İctimai birliklər və dini qurumlar komitəsinin iclasında

Komitə iclasları
22 fevral 2022 | 17:25   
Paylaşın:        

Fevralın 22-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirilib. İclasda “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, parlamentin ötən iclasında qanun layihəsinin ikinci oxunuşu zamanı layihədə təklif olunan dəyişikliklərlə əlaqədar deputatlar bir sıra qeydlərini səsləndiriblər. Komitənin bugünkü iclasında həmin fikirlərə aydınlıq gətiriləcək.

Sonra iclasda Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıb. Bildirilib ki, Azərbaycan Konstitusiyasının 18-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Qanunun 8-ci maddəsinin üçüncü hissəsinə təklif olunan dəyişiklik dini fəaliyyətin tənzimlənməsində yeni qaydanın tətbiqi ilə əlaqədardır. Burada din xadiminin təyinatı məsələsindən bəhs edilir, belə ki, dini fəaliyyətin həyata keçirilməsi ilə bağlı zamana və şəraitə uyğun dəyişikliyə ehtiyac yaranıb.

Qeyd edilib ki, Azərbaycanda bütün ictimai münasibətlər normativ hüquqi aktlar əsasında tənzimlənir. Din milli-mənəvi dəyər olmaqla yanaşı, eyni zamanda, milli təhlükəsizlik məsələsidir. Dövlətin də əsas vəzifələrindən biri ölkəni xarici ideoloji təhdidlərdən qorumaq, milli təhlükəsizliyi təmin etməkdir. Bu baxımdan, bu sahə dövlətin nəzarətindən kənarda qala bilməz. Şöbə müdiri bir sıra ölkələrin təcrübəsindən misal gətirərək, din xadimlərinin təyinatı məsələsinin dövlət tərəfindən tənzimləndiyini və bunun dinə müdaxilə hesab edilmədiyini söyləyib. Qeyd olunub ki, qanun layihəsi hazırlanan zaman ölkə Konstitusiyasının, İnsan hüquq və azadlıqlarının qorunması haqqında Avropa Konvensiyasının tələbləri nəzərə alınıb. Dini icmaların ianələri məsələsinə toxunan məruzəçi bildirib ki, bütün vəsaitlər, o cümlədən könüllü yığılan ianələr həmin icmanın səlahiyyətindədir və Nizamnaməyə uyğun şəkildə istifadə edilir.

Çıxışda sənədin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə əsasən ekspertizadan keçirildiyi və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib edildiyi diqqətə çatdırılıb.  Şöbənin rəyi ondan ibarətdir ki, “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının Konstitusiyasına, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn tələblərə uyğundur.

Tədbirin sonunda “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə  qanun  layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitənin sədr müavini Sahib Alıyev, üzvləri Azər Badamov, Sevinc Fətəliyeva, Malik Həsənov, Anar İsgəndərov, Ceyhun Məmmədov, Cavanşir Paşazadə və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU