Elm və təhsil komitəsinin iclasında

Komitə iclasları
22 oktyabr 2021 | 15:19   
Paylaşın:        

Oktyabrın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

İclası açan komitənin sədri Bəxtiyar Əliyev gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə ikinci oxunuşda “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.

Gündəliyin təsdiqindən sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev birinci oxunuşdan sonra layihələrlə bağlı görülmüş işlər barədə məlumat verib, deputatların dəyişikliklər barədə müsbət fikirlər söylədiklərini və sənədləri konseptual baxımdan dəstəklədiklərini bildirib.

Sonra komitə sədri Bəxtiyar Əliyev hər iki layihənin ikinci oxunuşu barədə məlumat verib. O, Azərbaycanda müasir dövrün əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması üçün peşə təhsili sisteminin keyfiyyətinin artırılması və genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, regional peşə təhsili mərkəzlərinin istifadəyə verilməsinin əhəmiyyətini qeyd edib. Təhsilin bir çox aktual məsələlərinin qanunvericilik səviyyəsində həllinə baxıldığını, təhsil sahəsində islahatların davam etdiyini bildirən komitə sədri iclasın müzakirəsinə çıxarılan qanun layihələrinin də gənclərimizin daha keyfiyyətli peşə təhsili ilə əhatə olunmasına, təhsil səviyyələri arasında bağlılığı gücləndirməklə təhsilin fasiləsizliyinin təmin edilməsinə, təhsilimizin Avropa Kredit Transfer Sisteminə inteqrasiyasına, ali təhsilin əlçatanlığının artırılmasına xidmət etdiyini vurğulayıb.

Müzakirələrdə çıxış edən Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, komitə üzvləri Tamam Cəfərova, Şahin Seyidzadə, Eldar Quliyev, İsa Həbibbəyli, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva qanun layihələri ilə  bağlı öz fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Deputatlar mahiyyət etibarilə bir-biri ilə bağlı olan layihələrdə təhsilin subbakalavr pillələri üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini, yüksək texniki peşə təhsili alanlara da tam orta təhsil almaq hüququnun verilməsini və onların təhsilin növbəti mərhələsi olan bakalavriat səviyyəsinə keçidinin asanlaşdırılmasını mütərəqqi dəyişikliklər adlandırıblar.

Deputatlar hər iki qanun layihəsini ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Onlayn iclasda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Ülviyyə Ağayeva, Etibar Əliyev, Afət Həsənova, Rafael Hüseynov, Pərvin Kərimzadə, Ceyhun Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU