Milli Məclisin İnsan hüquqları və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib

Komitə iclasları
04 may 2022 | 17:42   
Paylaşın:        

Mayın 4-də Milli Məclisin İnsan hüquqları və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.

İclası açan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc  gündəliyə  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə(birinci oxunuş) və bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinin daxil edildiyini bildirib.

Komitə sədri müasir dövrdə informasiyanın mühafizəsinin hər bir dövlət üçün mühüm həyati məsələ olmasından və kibertəhlükəsizliyin təmin edilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, iclasın gündəliyinə daxil edilən hər iki qanun layihəsi bununla bağlıdır. Belə ki,  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna yeni fəsilin əlavə edilməsi təklif olunur. Bununla da qanunvericiliyimizə “kritik informasiya infrastrukturu” anlayışı gətirilir.

Zahid Oruc bildirib ki, kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinə prioritet məsələ kimi baxılmasının zərurətini nəzərə alaraq və Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 17 aprel 2021-ci il tarixində “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalanıb. Qeyd olunan qanun layihəsində kritik informasiya infrastrukturu, onun obyekti və subyekti, digər anlayışlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının hüquqi əsasları müəyyən edilir.

İclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili kibertəhlükəsizliyin pozulmasının dünyada ən çox iqtisadi sahəyə ziyan vurduğunu diqqətə çatdırıb. Bildirib ki, il ərzində dünya iqtisadiyyatına kibertəhlükəsizliyin pozulmasına görə dəyən zərər təxminən 10 trilyon dollara yaxındır. Bu isə dünya iqtisadiyyatının illik inkişafından iki dəfə çoxdur. Bu gün dünya sürətlə rəqəmsallaşmaqdadır və bu sahənin ciddi şəkildə qorunmasına ehtiyac var. Bu baxımdan layihə ölkənin iqtisadi təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir.  Təqdirəlayiq haldır ki, qanunda kibertəhlükəsizliyin qorunması baxımından 10-a yaxın konkret sahə müəyyən olunub. Kibertəhlükəsizliyin qorunması təkcə dövlətin və hökumətin deyil, bütövlükdə cəmiyyətin funksiyasıdır.

Tahir Mirkişili bu qanunun qəbul edilməsinin ümumilikdə iqtisadiyyatımızın inkişafında öz rolunu oynayacağına inamını ifadə edib.

Sonra iclasda çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması istiqamətində görülən işlərdən danışıb, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini qeyd edib. Rəis müavini kibercinayətkarlığa qarşı mübarizə, bu sahədə görülmüş qabaqlayıcı tədbirlər barədə məlumat verib və müzakirəyə çıxarılan qanun layihəsini  yüksək qiymətləndirib.

Müzakirələr zamanı çıxış edən deputatlar Razi Nurullayev, Əli Məsimli, Tural Gəncəliyev, Tahir Kərimli, Vahid Əhmədov və Aydın Hüseynov Azərbaycanda informasiya təhlükəsizliyinin qorunmasında əldə edilmiş uğurlardan danışıblar, müzakirə olunan qanun layihəsinin əhəmiyyətini qeyd ediblər.

İclasda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin ikinci məsələsi – İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi(birinci oxunuş) barədə məlumat verib. Bildirib ki, bu dəyişiklik  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələblərinin pozulması zamanı yaranan inzibati məsuliyyəti özündə ehtiva edir və buna görə məcəllədə cərimələr nəzərdə tutulur.  Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsinə müsbət rəy verib.

Müzakirələrdən sonra hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda Milli Məclisin deputatları Ziyad Səmədzadə, Jalə Əhmədova, Məzahir Əfəndiyev, İqbal Məmmədov, Rüfət Quliyev, Naqif Həmzəyev, Elşad Mirbəşir oğlu, Bəhruz Məhərrəmov, Məşhur Məmmədov, Elnur Allahverdiyev, Anar Məmmədov, Mahir Abbaszadə və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU