Milli Məclisin iclasında

Plenar iclaslar
27 may 2022 | 18:00   
Paylaşın:        

Mayın 27-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib. İclası açan  parlamentin sədri Sahibə Qafarova bildirib ki, ötən günlərdə Milli Məclis böyük bir beynəlxalq tədbirə ev sahibliyi edib. Bununla yanaşı, parlamentdə bir sıra mühüm görüşlər də keçirilib. İclasa başlamazdan öncə, Sahibə Qafarova bu barədə qısa məlumat verib.

Milli Məclisin sədri bildirib ki, mayın 17-də Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı olub. Konfransda Parlament Assambleyasına sədrlik Pakistan Milli Assambleyasından Azərbaycan Milli Məclisinə təhvil verilib. Konfransın mövzusu “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” idi. 

Konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri – Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf, Tacikistan Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Özbəkistan Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov, İran İslam Şurası Məclisi sədrinin birinci müavini Əli Nikzad, Qazaxıstan Məclisi sədrinin müavini Balaim Kesebayeva, Qırğızıstan Joqorku Keneşi sədrinin müavini Ulan Primov, eləcə də  İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri   post-pandemiya dövründə Assambleya üzvü olan ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, turizm sahələrində qarşılıqlı surətdə faydalı əməkdaşlığı genişləndirməyin zəruri olduğunu söyləyiblər, mövcud problemlərin həlli ilə bağlı parlamentlərin üzərinə düşən vəzifələrdən danışıblar.

Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının yüksək səviyyədə təşkil olunduğu və region ölkələrinin bütün sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığının daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. 

Milli Məclisin sədri qeyd edib ki, Konfransın yekunu kimi Bakı Bəyannaməsi imzalanıb. Bu sənədin müddəaları təşkilat üzvlərinin bölgədə iqtisadi və sosial inkişafın təmin edilməsində, inteqrasiya və əməkdaşlıq proseslərinin inkişafında parlamentlərin rolunu daha da gücləndirmək əzmində olduqlarını bir daha nümayiş etdirir. Sənəddə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə münasibəti ilə Azərbaycan təbrik edilir və bu qələbənin regionda davamlı sülh və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunur.

Eyni zamanda, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və minalardan təmizləmə işlərinin aparılmasında göstərdiyi səylərin dəstəklənməsinə çağırış səsləndirilir.

Sahibə Qafarova qeyd edib ki, Bakı Bəyannaməsinin mühüm müddəalarından biri də Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm hissəsi olacaq və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də faydalanacağı yeni regional nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizinin açılmasına güclü dəstək nümayiş etdirilməsidir.

Spiker diqqətə çatdırıb ki, konfransın iştirakçısı olan parlament nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər də keçirilib. Türkiyə, Pakistan, Özbəkistan, Tacikistan, Qırğızıstan,  İran və Qazaxıstanın parlament sədrləri və sədr müavinləri,  eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının və  Parlament Assambleyasının Baş katibləri ilə aparılan söhbətlərdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının fəaliyyətinin gücləndirilməsi və üzv ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Milli Məclisin sədri bildirib  ki, Üçüncü Ümumi Konfrans ilə əlaqədar keçirilən mühüm tədbirlərdən biri də parlament nümayəndə heyətlərinin mayın 18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri olub.

Spiker qonaqların Füzuli Beynəlxalq Hava Limanına getməsinin, daha sonra  Şuşa şəhərinin müxtəlif mədəni, dini  və tarixi  abidələrini seyr etməsinin, eləcə də şəhərdə aparılan  bərpa və quruculuq işləri ilə tanış olmasının onların ölkəmiz və xalqımız barədə təsəvvürlərini daha da zənginləşdirdiyini qeyd edib.

Sahibə Qafarova xatırladıb ki, bu ilin fevral ayında onun rəhbərliyilə Milli Məclisin nümayəndə heyəti Estoniyada rəsmi səfərdə olub. Parlamentlərarası əlaqələrin inkişafında növbəti addım kimi mayın 23-dən 25-dək Estoniya parlamentinin sədri Yüri Ratas və başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər edib. Rəsmi səfər çərçivəsində keçirilən görüşlərdə qeyd olunub ki, Azərbaycan və Estoniya dost və tərəfdaş ölkələrdir və iki ölkə arasında münasibətlərin inkişafında parlamentlər mühüm rol oynayırlar. Bildirilib ki, parlamentlərimizin birgə əməkdaşlığının daha da gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Spiker onu da qeyd edib ki, səfər çərçivəsində Estoniya parlamentinin sədri Yüri Ratas və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşada da olub.

Milli Məclisin sədri onu da diqqətə çatdırıb ki, mayın 22-də Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin 7-ci üçtərəfli iclası keçirilib və mayın 23-də onun iclasın iştirakçıları ilə görüşü olub.

Sahibə Qafarova bir məqamı da qeyd edib ki, mayın 25-də o, “TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunması” mövzusuna həsr edilmiş konfransın iştirakçıları ilə də görüşüb.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 22-də Şuşa şəhərində keçirilmiş Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin 7-ci üçtərəfli iclası barədə məlumat verib.

Komitə sədri hər zaman  komitələrin birgə iclasının azad olmuş Şuşada keçirilməsinin arzu edildiyini və ötən il Ankarada keçirilmiş iclasda növbəti toplantının Şuşada keçirilməsinin qərara alındığı bildirib. Səməd Seyidov bu məsələ ilə bağlı göstərdiyi dəstəyə görə Milli Məclis sədrinə öz minnətdarlığını ifadə edib və spikerin iclasın Şuşada keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyi barədə fikirlərini xüsusi qeyd edib.

Səməd Seyidov Azərbaycan, Türkiyə  və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş birgə iclasının həm siyasi, həm mənəvi cəhətdən vacibliyini, eyni zamanda,  regionda gedən proseslərin dünyaya nümayiş etdirilməsi baxımından önəmli olduğunu bildirib.  O, Türkiyə Böyük Millət Məclisinin və Gürcüstan Parlamentinin Xarici əlaqələr komitələrinin sədrləri Akif Çağatay Kılıç və Nikoloz Samxaradzenin səfərin yüksək səviyyədə  təşkilinə görə təşəkkürlərini çatdırıb.

Komitə sədri məlumatında səfərin Füzuli Hava Limanından başladığını, sonra isə Zəfər yolu ilə Şuşaya gəldiklərini və burada faydalı fikir mübadiləsi apardıqlarını, növbəti iclasın isə  Gürcüstanda keçiriləcəyini söyləyib. Qeyd edilib ki, Azərbaycan bununla bir nümunə göstərdi. Bu nümunə, Azərbaycan Prezidentinin təbirincə, işğalla heç vaxt barışmamaq, milli maraqlar uğrunda mübarizə aparmaq və qalibiyyət əldə etməkdir.

Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisdə keçirilmiş “TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunması” mövzusunda beynəlxalq konfrans barədə məlumat verib.

Komitə sədri parlamentin son illərdə xüsusilə ölkəmizlə bağlı istər regional, istərsə də beynəlxalq tədbirlərə ev sahibliyini uğurla həyata keçirdiyini söyləyib.  O, Milli Məclis, TÜRKPA və Ombudsman təsisatının birgə əməkdaşlığı çərçivəsində baş tutan konfransın Azərbaycan Respublikasının İnsan hüquqlari üzrə müvəkkili (Ombudsman) təsisatının yaradılmasının 20 illiyinə həsr edildiyini bildirib. Toplantı iştirakçılarının tədbirdən öncə Şuşa şəhərinə səfərinin əhəmiyyətindən danışıb. O, nümayəndə heyətlərinin Milli Məclisin sədri ilə görüşünün, belə tədbirlərin keçirilməsinin qanunvericilik orqanları arasında əlaqələrin inkişafı baxımından önəmini qeyd edib.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlament nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının Ətraf mühit, təbii ehtiyatlar və əhalinin sağlamlığının qorunması komitəsinin iclasında iştirak etdiyini söyləyib. Tədbirdə COVİD-19 pandemiyası ilə bağlı quruma üzv ölkələrdə vəziyyət, əhalinin sağlamlığının qorunması sahəsində qanunvericilik aktlarının uyğunlaşdırılması məsələsinə dair müzakirələr aparıldığını deyib. O, nümayəndə heyətinin burada Ulu öndər Heydər Əliyevin doğum  günü ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak etdiyini bildirib.

Daha sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 17 məsələ daxil edilib və ilk 7 məsələ üçüncü oxunuşda olan qanun layihələridir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (üçüncü oxunuş)  məlumat verib. Sənəddə bildirilir ki, “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə, bununla əlaqədar obyektiv informasiyanın yayılmasına və görülən işlərin təbliğinə verilən töhfəyə görə, bu sahədə beynəlxalq əlaqələrin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə təltif edilirlər.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov fikirlərini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Sənəd inzibati aktla  bağlı məhkəməyə verilən şikayətlər üçün iddia müddətinin axımının dayandırılması hallarını nəzərdə tutan 38.3-cü maddənin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Layihədə kritik informasiya infrastrukturu, onun obyekti və subyekti, digər anlayışlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının hüquqi əsasları müəyyən edilir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə komitənin müsbət rəyini bildirdikdən sonra sənəd üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyin (üçüncü oxunuş) mahiyyəti barədə məlumat verib. Layihəyə əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulması və bu sahədə səlahiyyətli orqanının tələblərinin yerinə yetirilməməsi və ya ona maneçilik törədilməsi halında inzibati məsuliyyətin və inzibati təqibin müəyyən edilməsi nəzərdə tutulur.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənədlə bağlı həmin komitələrin müsbət rəylərini səsləndiriblər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini  (üçüncü  oxunuş) təqdim edib. Sənəd adları çəkilən qanunların "Nağdsız hesablaşmalar haqqında" 2021-ci il 3 dekabr tarixli qanuna uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu komitələrin sənədlə bağlı müsbət rəylərini bildiriblər.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib. Bildirib ki, sənəd qanunun təkmilləşdirilməsi və bir sıra müddəalarının dəqiqləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə  bəzi  enerji məhsullarına, yanacaq növlərinə münasibətdə terminoloji baxımdan "nəql" sözü işlənildiyinə görə bu sözün əlavə edilməsi təklif olunur. Habelə, enerji effektivliyi fondunun fəaliyyətinin təmin olunması üçün onun saxlanması xərclərinin fondun öz vəsaitləri hesabına həyata keçirilməsi nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Layihə "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli qanununun tətbiqi ilə əlaqədar hazırlanıb, uyğunlaşdırma və terminlərin dəqiqləşdirilməsi məqsədi daşıyır.

Məsələ ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyləri bildirildikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra iclasda ikinci oxunuşda olan və ölkə Prezidenti tərəfindən bir məktubla Milli Məclisə təqdim edilən, mahiyyətcə bir-birinə yaxın növbəti üç məsələyə baxılıb.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov  “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini  (ikinci oxunuş) təqdim edib. Qeyd olunub ki, qanun layihəsi təkmilləşdirmə xarakteri daşıyır və istilik enerjisindən istifadə qaydalarının təsdiq edilməsi üçün hüquqi bazanın müəyyən edilməsi məqsədi ilə hazırlanıb. Təklif olunan dəyişikliklər istilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya qanunsuz qoşulma hallarının qarşısının alınması, istehlakçıya istilik  enerjisinin verilməsinin dayandırılması halları, istilik enerjisinin dəyərinin ödənilməsi və bu kimi digər məsələlərin qanunvericiliklə tənzimlənməsini,  bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsini təmin edəcək və yaranan mübahisələrin hüquqi müstəvidə həlli imkanlarını artıracaq.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.  Layihədə sahibkarlıq sahəsində yoxlamalarla bağlı istilik enerjisinə münasibətdə digər enerji və kommunal xidmətlərlə eyni hüquqi rejimin tətbiq edilməsi təklif olunur. Bununla yanaşı, sənəddə yoxlamaların dayandırıldığı müddətdə sahibkarlıq subyektlərinin istilik sayğaclarına müdaxilə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma halları aşkarlanarsa, digər enerji və kommunal xidmətlərdə olduğu kimi, yoxlamaların keçirilməsinə hüquqi əsasın yaranması ilə bağlı dəyişiklik nəzərdə tutulub.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov məsələ ilə bağlı  komitənin rəyinin müsbət olduğunu bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Dəyişikliyə əsasən, enerji təchizatı müəssisəsinin və ya qaz paylayıcısının səlahiyyətli şəxsinin istilik  enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə, həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə  görə inzibati məsuliyyət müəyyən edilir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov bu məsələ barədə də komitənin müsbət rəyini səsləndirib.

İkinci oxunuşda təqdim olunan hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin digər 7 məsələsi birinci oxunuşda olan qanun layihələridir. Qeyd edilib ki, 11-ci, 12-ci və 13-cü məsələlər ölkə Prezidenti tərəfindən bir məktubla Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxın qanun layihələridir. Hər üç qanun layihəsində nəzərdə tutulan dəyişikliklər 20 oktyabr 2020-ci il tarixdə qəbul olunmuş “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanundan irəli gəlir. Spiker diqqətə çatdırıb ki, növbəti üç məsələ - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələridir.

Sonra çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, 20 oktyabr 2020-ci il tarixdə Milli Məclis tərəfindən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qəbul edilib. Bu qanunla müəyyən edilmiş münasibətlərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi, Cinayət Məcəlləsində isə mövcud olan maddənin təkmilləşdirilməsi nəzərdə tutulub.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər daha çox prosedur pozuntuları ilə bağlıdır. Bu sahədə lisenziyası olmayan tibb müəssisəsi tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına görə inzibati cərimə təklif edilir. Məcəlləyə təklif olunan digər dəyişiklik donor anonimliyinin qorunmaması ilə əlaqədardır. Eyni zamanda, canlı donordan transplantasiya məqsədilə donor orqanlarının götürülməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmamasına görə də inzibati cərimələr nəzərdə tutulur.

Cinayət Məcəlləsində isə 137-ci maddə yeni redaksiyada verilib. Burada insan orqanlarının və toxumalarının alqı-satqısı, o cümlədən lisenziyası olmayan tibb müəssisələri və şəxslər üçün donor orqanlarının transplantasiyası ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulur.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu qanun layihələrinə başçılıq etdiyi  komitədə baxıldığını və müsbət rəy verildiyini söyləyib.

Sonra Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlara edilən dəyişikliklər barədə danışaraq bildirib ki, bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu məsələ ilə bağlı komitənin rəyinin müsbət olduğunu deyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin məsələ ilə bağlı rəyini diqqətə çatdıran komitə sədri Tahir Mirkişili “Reklam haqında” qanuna təklif olunan dəyişiklik barədə danışıb. Qanunla məhdudlaşdırılmış siyahıda olan donor orqanlarının reklamının qadağan olunmasını müsbət dəyərləndirib. O, donorluqla bağlı sosial reklamlara icazə verilməsinin qanunauyğun olduğunu bildirib və bu məsələyə komitədə müsbət rəy verildiyini qeyd edib.

Komitə sədri Siyavuş Novruzov, deputatlardan Razi Nurullayev, Sabir Rüstəmxanlı, Erkin Qədirli, Rəşad Mahmudov, Sahib Alıyev, Asim Mollazadə məsələlərlə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Sonra təqdim olunan hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (birinci oxunuş) məlumat verib.

Qanun layihəsi ilə bağlı komitədə səmərəli müzakirələrin aparıldığını qeyd edən komitə sədri  keçən müddət ərzində Azad Zonada görülən işlərin Azərbaycan sahibkarları qarşısında yeni çağırışlar qoyduğunu deyib. Bildirilib ki, təklif olunan dəyişikliklər ölkənin əsas iqtisadiyyatının vergi ödəyicilərinə Azad Zonada mal və xidmət alqı-satqısı zamanı onlara xarici ölkə subyektləri ilə bərabər rəqabət rejiminin yaradılmasını, bu əməliyyatların ixrac və idxal əməliyyatları ilə bərabər tutulmasını təmin edəcək. Qeyd olunub ki, bu, Azərbaycan sahibkarlarına Azad Zonada öz məhsullarını daha əlverişli şəraitdə təqdim etməyə imkan yaradacaq. Digər mühüm çağırış – Azad Zonada xidmət göstərəcək əsas  vergi ödəyicilərinə vergi rejiminin tətbiq edilməsi ilə bağlıdır. Dəyişikliyə əsasən, burada xidmət göstərən subyektlərə Azərbaycanın əsas iqtisadiyyatının qanunvericiliyi tətbiq olunacaq. Komitə sədri Azad Zonada tətbiq ediləcək gömrük və vergi rejimi barədə də danışıb.

Tahir Mirkişili qeyd edib ki, qanun layihəsi bütövlükdə Ələt azad iqtisadi zonasının gələcək inkişafında Azərbaycan sahibkarlarının daha çox fayda əldə etməsi, ölkənin əsas iqtisadiyyatında fəaliyyət göstərən subyektlərin Azad Zonanın iqtisadi faydasından bəhrələnməsi, öz məhsul və xidmətlərini burada daha rahat və bərabər şəraitdə təqdim etməsi baxımından mühüm əhəmiyyətə malikdir.  

Məsələ ətrafında gedən müzakirələrdə deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Fazil Mustafa fikirlərini diqqətə çatdırıblar.

Komitə sədri Tahir Mirkişili səsləndirilən fikirlərə münasibət bildirib.

İclasda iştirak edən Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov sənədlə bağlı fikirlərini açıqlayaraq qeyd edib ki, burada əsas məqsəd -  Azərbaycanın hüquqi və iqtisadi subyektlərinə, ölkə vətəndaşlarına xarici şirkətlərlə bərabər  şəraitin yaradılmasıdır.

Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Mülki Məcəllədə, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə  ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, sənəd "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq hazırlanıb. Belə ki, Miqrasiya Məcəlləsinə və layihədə adları çəkilən qanunlara təklif olunan dəyişikliklər həmin qanunlarla müəyyən olunan fəaliyyət sahələrində sahibkarlara münasibətdə yoxlamaların keçirilməsinin hüquqi əsaslarını dəqiqləşdirir və bu yoxlamaların "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun keçirilməsini təsbit edir. Mülki Məcəlləyə təklif olunan dəyişiklik isə dəqiqləşdirmə xarakteri daşıyır və sahibkarlıq fəaliyyəti anlayışının "Sahibkarlıq fəaliyyəti haqqında" qanunda təsbit olunan anlayışa uyğunlaşdırılmasını nəzərdə tutur.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin, Aqrar siyasət komitəsinin, Mədəniyyət komitəsinin sədrləri sənəd barədə həmin komitələrdə müsbət rəyin verildiyini bildiriblər.

Deputat Etibar Əliyev məsələ ilə əlaqədar fikirlərini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Layihə sığortaolunanların qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun təşkili ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. 

Layihədə qanunda istifadə olunan anlayışların açıqlanması, “fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı” anlayışının “sığortaçı” anlayışı ilə əvəz edilməsi nəzərdə tutulub. Yeni redaksiyada verilən 4-cü maddədə fərdi uçotun sığortaçı tərəfindən elektron qaydada aparılması, bu sahədə elektron xidmətlərin elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi, xidmətin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin fərdi uçotunun müəyyən edilmiş qaydada aparılması və digər məsələlər əks olunub.

Sənəddə sığortaolunanın fərdi şəxsi hesabına daxil edilən məlumatlar sırasına fərdi identifikasiya nömrəsinin (FİN), xüsusi hesabda qeydə alınan vəsait və onun indeksləşdirilməsi haqqında məlumatın əlavə edilməsi təklif olunur. Həmçinin, qeyd edilir ki, sığortaolunanın fərdi şəxsi hesabının bağlanması onun fərdi uçot məlumatlarına əsasən, sosial sığorta ödəmələrinin, o cümlədən ötən dövr üçün sosial sığorta ödəmələrinin təmin edilməsindən imtina olunması üçün əsas deyil. 

Qanunda nəzərdə tutulan digər düzəlişlərdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğlərinin Maliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş məlumat əsasında qeydə alınması nəzərdə tutulur. Bununla yanaşı, sığortaolunanın özü haqda məlumatları elektron sistemdən əldə edə bilməsi, fərdi hesabda əks olunmuş məlumatlarla razılaşmadıqda, həmçinin məlumatlarda dəyişiklik baş verdikdə sığortaçı və sığortaedənə müraciət etmək hüququnun dəqiqləşdirilməsi təklif edilir.

Deputat Fazil Mustafa məsələ ilə bağlı bəzi qeydlərini səsləndirib.

Komitə sədri Musa Quliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  qanun layihəsi ilə əlaqədar (birinci oxunuş) diqqətə çatdırıb ki, "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə" və “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2018-ci il 30 noyabr tarixli qanunlara əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi və bu sahədə fəaliyyətə nəzarət funksiyaları, habelə məcburi dövlət sosial sığorta haqları üzrə borcların hesablanması, haqqın vaxtında ödənilməməsinə görə faizlərin və maliyyə sanksiyalarının tətbiqi ilə bağlı səlahiyyətlər vergi orqanlarına həvalə edilib. Təklif olunan  layihə  həmin qanunlara uyğunlaşdırma məqsədi daşıyır.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, sabah, may ayının 28-də xalqımız Müstəqillik gününü qeyd edəcəkdir. 104 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi xalqımızın müstəqillik əzmini təcəssüm etdirən tarixi hadisə olub.

Şərqdə ilk demokratik dövlət quruluşu modelini təqdim etmiş Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, qısa müddətdə öz hökumətini, parlamentini, digər dövlət orqanlarını, ordusunu formalaşdırıb. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış inamlı addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlər idi. 

Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələrdən bəhrələnən xalqımız 1991-ci ildə tarixi varislik üzərində dövlət müstəqilliyini bərpa etsə də, ancaq həmin zaman Azərbaycan çıxılmaz problemlər məngənəsinə düşmüş, müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi. 

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz idarəçilik məharəti, əzmkarlığı və yorulmaz səyləri nəticəsində dövlətin qarşısında dayanan ağır problemlər həll edildi,  Azərbaycan tənəzzülə son qoyub ardıcıl inkişaf yoluna çıxdı. Ölkəmizin sivil dünyanın bir hissəsinə çevrilməsi üçün möhkəm təməllər yaradıldı.

Spiker diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını zamanın çağırışlarına və tələbatına uyğun şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət  Azərbaycanı yeni qələbələrə aparır.

Onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əzəli və tarixi torpaqlarımızın erməni işğalından qurtarılması, tarixi ədalətin bərpa olunması və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi Azərbaycanın qarşısında tamamilə yeni inkişaf perspektivləri açmış, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişmişdir.

Milli Məclisin sədri dövlət başçısının uzaqgörən siyasəti sayəsində qələbədən qələbəyə addımlayan Azərbaycan dövlətinin qarşıdakı illərdə daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Müstəqillik Günü münasibəti ilə deputatlara və media nümayəndələrinə təbriklərini çatdırıb. O, təklif edib ki, möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın.

Spikerin təklifi alqışlarla qarşılanıb. Bununla da Milli Məclisin iclası başa çatıb.

  Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU