Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib

Plenar iclaslar
17 may 2022 | 21:25   
Paylaşın:        

Mayın 17-də Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransı keçirilib. Konfrans “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusuna həsr olunub.

Parlamentin sədri Sahibə Qafarova tədbiri açaraq Azərbaycan Respublikası Milli Məclisi adından İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edən bütün nümayəndə heyətlərini salamlayıb. O, Pakistan İslam Respublikasının Milli Assambleyasına İƏT PA-ya uğurlu sədrliyinə görə minnətdarlığını bildirib. O, Pakistan tərəfinin ötən dövr ərzində Assambleyanın təsisatlandırılması baxımından mühüm işlər gördüyünü deyib, Pakistanın İƏTPA-nın Katibliyi qismində çıxış etməsinə görə təşəkkür edib. Sahibə Qafarova qurumun Üçüncü Ümumi Konfransının keçirilməsində Katibliyin rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, təşkilatın tam potensialını üzə çıxarmaq üçün böyük işlər görülməlidir və Azərbaycan Milli Məclisi dayanıqlı tərəfdaşlıq çərçivəsində işə başlamaq istəyir. Spiker bildirib ki, artıq qurumun 3 komitəsinin iclasları keçirilib. İndi isə gündəlikdəki məsələlərin müzakirəsinə keçirik.

Sonra Sahibə Qafarova qurumun İcraiyyə Şurasının qərarları haqqında məlumat vermək üçün sözü İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Tahir Hüsseynə verib.

İƏTPA-nın Baş katibi Tahir Hüsseyn diqqətə çatdırıb ki, tədbirdə qurumun İkinci Ümumi Konfransının hesabatı təqdim olunub. İcraiyyə Şurası Bakı Bəyannaməsini təsdiq edib.  Bəyannamə bütün nümayəndə heyətləri tərəfindən imzalanacaq. İcraiyyə Şurası İƏTPA-nın işçi qrupu tərəfindən verilən təklifi dəstəkləyib. Bu işçi qrupu Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin nümayəndələrindən ibarətdir. Beləliklə, İƏTPA Katibliyinin inzibati və maliyyə qaydaları qəbul olunacaq. Bununla yanaşı, İƏTPA-nın prosedur qaydalarına dəyişiklik təsdiq edilib. Qeyd olunub ki, Azərbaycan Milli Məclisi qurumun üç komitəsinin iclaslarına ev sahibliyi edib.

Sonra İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında çıxış edən Milli Məclisin sədri bildirib ki, Üçüncü Ümumi Konfransda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistan İslam Respublikasının Milli Assambleyasından Azərbaycan Respublikasının Milli Məclisinə keçib. Sahibə Qafarova konfrans iştirakçılarını əmin edib ki, Azərbaycan Respublikasının Milli Məclisi təşkilata sədrliyi dövründə Assambleyanın fəaliyyətinin gücləndirilməsi, parlamentlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir.

Spiker diqqətə çatdırıb ki, Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatını mühüm regional təşkilat hesab edir və üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır.

O, qeyd edib ki, xalqlarımızı birgə tarix, mədəniyyət, ənənələr və din birləşdirir. Bu mənada, xalqlarımızın təmsilçiləri kimi, biz, parlament üzvləri xüsusi məsuliyyət daşıyırıq. İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası təşkilatın hədəf və məqsədlərinin reallaşdırılmasını dəstəkləməklə yanaşı, parlamentlərimiz arasında əlaqələrin gücləndirilməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verir.

Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisi Parlament Assambleyası çərçivəsində fəaliyyətinə böyük əhəmiyyət verir. Assambleyanın Nizamnaməsinin ratifikasiya edilməsi bunun bariz nümunəsidir. O, digər üzv parlamentləri də Assambleyanın Nizamnaməsini imzalamağa və ratifikasiya etməyə çağırıb. Qeyd edib ki, bu addım üzv parlamentlərimiz arasındakı əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.

Milli Məclisin sədri qeyd edib ki, Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının mövzusu olduqca aktualdır. COVİD-19 pandemiyası qlobal iqtisadiyyata, səhiyyəyə və ictimai həyatın bütün sahələrinə kəskin şəkildə təsir göstərməklə ciddi çətinliklər yaratmışdır. Təəssüf ki, dünya ictimaiyyəti bu çətinliklərə hazırlıqlı olmamışdır və böhrandan çıxış yollarının tapılması üçün müəyyən vaxt tələb olunmuşdur. Pandemiyanın yaratdığı problemlərin bir-biri ilə bağlı olması və ilk növbədə, sosial-iqtisadi yükünün ağır olması fonunda, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması üçün qlobal səylərin səfərbər olunması zəruri idi.

Spiker deyib ki, Azərbaycan Respublikası bu istiqamətdə bir sıra uğurlu qlobal təşəbbüslər irəli sürmüşdür. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmiş, 2021-ci ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilmişdir. Digər tərəfdən, Azərbaycan pandemiyadan ən çox əziyyət çəkən ölkələrə maliyyə və humanitar yardım göstərmiş, xəstəlik əleyhinə peyvənd ianə etmişdir.

Milli Məclisin sədri bildirib ki, pandemiya tamamilə aradan qalxmasa da, kəskin dövrü geridə qalıb. İndi biz növbəti addımlara hazır olmalı və gələcək mümkün çağırışlarla daha güclü mübarizə aparmaq üçün post-pandemiya dövründə bərpa məsələlərinə daha çox diqqət yetirməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev artıq pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsünü irəli sürüb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional əməkdaşlıq formatları post-pandemiya dövründə bərpa məsələləri üzrə səylərin birləşdirilməsi və həmrəyliyin nümayiş etdirilməsi baxımından yaxşı imkanlar vəd edir. Parlament diplomatiyasının xüsusi əhəmiyyət qazandığı müasir dövrdə parlament üzvləri ölkələrinin çoxtərəfli əməkdaşlıq səylərini dəstəkləməlidirlər. Mövcud dialoqumuz çərçivəsində aparılan fikir və təcrübə mübadilələri, irəli sürülən yeni ideyalar, parlament komitələrimizin mümkün birgə fəaliyyət təşəbbüsləri bu prosesə töhfə verəcəkdir.

Sahibə Qafarova qeyd edib ki, post-pandemiya dövründə ölkələrimizin maraqlarına cavab verən iqtisadi və ticari əlaqələrin əvvəlki səviyyələrinin yenidən bərpası zəruridir. Bu çərçivədə, regionumuzun iqtisadi potensialının tam şəkildə reallaşdırılması baxımından nəqliyyat-kommunikasiya xətlərinin və tranzit yollarının diversifikasiyası  mühüm aktuallıq kəsb edir. Azərbaycan bu istiqamətdə öz imkanlarını təqdim edir. Ölkəmizdə ən müasir nəqliyyat infrastrukturu yaradılıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan bu gün Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən biridir.

Milli Məclisin sədri bildirib ki, regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin olunması post-pandemiya dövründə bərpa məsələləri üçün zəruri şərtlərdən biridir.

Spiker hazırda bu istiqamətdə gedən proseslər haqda məlumat verərək diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyub. 44 günlük Vətən müharibəsinin yekununda ölkəmiz tarixi zəfər əldə edərək öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasını özü təmin edib.

Milli Məclisin sədri qeyd edib ki, işğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub. Məscidlərimiz, müqəddəs ocaqlarımız təhqir olunub.

Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinə start verib.

Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri qaytarılmasına başlanacaqdır.

Spiker onu da qeyd edib ki, həyata keçirilən işlərə ən böyük maneə Ermənistan tərəfindən işğaldan azad edilmiş torpaqlarda basdırılmış çoxsaylı minalardır. 10 noyabr 2020-ci il tarixindən etibarən, mina partlayışları nəticəsində 210-dan çox mülki şəxs və hərbçi həlak olub və yaralanıb. Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən biri olsa da, təəssüf ki, hələ də bu istiqamətdə ən az beynəlxalq yardım alan ölkələrdən biri olaraq qalır.

Sahibə Qafarova qeyd edib ki, 44 günlük Vətən müharibəsindən artıq bir il yarım vaxt keçir. Azərbaycan Ermənistana bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşdırılmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təklif verib. Biz müharibə yox, sülh və gələcək haqqında danışmaq istəyirik.

Spiker onu da vurğulayıb ki, Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Son olaraq aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə daha bir üçtərəfli görüş keçirilib. Həmin ərəfədə və xüsusən bu görüşdən sonra Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipi qəbul etdiyini bəyan edib. Ancaq Ermənistanın bu istiqamətdə hansısa real addımlar atdığı hələlik müşahidə olunmur. Halbuki, sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibi artıq müəyyən edilib. Azərbaycan sülh danışıqlarına başlamağa hazırdır.

Milli Məclisin sədri qeyd edib ki, Ermənistan anlamalıdır ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, konstruktiv yanaşma nümayiş etdirməli və qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına getməlidir. Bu, regionda real sülhə və sabitliyə nail olmağın yeganə yoludur.

Çıxışının sonunda Sahibə Qafarova bildirib ki, post münaqişə dövründə Cənubi Qafqazda yeni reallıqlar və yeni əməkdaşlıq imkanları yaranıb. Əldə olunmuş razılaşmalara uyğun olaraq açılacaq yeni nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəkdir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələr də bu yeni dəhlizdən faydalanacaqlar.

Sonra İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf öz çıxışında quruma üzv ölkələrin xalqlarının ümumi dəyərləri bölüşdüyünü söyləyib. Regionda sülhün və rifahın bərqərar olmasının iqtisadi tərəqqinin və əməkdaşlığın inkişafı baxımından əhəmiyyətindən söhbət açıb. Mövcud problemlərin həlli istiqamətində birgə səylərin önəmli olduğunu deyib.

Sonra çıxış edən Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda bu görüşün parlament əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini deyib. COVİD-19 pandemiyasının bütün dünyada yaratdığı fəsadlardan danışıb. Pandemiyanın nəticələrinin aradan qaldırılması üçün ölkəsində görülən işlərdən bəhs edib. Bu istiqamətdə qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib. Qonaq region ölkələrinin iqtisadi inkişafı istiqamətində  İƏT çərçivəsində əməkdaşlığın əhəmiyyətli olduğunu bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop öz nitqində İƏTPA-nın Bakıda keçirilən Üçüncü Ümumi Konfransında iştirakından məmnunluğunu ifadə edib. Konfransı  yüksək səviyyədə təşkil və ev sahibliyi edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib. O, bu Konfransın ölkələrin və regionun inkişafı, xalqların rifahı baxımından əhəmiyyətli olduğunu deyib. Bildirib ki, iqtisadi və sosial inkişafın davamlı olmasına nail olmaq üçün qarşılıqlı inteqrasiya və əməkdaşlığın inkişafı çox vacibdir və Türkiyə bu istiqamətdə öz dəstəyini hər zaman göstərməyə hazırdır. O, ölkəsinin parlamentlərarası əlaqələrin gücləndirilməsinə böyük diqqət yetirdiyini qeyd edib, parlament diplomatiyasının regional inteqrasiya və inkişafa töhfə verəcəyinə inamını ifadə edib.

Mustafa Şentop koronavirus pandemiyasının bütün dünyada sosial, iqtisadi, humanitar sahələrdə çox dərin problemlər yaratdığını bildirib. Qeyd edib ki, bu problemlərin həlli üçün birgə hərəkət etmək lazımdır. Beynəlxalq həmrəylik prioritet məsələyə çevrilib və bu proses, eyni zamanda, parlament diplomatiyasının böyük əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirib. Pandemiyaya qarşı mübarizə ilə bağlı, o cümlədən sosial məsələlərin nəzərə alınması, maliyyə resurslarından səmərəli istifadə edilməsi sahəsində qəbul olunmuş qərarların qanunvericilik baxımından dəstəklənməsi çox önəmlidir.

Türkiyə parlamentinin sədri çıxışında Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi məsələsinə də toxunub. O, münaqişənin həlli ilə bağlı yaradılmış  Minsk qrupunun fəaliyyətinin bir nəticə vermədiyini qeyd edib,  Türkiyənin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini vurğulayıb. Mustafa Şentop Azərbaycan Prezidenti İlham Əliyevə 44 günlük Vətən müharibəsindəki Zəfər münasibəti ilə bir daha öz təbriklərini çatdırıb və bildirib ki, “Qarabağ – Azərbaycandır”.

Konfransda çıxış edən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov, İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad, Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva, Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primov   post -pandemiya dövründə regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində İƏTPA-ya üzv ölkələrin qarşısında duran məqsədlərdən danışıblar. Konfransın regionda sosial-iqtisadi tərəqqiyə təkan vermək baxımından vacibliyini qeyd ediblər. Parlament rəhbərləri ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu söyləyiblər, mövcud problemlərin həlli ilə bağlı parlamentlərin üzərinə düşən vəzifələrdən bəhs ediblər. Onlar parlament nümayəndə heyətlərinin ikitərəfli və çoxtərəfli əlaqələrinin möhkəmləndirilməsi sahəsində belə tədbirlərin əhəmiyyətli olduğunu bildiriblər.

Konfransda çıxış edən bütün nümayəndə heyətlərinin rəhbərləri İƏT PA-nın Bakıda keçirilən tədbirinin yüksək səviyyədə təşkil olunduğunu və region ölkələrinin bütün sahələrdə, o cümlədən parlamentlər səviyyəsində qarşılıqlı faydalı əməkdaşlığının daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

Konfransda iştirak edən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri Azərbaycan hökumətinə, Milli Məclisin sədri Sahibə Qafarovaya tədbirdə iştirak edən nümayəndə heyətləri üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib. O, dünyada baş verən proseslərdə parlamentlərin artan rolundan danışıb, İqtisadi Əməkdaşlıq Təşkilatının  Parlament Assambleyasının yaradılmasını yüksək qiymətləndirib. Xusrav Noziri bütün üzv dövlətlərin bu forumun gücləndirilməsi istiqamətində göstərdiyi səyləri xüsusi qeyd edib. O, təşkilatın gələcək fəaliyyət istiqamətləri barədə də fikirlərini açıqlayıb.

İclasda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Baş katibi Tahir Hüsseyn növbəti məsələnin Bakı Bəyannaməsinin imzalanması olduğunu diqqətə çatdırıb. Sonra nümayəndə heyətlərinin rəhbərləri Bakı Bəyannaməsini imzalayıblar.

Bəyannamənin imzalanma mərasimindən sonra Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı  Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının sona çatdığını qeyd edib. Spiker bildirib ki, hal-hazırda Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı  Parlament Assambleyasına sədrliyi öz üzərinə götürüb. Biz əlimizdən gələni edəcəyik ki, bu təşkilatı gücləndirək və üzərimizə düşən bütün vəzifələri yerinə yetirək. Əminəm ki, bugünkü çıxışlarda söylənilən fikirlər bizim işimizi zənginləşdirəcək və imkan verəcək ki, bizim əməkdaşlığımız yeni səviyyəyə yüksəlsin. Milli Məclis üzv ölkələrin parlamentləri ilə əməkdaşlığı genişləndirməyə hazırdır.

Tədbirin yekununda Sahibə Qafarova tədbirdə iştirak edən bütün nümayəndə heyətlərinin üzvlərinə təşəkkürünü bildirib.

Sonra nümayəndə heyətlərinin üzvləri ailə fotosu çəkdiriblər.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU