Milli Məclisin iclasında büdcə zərfinə daxil olan sənədlər birinci oxunuşda qəbul edilib

Plenar iclaslar
18 noyabr 2022 | 18:51   
Paylaşın:        

 

Noyabrın 18-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilib. Spiker  iclası açaraq ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olmuş 5 yeni qanun və bir qərar layihəsini gündəliyə daxil etməyi təklif edib.

Deputatlar iclasın yeni gündəliyini təsdiq etdikdən sonra 2023-cü ilin Dövlət Büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib.

Əvvəlcə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, bildirib ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 210 manatdan 246 manata, əmək qabiliyyətli əhali üçün 220 manatdan 261 manata, pensiyaçılar üçün 176 manatdan 199 manata, uşaqlar üçün isə 193 manatdan 220 manata qədər artırılır.

Layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin müsbət rəyi, deputatlardan Razi Nurullayevin, Fəzail Ağamalının, Etibar Əliyevin və Ülviyyə Həmzəyevanın fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Komitə sədri bildirib ki, gələn il üçün ehtiyac meyarının həddi 246 manat nəzərdə tutulur. Bu, cari illə müqayisədə 23 faiz çoxdur və sosial-iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsidir. Bununla da, ilk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabərləşəcək və bu da öz növbəsində vətəndaşların sosial rifahının yüksəlməsi deməkdir.

Layihə barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin müsbət rəyini bildirdikdən sonra sənəd birinci oxunuşda qəbul olunub.

Sonra iclasda komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini  (birinci oxunuş) təqdim edib. O, bildirib ki, Məcəlləyə müxtəlif istiqamətlər üzrə dəyişikliklər təklif olunur. Bunlardan birincisi  investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə vergi yükünün azaldılması ilə bağlıdır. Burada ən böyük həcm işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi barədədir.

Beləliklə, işğaldan azad edilmiş ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilir. ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üçün xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilir. Rezident hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilir. İşğaldan azad edilmiş ərazilər daxilində otellər tərəfindən göstərilən xidmətlər zamanı nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi, nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi fiziki şəxslər olan istehlakçılara geri qaytarılacaq.

Bütün bu sadalanan güzəştlər maliyyə xidmətlərinin göstərilməsinə, avtonəqliyyat vasitələri və yükdaşıma xidmətlərinə, dövlət büdcəsinin vəsaiti hesabına podratçı şirkətlər tərəfindən göstərilən xidmətlərə aid edilməyəcək. Burada istehsal fəaliyyəti göstərəcək rezident podratçılar istisna təşkil edir.

Layihədə aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə də vergi təşviqlərinin verilməsi ilə bağlı güzəştlər nəzərdə tutulur. Belə ki, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən istehsalçıların əldə etdiyi gəlirin 50 faizinin gəlir vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən 7 il müddətinə azad edilməsi təklif olunur.

Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirlərinin, onlara dövlət büdcəsinin vəsaiti

hesabına verilən subsidiyaların gəlir vergisindən azad edilməsi nəzərdə tutulur. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad olunacaq.

 İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin

ƏDV-dən azad edilməsi müddəti də 2024-cü il yanvarın 1-dək uzadılacaq. Bundan başqa, müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlaklar əmlak vergisindən azad ediləcək.

Layihədə, həmçinin vergi ödəyicilərinə hesabların açılması, vəkillik fəaliyyətinin tənzimlənməsi də daxil olmaqla bir sıra inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.  Vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına aparılan ödənişlər də mənfəət və ƏDV-dən azad edilir.

Bundan başqa, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması nəzərdə tutulur.

Digər mühüm məsələ isə sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması ilə bağlıdır. Belə ki, Şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının əmək haqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsi nəzərdə tutulur.

Bundan başqa, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarına da əmək haqqı gəliri ilə bağlı güzəştlərin verilməsi də layihədə nəzərdə tutulur.

Başqa bir mühüm məsələ, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 000 manatadək hissəsinin gəlir vergisindən azad edilməsidir.

Bundan başqa,  istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadılır.

Ümumilikdə, məcəlləyə 42-yə yaxın dəyişiklik təklif olunur ki, bu da vergi sahəsindəki islahatların yeni bir mərhələyə keçməsi deməkdir.

Layihə ilə bağlı Milli Məclisin komitə sədri Zahid Orucun, deputatlardan Azər Badamovun və Bəhruz Məhərrəmovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra Tahir Mirkişili Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və gömrük ödənişlərindən istifadənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Təklif olunan dəyişiklik gömrük əməkdaşlarının sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək.

Deputat Razi Nurullayevin fikirləri dinlənildikdən sonra layihə birinci oxunuşda qəbul olunub.

Növbəti məsələ - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev diqqətə çatdırıb ki, bu dəyişiklik pensiya yaşına çatmış vətəndaşların pensiya hüquqlarının genişləndirilməsinə xidmət edir. Belə ki, sənədə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur.

Deputatlardan Sahib Alıyevin və Etibar Əliyevin fikirləri dinlənildikdən sonra məsələ səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi  (birinci oxunuş) ilə əlaqədar komitə sədri Musa Quliyev bildirib ki, təklif olunan dəyişiklik Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-dövlət, qeyri-neft-qaz sektoru üzrə 10 il müddətində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması mexanizmini, o cümlədən tətbiq ediləcək şərtləri müəyyən edir. Layihədə, eyni zamanda, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün güzəştli sosial sığorta haqqı müəyyən olunur və həmin fəaliyyət növü də dövlət sosial sığorta haqqının subsidiyalaşdırılmasına aid edilir.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, layihə “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə uyğun olaraq hazırlanıb. Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər. Təqdim edilən layihədə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün həmin kateqoriyadan olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləği müəyyən edilir.

Layihə birinci oxunuşda təsdiq edilib.

Gündəliyin növbəti məsələsi olan Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi barədə(birinci oxunuş) Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərlə 3 məsələnin həlli nəzərdə tutulur. Birinci, işğaldan azad edilmiş ərazilərdə əmək prosesinə cəlb edilmiş şəxslərin iş icazəsinin hər dəfə 1 il yox, 2 il uzadılmasına imkan verir. İkinci, bu müddəa “Dövlət rüsumu haqqında” qanunla uyğunlaşdırılır. Üçüncü isə, Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliklərin beş il müddətinə, 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədə olması nəzərdə tutulur.  Hesab edirik ki, bu layihə də Böyük Qayıdış proqramının çox vacib elementlərindən biri kimi bu prosesə öz töhfəsini verəcəkdir.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, təklif edilən dəyişikliyə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət müəyyən olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Sonra Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun  layihəsi (birinci oxunuş) barədə bildirib ki, sənədə əsasən, Məcəlləyə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunur. Həmin mütəxəssislərə məcəllə ilə güzəşt və imtiyazlar müəyyən edilir. Təklif olunan dəyişiklikdə mütəxəssislərin 2023-cü ildən 5 il müddətində əsas və əlavə məzuniyyət müddətindən asılı olmayaraq, əlavə 5 gün ödənişli məzuniyyət hüququ əldə etməsi qeyd olunur. Məcəllənin 159-cu maddəsinə 2023-cü il yanvarın 1-dən 5 il müddətində işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların tətbiq edilməsi əlavə olunur.

Deputatlardan Razi Nurullayevin və Aydın Mirzəzadənin fikirləri dinlənildikdən və sualları cavablandırıldıqdan sonra layihə birinci oxunuşda təsdiqlənib.

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. O, bildirib ki, dəyişiklik qanuna 15-21.1-1-ci maddənin əlavə edilməsini nəzərdə tutur. Maddədə nəzərdə tutulan İcbari Tibbi Sığorta Fondunun büdcəsi hər il üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq olunur.

Layihə birinci oxunuşda qəbul edilib.

Sonra komitə sədri Tahir Mirkişili bildirib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) icmal büdcənin tərkib hissəsi olacaq İcbari Tibbi Sığorta fondunun gəlir və xərclərinin icmal büdcənin gəlir və xərclərində nəzərə alınması qaydasını müəyyən edir.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Sonra Tahir Mirkişili bildirib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi(birinci oxunuş) nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. Təklif olunan dəyişikliyə əsasən, bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də əlavə edilir.  Bununla da bütün özəl tibb fəaliyyətinə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunur.

Layihə birinci oxunuşda təsdiqlənib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 3 məsələsi Milli Məclisin qərar layihələridir. 14 və 15-ci məsələlər Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihələri bu gün müzakirə olunacaq, lakin bu iki məsələ bu gün yox, Büdcə Zərfinə daxil olan digər sənədlər üçüncü oxunuşda təsdiqlənən zaman onlarla birlikdə qəbul ediləcək.

Sonra Milli Məclisin işlər müdiri Firudin Hacıyev  Milli Məclisin 2023-cü il üçün xərclər smetası haqqında məlumat verib.

Deputat Aydın Hüseynovun sənəd barədə fikirləri dinlənildikdən sonra  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2023-cü il üçün xərclər smetası haqqında məlumat verib. O, bildirib ki, 2023-cü ildə Hesablama Palatasının büdcəsi 10,6 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilin büdcəsindən təqribən 5,5 faiz artıqdır. Növbəti il üçün nəzərdə tutulmuş xərclərin 89 faizi əmək tutumlu, 1,6 faizi isə əsaslı xərclərdən ibarətdir.

Sonra Milli Məclisin  sədri bildirib ki, növbəti məsələ Milli Məclisin parlamentlərarası əlaqələr üzrə 4 yeni işçi qrupunun yaradılması ilə bağlıdır.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi haqqında məlumat verib. O, bildirib ki, qərar layihəsində Milli Məclisin Kamboca, Monqolustan, Sinqapur və Tunislə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması nəzərdə tutulur. Layihəyə əsasən, deputat Ramin Məmmədov Kamboca ilə, Zahid Oruc Monqolustanla, Məşhur Məmmədov Sinqapurla, Ziyafət Əsgərov isə Tunislə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçilir.

Qərar layihəsi barədə deputat Ceyhun Məmmədovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq təsdiqlənib.

Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin sonuncu 5 məsələsi Azərbaycan Respublikasının xarici dövlətlərdə səfirlik və nümayəndəliklərinin təsis edilməsi barədədir və bir oxunuşda təsdiqlənəcək.

Parlamentin komitə sədri Səməd Seyidov Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində), İsrail Dövlətində (Təl-Əviv şəhərində), Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliklərinin, Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin, həmçinin Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında qanun layihələri barədə məlumat verib. Komitə sədri bildirib ki, yeni səfirlik və nümayəndəliklərin yaradılması ölkəmizin beynəlxalq əlaqələrini daha da gücləndirəcəkdir.

Qanun layihələri barədə deputat Musa Qasımlı fikirlərini bildirdikdən sonra beş qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib. Bununla da Milli Məclisin iclası başa çatıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU