Milli Məclis Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib

Plenar iclaslar
24 dekabr 2021 | 18:43   
Paylaşın:        

Dekabrın 24-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bugünkü iclas çox əlamətdar bir gündə keçirilir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olub. Belə bir ailədə böyüməsi gələcək siyasi lider üçün əsl məktəb olub. Orta təhsil və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı yüksək ali təhsil, zəngin biliklər bu təcrübəni daha da möhkəmləndirib, onun gələcəkdə dövlət xadimi kimi formalaşmasında mühüm rol oynayıb.

Cənab Prezident hələ Dövlət Neft Şirkətində Birinci vitse-prezident, Milli Məclisin deputatı kimi Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, həmin Assambleyanın sədrinin müavini, Milli Olimpiya Komitəsinin Prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini kimi mühüm vəzifələrdə fəaliyyət göstərərkən, daim bir amala - doğma Vətənin dirçəlişinə və tərəqqisinə, milli maraqlara xidmət edib. Xalqın İlham Əliyevə yüksək etimadının təməlində məhz bu dəyişməz mövqe dayanır.

Bunun nəticəsi idi ki, 2003-cü il avqust ayının 4-də cənab İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmuşdur.

Həmin ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində isə cənab İlham Əliyev xalqımızın mütləq əksəriyyətinin dəstəyini qazanaraq, prezident seçilmişdir. Ali kürsüdə fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan edən möhtərəm cənab Prezident ölkəmizə bu yolla böyük zəfərlər qazandırıb. O, Yeni Azərbaycan Partiyasının Sədri kimi də Ulu Öndərin ideya siyasi xəttini davam etdirərək, partiyanı ölkəmizin və regionun ən güclü siyasi təşkilatına çevirib.

Qürur hissi ilə demək olar ki, Azərbaycanın son yarım əsrlik tarixi ulu öndərin və cənab Prezidentin adı ilə sıx bağlıdır. Bu günün özəlliyini nəzərə alaraq, Milli Məclisin sədri son 18 ildə ölkəmizin qazandığı bir sıra mühüm uğurları diqqətə çatdırıb.

Sahibə Qafarova bildirib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin, tolerantlığın ünvanı kimi tanınır. Dövlətimizin başçısının milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasət kursu ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb, ona böyük nüfuz qazandırıb. İnkişaf etmiş dövlətlərin sırasında layiqli yer tutan Azərbaycan 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Bu uğur ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun, daim yüksələn statusunun göstəricisi idi. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün bu təşkilatın sədri seçilməsi də regional və beynəlxalq arenada söz sahibi kimi qəbul edilməsinin nəticəsidir. Möhtərəm Prezidentin  təşəbbüsü ilə bu il noyabr ayının 28-də Madrid şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun daha bir sübutudur. Bu gün Azərbaycan qlobal mədəniyyətlərarası dialoqun, aparıcı siyasi platformaların reallaşdırıldığı ünvanlardan biridir.

Milli Məclisin sədri beynəlxalq əməkdaşlıq sahəsində cənab Prezidentin türk birliyinin daha da güclənməsi naminə yorulmaz və səmərəli fəaliyyətini xüsusi qeyd edərək diqqətə çatdırıb ki, bu il noyabrın 12-də möhtərəm Prezidentimizin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi bu mühüm xidmətlərin nəticəsi idi.

Spiker vurğulayıb ki, son 18 ilin ən böyük uğurlarından biri Azərbaycanın sürətli, dinamik iqtisadi inkişafına nail olunması, ölkəmizin iqtisadi potensialının əvvəlki dövrlərlə müqayisə edilməyəcək səviyyəyə yüksəlməsidir. Müasir Azərbaycan bu gün regional və beynəlxalq miqyaslı iqtisadi layihələri həyata keçirən ölkədir.

Möhtərəm Prezident İlham Əliyevin liderlik məharəti və gərgin səyləri ilə yaradılan əməkdaşlıq platformaları regiona yatırılan investisiyaların artmasına gətirib çıxarıb. Bakı–Tbilisi–Ceyhan, “Cənub Qaz Dəhlizi”, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu və bu kimi digər beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi Azərbaycan liderinin iqtisadi, siyasi təşəbbüslərinin və səylərinin nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də inamla həyata keçirilən davamlı islahatlar Azərbaycanın dayanıqlı və dinamik inkişafını təmin edir. Dünyada iqtisadi və maliyyə böhranının yaşandığı, pandemiyanın yaratdığı çətinliklərin davam etdiyi bir vaxtda ölkə iqtisadiyyatının bütün istiqamətlərində artıma nail olunub.

Milli Məclisin sədri ötən 18 ildə əldə olunmuş nailiyyətlərimizi qeyd edərkən, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbəni böyük qürur hissi ilə vurğulayıb. Bildirib ki, bu zəfər İlham Əliyevin böyük sərkərdəlik və siyasi-diplomatik məharətinin nəticəsi idi. Məhz buna görə xalqımız cənab Prezidenti tarixi qələbəmizin memarı hesab edir.

Azərbaycanın ərazi bütövlüyünü təmin edən möhtərəm Prezident özünün dediyi kimi, həm də ulu öndər Heydər Əliyevin ata vəsiyyətini yerinə yetirdi.

Spiker çıxışında Prezidentin müəyyən etdiyi strateji yol xəritələri sırasında Qarabağa Böyük qayıdışı xüsusi olaraq qeyd edib. Bildirib ki, məlum olduğu kimi, Ermənistanın işğal dövründə viran qoyduğu ərazilərimizin azad olunmasından dərhal sonra həmin torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verilib. Azərbaycan öz maliyyə resurslarına arxalanaraq qədim ata-baba yurdlarımızda dağıdılmış şəhər və kəndləri bərpa edir, yenilərini salır, infrastruktur layihələri həyata keçirir. Spiker onu da qeyd edib ki, həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası Azərbaycanın ümumi inkişafına da böyük təkan verəcəkdir.

Sahibə Qafarova vurğulayıb ki, Cənab Prezidentin siyasi və diplomatik məharətinin növbəti nəticəsi regionun və türk dünyasının nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynayacaq Zəngəzur dəhlizinin reallaşması olacaqdır. Bu layihə ölkəmizin tranzit potensialını daha da gücləndirəcək, nəinki region, Avropa üçün də geniş imkanlar açacaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında silahlı qüvvələrin də modernləşdirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində işlər planlı və ardıcıl şəkildə davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni diz çökdürən Azərbaycan Ordusu üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə hər an qadirdir.

Spiker diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin humanitar siyasəti də əksər ölkələr üçün nümunə sayıla bilər. Şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin daim diqqət mərkəzində saxlanılması, aztəminatlı ailələrin, sosial müdafiəyə ehtiyacı olan bütün şəxslərin dövlət qayğısı ilə əhatə olunmaları bu siyasətin nə qədər geniş dairəni əhatə etdiyini göstərir.

Ölkəmizin bu sahədə qazandığı nailiyyətlərdə Azərbaycanın Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın da böyük rolu vardır. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mühüm layihələr ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına, ölkəmizin beynəlxalq miqyasda təbliğ olunmasına mühüm töhfələr verib.

Spiker onu da deyib ki, Cənab Prezident dövlət başçısı kimi fəaliyyətə başlayarkən belə bir ifadə səsləndirmişdir: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Bəli, bu gün tam qətiyyətlə deyə bilərik ki, möhtərəm Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir və xalqımız öz lideri ilə qürur duyur.

Çıxışının sonunda Milli Məclisin sədri diqqətə çatdırıb ki, 60 illik yubileyi münasibəti ilə möhtərəm Prezidentimizi təbrik etmək üçün Milli Məclisin deputatları adından təbrik məktubu hazırlanıb. Həmin təbrikdə Azərbaycan dövlətinə uğurla rəhbərlik edən möhtərəm Prezidentimizə bizim ən xoş arzularımız çatdırılıb.

Spiker cənab Prezidenti yubiley yaşı münasibəti ilə bir daha ürəkdən təbrik edib, ona möhkəm can sağlığı, müstəqil Azərbaycanın sivil, demokratik, qüdrətli dövlət kimi inkişafı naminə fədakar fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Sahibə Qafarovanın çıxışı alqışlarla qarşılanıb.

Sonra deputatlar 60 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə ürək sözlərini səsləndiriblər, təbriklərini çatdırıblar.

Milli Məclisin komitə sədrləri Zahid Oruc, Musa Quliyev, Tahir Rzayev, Hicran Hüseynova, Siyavuş Novruzov, Ziyafət Əsgərov, komissiya sədri Eldar İbrahimov və deputatlar Elşad Mirbəşiroğlu, Musa Qasımlı, Azər Badamov, Cavid Osmanov, Sevil Mikayılova, Kamal Cəfərov, Ülviyyə Həmzəyeva, Vahid Əhmədov, Şahin Seyidzadə, Sahib Alıyev, Məlahət İbrahimqızı, Naqif Həmzəyev, Azay Quliyev, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Əli Məsimli, İsa Həbibbəyli, Jalə Əliyeva, Ceyhun Məmmədov, Anar İsgəndərov, Nizami Cəfərov, Aydın Hüseynov, Elnur Allahverdiyev təbriklərində cənab İlham Əliyevin 18 ildir Azərbaycana rəhbərliyini yeni siyasi era kimi dəyərləndiriblər, onun siyasi dühası, iradəsi, əzmi, fədakarlığı sayəsində Azərbaycanın əldə etdiyi uğurlara, nailiyyətlərə nəzər salıblar.

Ulu Öndər Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan dövlətinin XXI əsrdə tərəqqisini və ərazi bütövlüyünün təmin olunmasını Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi kimi qiymətləndiriblər.

Deputatlar İlham Əliyevin rəhbərliyi  ilə respublikamızın regionun lider dövlətinə, qlobal siyasətdə söz sahibinə çevrilməsindən danışıblar. Müdrik rəhbər, islahatçı lider, yenilməz sərkərdə, qətiyyətli siyasətçi, mahir diplomat kimi Prezident İlham Əliyevin dövlətçilik tariximizdə tutduğu yeri yüksək dəyərləndiriblər. Millət vəkilləri dövlət başçımızın BMT Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatına sədrlik edərkən beynəlxalq problemlərə novator yanaşma sərgiləməsinə diqqət çəkərək onu dünya liderlərindən biri kimi xarakterizə ediblər.

Çıxış edənlər Qalib Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqı dəmir yumruq kimi birləşdirərək torpaqlarımızı Ermənistanın işğalından qurtarmasını və ərazi bütövlüyümüzün bərpasını xüsusi vurğulayıblar. Onlar Vətən müharibəsində Azərbaycanın qələbəsini nəinki regional, həmçinin beynəlxalq sülhə və təhlükəsizliyə ciddi töhfə kimi qiymətləndiriblər.

Deputatlar bildiriblər ki, İlham Əliyevin məhz Azərbaycanın milli maraqlarına xidmət edən uzaqgörən və müdrik siyasəti, ölkənin iqtisadi və hərbi gücünün artırılmasına yönəlik fəaliyyəti 44 günlük Vətən müharibəsində şanlı Zəfərin əsaslarını yaradıb. Bildirilib ki, bütün dünya Azərbaycan liderinin timsalında müharibə aparmaq mədəniyyətinin, sərkərdəlik məharətinin, qalib ölkənin alicənablığının əyani şahidi olublar.

Diqqətə çatdırılıb ki,  Prezident İlham Əliyevin şəhid ailələrinə, qəhrəman qazilərə göstərdiyi diqqət və onların sosial təminatının yaxşılaşdırılması üçün atdığı bütün addımlar xüsusi rəğbətə layiqdir.

Qeyd olunub ki, Prezident İlham Əliyev ən sadiq silahdaşı Mehriban xanım Əliyeva ilə birlikdə hələ çox zirvələr fəth edəcək, çox uğurlara imza atacaqdır.

Deputatlar Prezident İlham Əliyevə ailəsi ilə birlikdə can sağlığı, Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.

İclasda çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev dövlət başçısına ünvanladıqları təbriklərdə Prezident İlham Əliyevi müasir dünyanın çağırışlarına cavab verən lider kimi səciyyələndiriblər. Siyasi partiya təmsilçiləri Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan iqtidar-müxalifət dialoqundan, ölkənin siyasi partiyalarının milli maraqlar ətrafında həmrəyliyindən, ölkədə bərqərar edilən siyasi mədəniyyətdən, siyasi partiyalarla fikir mübadiləsindən təqdirlə söz açıblar.

Partiya sədrləri Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik ediblər, ona ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıblar.

Sonra iclasda gündəlikdəki məsələlərə baxılıb. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyə 24 məsələ daxil edilib. Məsələlərdən biri Milli Məclisin qərar layihəsidir, 6 məsələ üçüncü oxunuşda, bir məsələ bir oxunuşda, digər məsələlər isə ikinci oxunuşda olan qanun layihələridir. Spiker diqqətə çatdırıb ki, birinci məsələ - Prezidentin təqdimatı ilə Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsidir.

Məsələ barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Bildirib ki, məsələ Məhkəmə Hüquq Şurasının təklifi ilə Prezident tərəfindən parlamentə təqdim olunub. Qeyd edilib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Prezidentin 3 aprel 2019-cu il tarixli fərmanından sonra bu sahədə bir sıra işlər görülüb. İndiki mərhələdə 3 il müddətində qiymətləndirilməsini başa çatdırmış yeni hakimlərin bir sıra apellyasiya məhkəmələrinə təyin olunması məsələsi gündəlikdədir. Birinci vitse-spiker bu məsələnin  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edildiyini deyib və komitədə səsləndirilən fikirlərə münasibət bildirib.

Parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlardan Qüdrət Həsənquliyev və Tahir Kərimli məsələ ilə əlaqədar fikirlərini açıqlayıblar, qeyd və təkliflərini söyləyiblər. Birinci vitse-spiker Əli Hüseynli deyilən məsələlərə aydınlıq gətirib.

Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edən namizədliyi verilən hakimləri təqdim etdikdən sonra Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili növbəti iki məsələ - “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini üçüncü oxunuşda təqdim edib. Bildirib ki, layihələr barədə birinci və ikinci oxunuşda geniş məlumat verilib və hər iki qanun layihəsi büdcə sistemində idarəetmənin təkmilləşdirilməsi, yeni qaydanın müəyyən olunması, dövlət borcunun aşağı salınması və makroiqtisadi sabitliyin qorunması məqsədi daşıyır. Qeyd edilib ki, ikinci oxunuşdan sonra məsələ ilə bağlı təklif daxil olmayıb.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov mahiyyətcə bir-birinə yaxın olan digər iki məsələni – Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri (üçüncü oxunuş) barədə məlumat verib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı  “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və  “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinin mahiyyəti barədə danışıb. Qeyd olunub ki, hər iki layihə komitədə müzakirə olunub və əvvəlki oxunuşlardan sonra heç bir əlavə və dəyişiklik edilməyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Məlahət İbrahimqızı “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, son illər ərzində ölkədə pensiyalar üzrə göstəricilərdə bir sıra müsbət dəyişikliklər olub və bu proses davam edir. Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan qanun layihəsi də bu müsbət proseslər çərçivəsində hazırlanıb. Qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat məbləğində müəyyən olunur.

Parlamentin komitə sədri Siyavuş Novruzov, deputat Əli Məsimli sənəd barədə fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Sonra iclasda ikinci oxunuşda olan qanun layihələrinin müzakirəsi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin 9-cu məsələsindən 22-ci məsələsinədək olan sənədlər parlamentə eyni zərfdə daxil olub və mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir.

Bu məsələlər, əsasən “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlara edilən dəyişikliklərdən irəli gələn zərurət əsasında digər qanunlara edilən dəyişikliklərdir. Burada lotereyalar və idman mərc oyunları sahəsində münasibətlərin tənzimlənməsi istiqamətində yeni anlayışların qanuna əlavə edilməsi, virtual məkanın tənzimlənməsi, yeni vergitutma mexanizminin tətbiq olunması nəzərdə tutulub. Habelə,  “Telekommunikasiya haqqında” qanuna edilən dəyişikliklə bağlı yeni tənzimləmələr təklif olunur. “Reklam haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara isə bu sahədə işləyən operatorlar üçün yeni oyun qaydaları müəyyən edilir. Qeyd olunub ki, birinci oxunuşdan sonra bu sənədlərlə bağlı təkliflər daxil olmayıb.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, onun rəhbərlik etdiyi komitə “Lotereyalar haqqında” qanundan irəli gələrək digər qanunlara ediləcək əlavə və dəyişiklikləri dəstəkləyir. Qeyd edilib ki, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə bağlı bir sıra təkliflər olub və bu təkliflərə hal-hazırda qanunvericilik təşəbbüsü subyektində baxılır.

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev də rəhbərlik etdiyi komitənin bu məsələləri dəstəklədiyini söyləyib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də müzakirəyə çıxarılan sənədlərlə bağlı başçılıq etdikləri komitələrin müsbət münasibətini bildiriblər.

Müzakirələr zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı, millət vəkili Könül Nurullayeva “Bədən tərbiyəsi və idman haqqında” qanunda nəzərdə tutulan düzəlişlər barədə öz fikirlərini açıqlayıblar. Birinci-vitse spiker Əli Hüseynli səsləndirilən fikirlərə aydınlıq gətirib.

Sonra “Lotereyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar, Mülki, Cinayət və Vergi məcəllələrində dəyişiklik edilməsi haqqında, “Bədən tərbiyəsi və idman haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Atçılıq haqqında”, “Reklam haqqında”, “Dövlət satınalmaları haqqında”, “Telekommunikasiya haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda və Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Daha sonra iclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə (ikinci oxunuş) bağlı bildirib ki, məcəlləyə təklif edilən yeni müddəalar vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində fəaliyyətin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun, operativliyin və əlçatanlığın təmin edilməsinə xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında  qanun layihəsini təqdim edərək sənədə dair heç bir yeni təklifin daxil olmadığını deyib və ikinci oxunuşda qəbul edilməsini tövsiyə edib.

Qeyd olunmalıdır ki, xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslə bağlı doğumun və ölümün qeydiyyatı həmin ölkədə verilmiş təsdiqedici tibbi sənədlər əsasında konsulluqlar tərəfindən aparılır və bu barədə məlumat Əhalinin Dövlət Reyestrində yerləşdirilir. Bununla əlaqədar Konsul Nizamnaməsində bu dəyişikliklərin edilməsi zərurəti yaranıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU