İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Dekabrın 18-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlərlə bağlı məlumat verdi.
Əvvəlcə Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olundu. Bildirildi ki, Məcəllənin 129 maddəsinə dəyişikliklər ediləcək. Komitə sədri qeyd etdi ki, məcəllə qəbul olunarkən mükəmməl sənəd olsa da, sonradan ölkə iqtisadiyyatında gedən inkişaf prosesləri bu sahədə qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi zərurətini yaradıb. İndiyədək bu sahədə edilən dəyişikliklər vergi sistemində müasir informasiya texnologiyalarının tətbiqi, vergi mədəniyyətinin və inzibatçılığının möhkəmləndirilməsinə yaxşı imkan yaradıb.
Təklif olunan yeni dəyişikliklər barədə məlumat verən vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirdi ki, bu dəyişikliklər də vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, vergi sisteminin möhkəmləndirilməsi və bu sahəyə nəzarətinin möhkəmləndirilməsini əhatə edir. Çıxışlarda məcəlləyə təklif olunan dəyişikliklər ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlər kimi dəyərləndirildi.
Sonra komitə üzvləri “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədə baxdılar. Hər iki sənədin Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti