Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında

Komitə iclasları
17 dekabr 2021 | 20:14   
Paylaşın:        

Dekabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclası keçirilib.

İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlik barədə məlumat verərək bildirib ki, komitələrin birgə iclasının gündəliyinə çıxarılmış 15 məsələdən ilk 12-si parlamentə eyni zərfdə daxil olub.

Komitə sədri deyib ki, bir-biri ilə bağlı olan bu dəyişikliklər “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 yanvar tarixli Sərəncamına uyğun olaraq lotereyalar və idman mərc oyunlarının təşkili və keçirilməsi  sahəsində qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində hazırlanıb. Qeyd olunub ki, lotereya və idman mərc oyunlarının oynanılması formaları və texnologiyaları dünyada getdikcə inkişaf etməkdə və yayılmaqdadır. Azərbaycan vətəndaşlarının xarici lotereya və idman mərc oyunlarında aktiv iştirakının milli iqtisadiyyata və büdcəyə təsirindən danışan Tahir Mirkişili bu sahənin tənzimlənməsinin aktual olduğunu vurğulayıb. Komitə sədri təklif olunan qanun zərfinin istiqamətləri, yenilikləri barədə məlumat verib, lotereyalar və idman mərc oyunları sahəsində vergitutma ilə bağlı təklif olunan dəyişiklikləri şərh edib.

Sonra iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf təklif olunan dəyişikliyi şərtləndirən amillər barədə danışıb. Dünyada lotereya və idman mərc oyunları sahəsində yaranan yeni trendlərə diqqət çəkib. O, çıxışında “Lotoreyalar haqqında” Qanunda və müvafiq normativ hüquqi aktlarda təklif olunan təkmilləşdirmələrin əsas məqamları ilə bağlı ətraflı məlumat verib.

Dəyişiklik zərfində ikinci mühüm istiqamət olan “Bədən tərbiyəsi və idman haqqında” Qanuna dəyişikliklə bağlı Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin 16 yanvar 2021-ci il tarixli Sərəncamından irəli gələn məsələlərlə əlaqədar “Bədən tərbiyəsi və idman haqqında” Qanuna dəyişikliklər təklif olunub. Adil Əliyev qeyd edib ki, ümumilikdə təklif edilən dəyişikliklər özündə bədən tərbiyəsi və idmanın təbliği, təşviqi, iqtisadiyyata verəcəyi töhfə, idman mərc oyunları sahəsində münasibətlərin daha da dəqiqləşdirilməsi məqsədi daşıyır.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Bədən tərbiyəsi və idman haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini geniş təqdim edib. Şöbə müdiri təklif olunan dəyişikliklərdəki yeni anlayışlar, yeni platformalar, təklif olunan tələblər barədə izahat verib, idman mərc oyunları sahəsində dövlət nəzarətinin gücləndirilməsi, eyni zamanda idarəetmənin daha da təkmilləşdirilməsi baxımından öz əksini tapan müddəalara aydınlıq gətirib. Qeyd edib ki, idman mərc oyunlarının keçirilməsindən əldə edilən gəlirdən təyinatı üzrə istifadənin səmərəliliyinin artırılması məqsədilə sosial əhəmiyyətli layihələrə maliyyə dəstəyinin göstərilməsi də nəzərdə tutulub.

Sonra “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlara edilən dəyişikliklərdə müəyyən edilən tələblərin pozulması ilə bağlı İnzibati Xətalar, Mülki və Cinayət məcəllələrinə təklif edilən sanksiyalarla bağlı parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Seyid Hacı Mirhəşim məlumat verib. Şöbə müdiri vurğulayıb ki, dəyişikliklər lotereyalar və idman mərc oyunları sahəsində münasibətlərin yeni tənzimlənmə qaydalarının müəyyən edilməsi, yeni normaların yaradılması və mövcud normaların təkmilləşdirlməsi məqsədilə irəli sürülüb.

İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişiklik zərfinə daxil olan qanun layihələri barədə ümumiləşdirmə aparıb. Əli Hüseynli qanun layihələrinin ümumi konsepsiyasını müsbət qiymətləndirib, yeni tənzimləmə qaydalarının bu sahədəki kölgə iqtisadiyyatının məhdudlaşdırılmasına xidmət etdiyini bildirib. 

Qanun layihələrinin müzakirəsində komitələrin sədr müavinləri Qüdrət Həsənquliyev, Əli Məsimli, Şahin İsmayılov, deputatlar Erkin Qədirli, Vahid Əhmədov, Şahin Seyidzadə, Elnur Allahverdiyev, Vüqar Bayramov, Sevinc Hüseynova,  Aydın Hüseynov, Elşən Musayev çıxış ediblər, fikirlərini səsləndiriblər, rəy və təkliflərini irəli sürüblər. Deputatlar sözügedən sahədə dövrün çağırışlarına uyğun  idarəetmənin təkmilləşdirilməsinin və dövlət nəzarətinin gücləndirilməsinin vacibliyini bildiriblər, təklif olunan tənzimləmə mexanizmlərini təqdir ediblər.

İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf və OMNİ hüquq şirkətinin nümayəndəsi İsmayıl Zərgərli deputatları düşündürən məqamlara aydınlıq gətiriblər, onların suallarını cavablandırıblar.

Müzakirələrin sonunda dəyişikliklər zərfinə daxil olan qanun layihələri - İnzibati Xətalar, Mülki, Cinayət, Vergi məcəllələrində, “Lotereyalar haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Atçılıq haqqında”, “Reklam haqqında”, “Dövlət satınalmaları haqqında”, “Telekommunikasiya haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.

İclasın sonunda komitə sədri Tahir Mirkişili “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini, “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsini və  Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və KfW arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsinə düzəlişin təsdiq edilməsi haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Deputatlar hər üç qanun layihəsini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda deputatlar Mahir Abbaszadə, Məzahir Əfəndiyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ziyad Səmədzadə, Kamal Cəfərov,  Nurlan Həsənov, Vüqar İskəndərov, Tahir Kərimli, Bəhruz Məhərrəmov, Jalə Əhmədova, Ramil Həsən, Ülvi Quliyev, Könül Nurullayeva, Cavid Osmanov, İqtisadiyyat Nazirliyinin məsul əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU