“Siyasi partiyalar haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib

Plenar iclaslar
06 dekabr 2022 | 19:09   
Paylaşın:        

Dekabrın 6-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

İclası açan parlamentin sədri gündəliyi səsverməyə təqdim edib. Gündəliyin təsdiqindən sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Komitə sədri Zahid Oruc, deputatlardan Rəşad Mahmudov, Ceyhun Məmmədov, Elman Nəsirov, Fazil Mustafa, Əli Məsimli, Fəzail Ağamalı, Anar İsgəndərov, Aqil Abbas, Azay Quliyev, Razi Nurullayev öz çıxışlarında ölkədə, regionda və dünyada baş verən önəmli hadisələr barədə fikirlərini bildiriblər.

Millət vəkilləri ölkədə dərman vasitələri ilə bağlı müasir çağırışlar fonunda görüləcək tədbirlərdən söz açıblar, İran media məkanında Azərbaycana qarşı qərəzli fikirlərin yer almasını pisləyiblər, Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına, regionda barış üçün təşəbbüslərə  maneələr törədilməsinə etiraz ediblər, bölgədə sülhün və əməkdaşlığın inkişafı üçün Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmaların müddəalarına əməl olunmasının zəruriliyini vurğulayıblar, həmçinin vətəndaşları və seçiciləri narahat edən məsələlərdən danışıblar.

Sonra parlamentin spikeri Sahibə Qafarova gündəliyin 1-ci məsələsi olan “Siyasi partiyalar haqqında” qanun layihəsinin  ikinci oxunuşu barədə məlumat vermək üçün sözü Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimliyə təqdim edib.

Fəzail İbrahimli qanun layihəsi barədə məlumat verib, sənədin parlamentdə birinci oxunuşda geniş və səmərəli müzakirələrinin keçirilməsindən danışıb, layihənin ikinci oxunuşa hazırlığı barədə qısa arayış təqdim edib.

Milli Məclisin spikeri bildirib ki, qanun layihəsinə parlamentin daha iki komitəsində də baxılıb və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyini təqdim etmək üçün komitənin sədri Əli Hüseynliyə söz verib.

Komitənin rəyinin müsbət olduğunu bildirən Əli Hüseynli sənədlə bağlı daxil olan təklif və qeydlərin işçi qrupunda nəzərə alınması ilə bağlı məlumat verib.

Sonra İnsan hüquqları komitəsini sədri Zahid Oruc qanun layihəsi ilə bağlı komitənin rəyini təqdim edib, sənədlə bağlı fikirlərini bölüşüb. O, bildirib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin parlamentdə birinci oxunuşda geniş müzakirələrdən keçməsi, cəmiyyətimizin aparıcı qüvvələri tərəfindən müdafiə olunması onun ictimai və siyasi legitimliyinin əsaslarını möhkəmlətməklə, ölkəmizin gələcək idarəçiliyində vətəndaşların aktiv iştirakına, birləşmək hüququn təminatına güclü təkan verəcəyini nümayiş etdirir. Parlament rəhbərliyi tərəfindən sənədə milli və dövlətçilik mənafeləri baxımından böyük dəyər verilməsi sayəsində layihənin gerçək fikir azadlığı şəraitində obyektiv qiymətini aldığını qeyd edən komitə sədri onun hüquq sistemimizdə öz layiqli yerini tutacağına, siyasi partiyaların hüquq və qanunlar müstəvisində fəaliyyətinə geniş imkanlar açacağına əminliyini bildirib.

Zahid Oruc layihə əleyhinə çıxış edənlərə və onların səsləndirdikləri fikirlərə tutarlı arqumentlərlə cavab verib.

Sənədin müzakirəsində komitə sədrləri Siyavuş Novruzov, Ziyafət Əsgərov, deputatlardan Fazil Mustafa, Kamilə Əliyeva, Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Kamran Bayramov, Emin Hacıyev, Elşən Musayev, Aydın Hüseynov, Cavid Osmanov, Naqif Həmzəyev, Sahib Alıyev, Etibar Əliyev, Hikmət Məmmədov, Fəzail Ağamalı, Razi Nurullayev çıxış ediblər. Millət vəkilləri qanun layihəsini tarixi zərurət və dövlətçiliyimizin gələcəyi aspektindən yüksək qiymətləndiriblər, layihə ilə bağlı müzakirələrdə və ictimai dinləmələrdə irəli sürülən təkliflərlərin əsasən nəzərə alınmasını təqdir ediblər. Deputatlar “Siyasi partiyalar haqqında” qanunun qəbulunun islahatların genişləndirilməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcəyini bildiriblər, sənədlə bağlı qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda spiker çıxışa yazılan və sual üçün müraciət edən deputatların hamısının öz fikrini bildirdiyini qeyd edib və qanun layihəsini səsverməyə çıxarıb. 6 fəsil 30 maddədən ibarət qanun layihəsi səsvermədən keçərək ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 47 məsələsi cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır. Bu qanun layihələri Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planına müvafiq olaraq elektron xidmətlərin genişləndirilməsi və bu əsasda vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

Parlamentin sədri qeyd edib ki, qanun layihələrinə Milli Məclisin 10 komitəsində baxılıb və bu iclasda komitələrin bütün təqdimatları dinlənildikdən sonra müzakirələrin birgə, səsvermənin isə ayrı-ayrılıqda keçirilməsi qərarlaşdırılıb.

Beləliklə, “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov məlumat verərək bildirib ki, dəyişiklik vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına, vətəndaş məmnunluğunun artırılmasına, ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edir və qanun layihəsi ilə bağlı deputatlardan hər hansı bir təklif daxil olmayıb.

Sonra spiker bildirib ki, gündəliyin 3-cü məsələsindən başlayaraq 20-ci məsələ də daxil olmaqla növbəti məsələləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb. Ona görə bu komitənin sədri Tahir Mirkişili ikinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, , “Valyuta tənzimi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunla təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, “Avtomobil yolları haqqında” Qanunda, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Banklar haqqında”, “Lotereyalar haqqında”,  “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “Sığorta fəaliyyəti haqqında”,  “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri barədə məlumatı bir yerdə təqdim edib. O, bildirib ki, qanun layihələri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun hazırlanıb.

Belə ki, Milli Fəaliyyət Planında təsbit olunub ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənəd və ya məlumat vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunsun.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəliyin 21-ci məsələsindən 36-cı məsələsinədək olan qanun layihələrini təqdim edib.

Deputat “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”,  “Pasportlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, “Yol hərəkəti haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunlarda, 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunla təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “İnzibati icraat haqqında”,  “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”,  2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, həmçinin Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında ikinci oxunuşda olan qanun layihələrində birinci oxunuşdan sonra hər hansı dəyişikliyin olmadığını bildirib.

O, qeyd edib ki, təqdim edilən layihələrdə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək dəyişikliklər təklif olunur.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev gündəliyin 37-ci və 38-ci məsələləri - ikinci oxunuşda olan  “Seleksiya nailiyyətləri haqqında” və “Torpaq icarəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib. Bildirib ki, hər iki layihə də "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən hazırlanıb və sənədlər deputatlar tərəfindən dəstəklənib, heç bir irad və təklif daxil olmayıb.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsini sədri Ziyafət Əsgərov 39-cu, 40-cı və 41-ci məsələlər - ikinci oxunuşda müzakirəyə çıxarılan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, bu qanunlarda da Elektron Hökumətin təşviqi ilə əlaqədar müvafiq dəyişikliklər nəzərdə tutulub. Komitə üzvləri hər üç qanun layihəsini yekdilliklə plenar iclasa tövsiyə ediblər.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım 42-ci məsələ -  “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə əlaqədar komitənin müsbət rəy verdiyini bildirib. Bu qanun layihəsi də vətəndaşlara elektron dövlət xidmətlərinin göstərilməsi işinin təkmilləşdirilməsi və bu zaman onlardan tələb olunan sənədlərin minimuma endirilməsi məqsədilə hazırlanıb.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova gündəliyin 43-cü məsələsini - Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun  layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, sənəddə nəzərdə tutulan dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu qeyd edib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev 44-cü məsələ - “Elektron imza və elektron sənəd haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun  layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, layihədə təklif olunan dəyişikliklər vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 45-ci məsələ - “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, birinci oxunuşdan sonra layihə ilə bağlı hər hansı təklifin daxil olmadığını, komitənin sənədin lehinə olduğunu deyib.

Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov son üç məsələ - “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri ilə bağlı məlumatı nəzərə çatdırıb. O, birinci oxunuşdan sonra sənədlərə dair heç bir qeyd və təklifin olmadığını söyləyib.

Təqdim olunan qanun layihələri ilə bağlı müzakirələrdə deputatlar Etibar Əliyev və Sabir Rüstəmxanlı öz fikirlərini səsləndiriblər.

Müzakirələrin sonunda 47 qanun layihəsi ikinci oxunuşun tələblərinə uyğun olaraq, ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəs



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU