Milli Məclisdə Liviya parlamentinin nümayəndə heyəti ilə görüş

Tədbirlər
01 iyul 2022 | 20:06   
Paylaşın:        

İyulun 1-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Liviya parlamenti sədrinin 1-ci müavini Fouzi Salimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan birinci vitse-spiker Azərbaycanın evsahibliyi ilə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Liviya nümayəndə heyətinin iştirakını yüksək dəyərləndirib. O, Azərbaycanla Liviyanın beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında əməkdaşlığına toxunub, Ermənistanın işğalına məruz qalan Azərbaycanın ərazi bütövlüyünü Liviyanın dəstəkləməsinə görə təşəkkürünü ifadə edib. Əli Hüseynli hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının nüfuzunun artdığını vurğulayıb və Azərbaycanın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə sədrliyinin də uğurlu olacağına əminliyini bildirib.

Birinci vitse-spiker Azərbaycanın Liviya ilə münasibətlərin, eyni zamanda  parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, Milli Məclisdə Liviya ilə bağlı dostluq qrupunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Liviya parlamentinin nümayəndə heyətinin Azərbaycana səfərinin parlamentlərarası əlaqələrə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Liviya parlamenti sədrinin 1-ci müavini Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransına dəvətə, yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, torpaqlarını işğaldan azad etməsi münasibətilə Azərbaycanı bir daha təbrik etdiyini söyləyib. Fouzi Salim Liviyadakı mövcud vəziyyət, yeni konstitusiyanın qəbulu və parlamentarizmin möhkəmləndirilməsi prosesləri barədə məlumat verib.

Söhbətdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təsis olunmasının əhəmiyyətindən danışılıb, ölkələrimiz arasında ikitərəfli səviyyədə, o cümlədən parlament səviyyəsində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU