Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb

Sədrin səfərləri
19 aprel 2022 | 21:24   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində aprelin 19-da bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Baş nazir İrakli Qaribaşvili Sahibə Qafarovanı və parlament nümayəndə heyətinin üzvlərini ölkəsində salamlamaqdan məmnunluğunu bildirib. O, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin, dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişafının təqdirəlayiq olduğunu qeyd deyib. Bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatmasının əsası xalqlarımızın böyük liderləri Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulub.

Baş nazir onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Bildirib ki, Prezident İlham Əliyev ölkəsinin ərazi bütövlüyünü bərpa etmiş lider kimi böyük hörmətə layiqdir.

İrakli Qaribaşvili parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətindən söhbət açaraq, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizi daha da gücləndirdiyini deyib. O, iki ölkənin həyata keçirdiyi birgə layihələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Baş nazir Gürcüstan, Türkiyə və Azərbaycan üçtərəfli əlaqələrinin inkişafından da danışıb, bu əlaqələrin daha da gücləndirilməsini dəstəklədiklərini diqqətə çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfərindən məmnunluğunu bildirib. O, Azərbaycan parlamentinin spikeri kimi Gürcüstana ilk rəsmi səfəri olduğunu və bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına xidmət edəcəyinə inamını bildirib.

Parlamentin sədri Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin möhkəm təməl üzərində qurulduğunu, bu il diplomatik əlaqələrimizin 30 illiyinin tamam olacağını bildirib. O, müstəqillik illərində Azərbaycan və Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini,  ölkələrimiz arasında həyatın müxtəlif sahələrində sıx əməkdaşlığın mövcudluğunu söyləyib.

Azərbaycan parlamentinin spikeri yüksək səviyyəli səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolunu vurğulayıb. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana, Gürcüstan tərəfinin, o cümlədən Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin Azərbaycana qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib. O, Baş nazir İrakli Qaribaşvilinin də ötən ilin mayında ölkəmizə rəsmi səfərini, onunla Milli Məclisdəki görüşünü məmnunluqla xatırlayıb.
Milli Məclisin spikeri iqtisadi sahədəki əlaqələrin əhəmiyyətindən danışaraq bildirib ki, hazırda Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb. O, qeyd edib ki,  Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və investorlarından biridir. Bir çox Azərbaycan şirkətləri Gürcüstanda uğurla fəaliyyət göstərir.

Sahibə Qafarova İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın da səmərəli fəaliyyət göstəridiyini, onun iqtisadi sahədə əlaqələrin daha da dərinləşdirilməsinə geniş imkanlar yaratdığını məmnunluqla söyləyib. Ölkələrimizin irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində səmərəli əməkdaşlıq etdiklərini xüsusi qeyd edib. Bildirib ki, bu layihələr regionumuzun sabitliyinə və inkişafına mühüm töhfələr verir.

Milli Məclisin sədri dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində parlamentlərin xüsusi rolunu qeyd edib. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb. O, Azərbaycan parlamentinin qanunvericilik fəaliyyəti, onun komitələri  barədə məlumat verib. Bildirib ki, hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq qrupları təcrübə və informasiya mübadiləsi baxımından parlamentlər arasında körpü rolunu oynayır.

Görüşdə Sahibə Qafarova 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın öz əzəli torpaqlarını 30 il davam edən erməni işğalından azad etməsi və ərazi bütövlüyümüzü bərpa etməsi barədə də danışıb. Qeyd edib ki, Azərbaycan bununla BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsini təmin edib. Bu gün Ermənistan ilə Azərbaycan arasında münaqişə artıq mövcud deyil. Hazırda  Azərbaycan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirir.

Ermənistanın işğal zamanı şəhər və kəndlərimizi dağıtdığı, tarixi, mədəni və dini abidələrin vandalizmə məruz qaldığı baş nazirin diqqətinə çatdırılıb. Spiker bildirib ki, bütün infrastruktur yenidən qurulur, "yaşıl enerji" zonaları elan edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni şəhər və kəndlər inşa edilir, keçmiş məcburi köçkünlərin tezliklə öz evlərinə qayıtması üçün lazımi şərait yaradılır.

Milli Məclisin sədri söyləyib ki, postmünaqişə dövründə Cənubi Qafqazda yeni reallıqlar və yeni imkanlar yaranıb. Azərbaycan Ermənistana regionda münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təkliflər verib. 

Söhbət zamanı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU