İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirak edən parlament nümayəndə heyətləri Şuşa şəhərinə səfər ediblər

Tədbirlər
18 may 2022 | 18:52   
Paylaşın:        

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edən Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan parlament nümayəndə heyətləri mayın 18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova  və digər rəsmi şəxslər müşayiət ediblər.

Şuşaya səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Onlara Prezident İlham Əliyevin sərəncamı ilə qısa müddətdə tikilərək istifadəyə verilmiş bu hava limanının texniki imkanları barədə məlumat verilib. Bildirilib ki, Qarabağın “hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var.

Parlament nümayəndələri Füzuli Beynəlxalq Hava Limanının və tikilməkdə olan Laçın hava limanının maketləri ilə də tanış olublar.  

Sonra qonaqlar Füzulidən Şuşaya yola düşüblər. Şuşada parlament nümayəndələrini Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayaraq, onlara Şuşanın Qala divarları, şəhərin tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada aparılan quruculuq işləri barədə danışıb. Parlament nümayəndələrinin diqqətinə çatdırılıb ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur. Qonaqlara şəhərdə bərpa olunmuş tarixi abidələr, tikiləcək yeni yaşayış binaları barədə də məlumat verilib. 

Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını seyr ediblər, Şəhər Meydanı ətrafında yerləşən  Prezidentin Xüsusi Nümayəndəliyinin binasında aparılan bərpa işləri ilə tanış olublar. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri  barədə məlumat verilib. Heykəllərin önündə məşhur fotojurnalist Rza Deqati qonaqlara Şuşada, həmçinin Vətən müharibəsi dövründə çəkdiyi fotoları nümayiş etdirib. O, Azərbaycan əsgərlərinin rəşadəti, azərbaycanlıların sülhsevərliyi barədə fikirlərini bölüşüb. Burada qonaqlar onları müşayiət edən media nümayəndələrinə Şuşaya səfərləri barədə təəssüratları və Azərbaycanın böyük Zəfəri haqqında danışıblar.

Şuşa şəhərində gəzinti zamanı qonaqlara ermənilərin mədəniyyət abidələrimizə  vurduqları ziyan, qədim artefaktlarımızı saxtalaşdırmaları barədə də məlumat verilib. Qonaqlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri ilə tanış olublar. Bildirilib ki, bu məscidlərdə təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə aparılır. Diqqətə çatdırılıb ki, bügünlərdə Prezident İlham Əliyev Şuşa şəhərində tikiləcək yeni məscidin təməlini qoyub. Həmin məscidin minarələrinin hündürlüyü 100 metrə çatacaq.

Sonra parlament nümayəndələri Cıdır Düzündə olublar. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla  Cıdır Düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır Düzü işğaldan  əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU