deputatların birinci oxunuşda səsləndirdiyi bəzi suallara və təkliflərə münasibətini bildirib. O, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun investisiya fəaliyyətinə hüquqi təminatlar yaratmaq məqsədi ilə hazırlanan qanun layihələrinin qanunvericiliyə uyğun olmasından, təklif olunan dəyişikliklərə əsasən, adıçəkilən fondların investisiya fəaliyyətinin səmərəli şəkildə təşkilindən, maliyyə dayanıqlığının artırılmasından, yarana biləcək risklərin idarə olunmasından danışıb.

O, "Sosial sığorta haqqında" Qanunda müxtəlif maddələrdə anlayış müəyyən edən normaların vahid maddədə birləşdirilərək, qanunun 1-ci maddəsinin yeni redaksiyada verildiyini qeyd edib.

Diqqətə çatdırılıb ki, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacaq və uçotu ayrıca aparılacaq.

Bildirilib ki, "İşsizlikdən sığorta haqqında" Qanunun 3 maddəsinə 7 dəyişiklik təklif olunur. Bunlar işsizlikdən sığorta fondu, investisiya gəliri və sərbəst vəsait anlayışlarının qanuna daxil edilməsi ilə əlaqədardır.

Müzakirələrdə deputatlar Aydın Hüseynov, Qüdrət Həsənquliyev və Afət Həsənova dəyişikliklərlə bağlı fikirlərini bildiriblər. Komitə sədri Musa Quliyev qaldırılan məsələlərə münasibət bildirəndən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra gündəliyin 18-ci məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, diqqətə çatdırıb qanun layihəsi "Media haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar hazırlanıb.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Gündəliyin 19-cu məsələsi olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli məlumat verib. O, sənədi media subyektlərinin iqtisadi müstəqilliyinin artırılması ilə bağlı müddəaları özündə ehtiva edən mütərəqqi sənəd kimi xarakterizə edib, medianın vergidən azad olunmasının onun maliyyə dayanıqlığına ciddi dəstək olacağını bildirib.

Deputat Nigar Arpadarainin layihə ilə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 8 məsələsi  birinci oxunuşda olan qanun layihələridir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov  “Elektroenergetika haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, qanun layihəsi Azərbaycan Prezidentinin 2017-ci il 4 aprel tarixli “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanının 4.2-ci bəndinin icrası məqsədi ilə hazırlanıb.

Komitə sədri deyib ki, qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyəcək, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək. Qanunun qəbulu ölkəmizdə rəqabət mühitində və antiinhisar siyasətində rəqabətli və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək. Habelə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 5 milli prioritetdən ikisini – dayanıqlı artan rəqabətli iqtisadiyyat və təmiz ətraf mühit və yaşıl artım ölkəsi üzrə strateji çərçivəyə uyğun olmaqla yanaşı, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının hər iki prioritet üzrə  tədbirlər planına daxil edilmiş məsələlərin icrasına öz müsbət təsirini göstərəcək.

Diqqətə çatdırılıb ki, layihə hazırlanarkən beynəlxalq təcrübə, bazar iqtisadiyyatının mövcud inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri nəzərə alınıb. Layihədə subyektlərin ayrılması, yəni elektrik enerjisi istehsalçısının, ötürücünün, paylayıcının və satıcının ayrı-ayrı subyektlər olması müəyyən edilir. Bu subyektlər arasında yaranan münasibətlərin müqavilə əsasında həyata keçirilməsi bazar iqtisadiyyatının mahiyyətinə uyğun olmaqla, layihənin tələblərindən biri kimi göstərilir. Habelə, bazara girişin təmin edilməsi, yəni elektroenergetika subyektlərinin elektrik enerjisi bazarında sərbəst iştirakı nəzərdə tutulur. Layihədə topdan və pərakəndə satış bazarlarının subyektləri müəyyən edilib və malın alqı-satqısı, xidmətlərin göstərilməsi proseduru da öz əksini tapıb.

Bildirilib ki, layihədə əsas məsələlərdən biri də tənzimləyici orqanın yaradılmasıdır. Tənzimləyici orqan elektroenergetika sektorunda qiymətləri, tarifləri müəyyənləşdirən, elektrik enerjisi bazarını tənzimləyən orqan kimi çıxış edəcək. Digər məsələ, sərbəst istehlakçıların elektrik enerji təchizatçısını seçmək hüququnu əldə etməsidir. Layihəyə əsasən, istehlakçı həmin ərazidə fəaliyyət göstərən və sərfəli qiymət və xidmət təklif edən istənilən təchizatçı ilə müqavilə bağlaya bilər. Sənəddə, habelə elektrik enerjisinin istehsalı və təchizatı sahəsində rəqabət mühitinin formalaşmasına imkan verən müddəalar nəzərdə tutulub. Qeyd edilir ki, elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarında dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət mühitinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədi ilə elektrik enerjisi bazarında elementlərin tətbiqi prosesi 3 mərhələdə həyata keçirilir.

Komitə sədri deyib ki, qanunun qəbulu biznes subyektlərinin bazara girişinin və bazarda inkişafın qarşısını alan maneələrin aradan qaldırılmasına, təbii inhisar sahələrinin mərhələli  şəkildə rəqabətli bazara keçidinin formalaşmasına, rəqabət mühitinin təsir dairəsinin genişləndirilməsinə, ölkənin rəqabət indeksinin yüksəlməsinə töhfə verəcək.

Deputatlar Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Etibar Əliyev, Aydın Mirzəzadə sənəd barədə fikirlərini və bəzi qeydlərini açıqlayıblar. Komitə sədri Sadiq Qurbanov səsləndirilən  məsələlərə aydınlıq gətirib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra spiker bildirib ki, növbəti 4 məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxın qanun layihələridir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə, əvvəlcə,  “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş), “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi (birinci oxunuş) və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini təqdim edib.

O, bildirib ki, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunun ləğv edilməsi və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişikliklərin mahiyyəti “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərdən irəli gəlir. Qeyd edilib ki, Qanunla təsdiq edilmiş Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnaməyə uyğun olaraq, xidməti vəsiqə prokurorluq işçisinin şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir, habelə Əsasnamədə prokurorluq işçisinin xidməti vəsiqəsinin təsviri müəyyən edilir. Əsasnamə ilə müəyyən edilir ki, prokurorluq işçisinin xidməti vəsiqəsinə rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə onun rəsmiləşdirilməsi Baş Prokurorun və ya onun müavininin səlahiyyətinə aid edilir.

Təqdim edilən qanun layihəsinə görə, xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin edilməsi məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsinin Baş Prokurorun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunur.

Sonra Əminə Ağazadə Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

Bildirilib ki, layihənin əsas məqsədləri prokurorluq orqanları işçilərinin xüsusi geyim formasının prokurorluq orqanlarına mənsubiyyətinin daha dəqiq formada təsbit edilməsi, müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarının hərbi və xüsusi geyim formasının prokurorluq orqanları işçilərinin xüsusi geyim formasından fərqləndirilməsi,  mövcud xüsusi geyim forması və fərqlənmə nişanlarının təkmilləşdirilməsidir.

Sənəddə, prokurorluq işçilərinin geyim formasının 2 dəstdən - gündəlik və səhra geyim dəstlərindən ibarət olduğu qeyd edilir və bu dəstlərin tərkibinə daxil olan predmetlər müəyyən olunur.

Sənəddə bir sıra texniki xarakterli dəyişikliklər də nəzərdə tutulur.

Komitə sədri Siyavuş Novruzov, deputat Qüdrət Həsənquliyev təqdim olunan sənədlər barədə fikirlərini və qeydlərini söyləyiblər. Deputat Əminə Ağazadə qaldırılan məsələlərə aydınlıq gətirib.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin son 3 məsələsi də Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxın qanun layihələridir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Diqqətə çatdırılıb ki,  Miqrasiya Məcəlləsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycanda uzun müddətli yaşamağın iki növü var – müvəqqəti və daimi yaşamaq. Müvəqqəti yaşamaq icazəsinin müddəti 1 ildir və bu, hər bir ildən bir artırıla bilər. İkinci ildən sonra həmin müvəqqəti yaşamaq hüququ olan şəxslərin  daimi yaşamaq üçün hüququ yaranır. Daimi yaşamaq icazəsinin müddəti isə 5 ildir. Daimi yaşamaq icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin tək vətəndaşlıq adından başqa, digər Azərbaycan vətəndaşları kimi sosial, işləmək və pensiya hüquqları mövcuddur.

Bildirilib ki, birinci dəyişiklik müvəqqəti yaşamaq icazəsi ilə bağlıdır. Miqrasiya Məcəlləsinin 45-ci maddəsində edilən dəyişiklik əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi halları, həmin icazənin müddətinin uzadıldığı halları əhatə edəcək. Bu təklif ölkə daxilində miqrasiya proseslərinin təkmilləşdirilməsinə xidmət edir. Yeni redaksiyada verilmiş 45.1.2-ci maddədə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri yumşaldılır. Qeyd edilib ki,  45.1.6-1-ci maddəsinə əsasən, Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Həmin maddənin yeni redaksiyada verilməsi nəticəsində azı 1 il Azərbaycanda müvəqqəti yaşamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir.

Qeyd olunub ki, Məcəlləyə əlavə edilən yeni 45.3-cü maddəyə əsasən, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə, Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir. 45-ci maddənin “Qeyd” hissəsində ediləcək dəyişiklikdən sonra ölkəmizdə sahibkarlıq fəaliyyətinin  dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olmalıdır, əcnəbi və vətəndaşlığı olmayan şəxs azı 1 il Azərbaycan ərazisində müvəqqəti yaşamalıdır.

Nəzərə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsi təkmilləşdirilərək yeni redaksiyada verilir. Belə ki, Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin əcnəbilərə ölkə ərazisində uzun müddət yaşamaq icazəsi almadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq, gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciət etmək imkanı və digər geniş imkanlar yaradır. Bundan başqa, qabaqcıl ölkələrin təcrübələrinə əsasən, əcnəbilər yüksək ixtisaslı mütəxəssis və ya ərazisində olduğu ölkənin vətəndaşı ilə birinci dərəcəli yaxın qohum olarsa, həmin ölkə ərazisində daimi yaşamaq icazəsi almaq imkanı verilir. Bu baxımdan qohumluq münasibətlərinə görə daimi yaşamaq icazəsinin alınması üzrə qohumların dairəsinin məhdudlaşdırılması və yalnız müraciət edən şəxsin atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olduqda, daimi yaşamaq icazəsi ala bilməsi təklif olunur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məsələ barədə bu komitənin rəyini səsləndirib, dəyişikliklərin təqdirəlayiq olduğunu qeyd edib.

Müzakirələrdə çıxış edən deputatlar Fazil Mustafa, Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Elşən Musayev təklif edilən dəyişikliklərin vacibliyindən danışıblar, bəzi qeydlərini səsləndiriblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) və  “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini təqdim edib. Bildirib ki, bu qanun layihələri Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə uyğun olaraq hazırlanıb.

"Banklar haqqında" qanuna təklif edilən əlavəyə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir.

"Qiymətli kağızlar bazarı haqqında" qanuna təklif olunan yeni 28.4-cü maddədə isə bildirilir ki, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin investisiya qiymətli kağızları, o cümlədən dövlət qiymətli kağızları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir.

Deputat Rüfət Quliyev bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU