TƏHLÜKƏSİZLİK və MÜDAFİƏ KOMİTƏSİNDƏ

Dekabrın 7-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında üç məsələyə baxıldı. İclasda Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələləri şərh etdi.
Bildirildi ki, ötən əsrin 90-cı illərində qəbul edilmiş qanunvericilik aktlarına təklif olunan dəyişikliklərə görə, “Sərhəd qoşunları haqqında” qanunun 4-cü və 5-ci maddələrinin, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun isə 9-cu, 11-ci, 12-ci və 26-cı maddələrinin müvafiq bəndləri “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa və Gömrük Məcəlləsinə uyğunlaşdırılır.
Sonra Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsini təqdim etdi. Qeyd olundu ki, 2012-ci il sentyabr ayının 7-də Bakıda imzalanmış bu Saziş qarşılıqlı etimadın göstəricisidir. İndiyədək ölkəmiz bir neçə dövlətlə belə sazişlər imzalayıb. Həmin sənədlər təsdiqlənib və praktik cəhətdən özünü doğruldub.
Komitədə aparılan fikir mübadiləsində deputatlar Siyavuş Novruzov, Zahid Oruc, Fərəc Quliyev hər üç sənədin əhəmiyyətindən danışdılar. Sazişlə əlaqədar bildirildi ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bir sıra dövlətlərin ərazilərində təhlükəli qəzaların, təbii və texnogen fəlakətlərin, bədbəxt hadisələrin aradan qaldırılmasında fəal iştirak ediblər. Hazırda müzakirə olunan sənəd Azərbaycanla Litva arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlığın genişlənməsinə, eyni zamanda dövlətlərimiz arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək.
Müzakirələrin yekununda hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti