Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib

Plenar iclaslar
12 oktyabr 2021 | 16:50   
Paylaşın:        

Oktyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

Cari məsələlərin müzakirəsində deputatlar Ceyhun Məmmədov, Razi Nurullayev, Tahir Kərimli, Fazil Mustafa, İltizam Yusifov, Əminə Ağazadə, Cəbi Quliyev, Tural Gəncəliyev, Bəhruz Məhərrəmov, Şahin İsmayılov Vətən müharibəsində qazanılan Zəfərin birinci ildönümü ərəfəsində ölkəmizdə baş verən mühüm ictimai-siyasi hadisələrdən, işğaldan azad olunmuş bölgələrdə aparılan quruculuq işlərindən, Azərbaycan gənclərinin xaricdə təhsil almasına göstərilən qayğıdan söz açıblar, seçicilərini düşündürən məsələlərə – səhiyyədəki, şəhərlərarası sərnişindaşımadakı vəziyyətə, bölgələrdə suvarma suyu probleminə, bəzi məktəb binalarının qəzalı vəziyyətdə olmasına, ucqar kəndlərdə internet sürətinin zəifliyinə və s. diqqət yönəldiblər.

Sonra iclasda Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəlikdə bir məsələ – “Müstəqillik Günü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi  var.

Plenar iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öncə birinci oxunuş zamanı çıxış etmiş bütün deputat həmkarlarına təşəkkürünü çatdırıb. Parlamentə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş bu qanun layihəsinin məzmununun, məntiqinin və zərurətinin müzakirələrdə düzgün şərh edilərək Azərbaycan cəmiyyətinə çatdırıldığını qeyd edib.

Məlumat verilib ki, sözü gedən qanun layihəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəsi zamanı səslənən fikirlər – qanunun preambulası ilə əlaqədar, texniki redaktə xarakterli və digər səpkili bir sıra təkliflər qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb və yeni variantda öz əksini tapıb. Həmin dəyişiklikləri deputatların nəzərinə çatdıran Əli Hüseynli birinci oxunuş zamanı səslənmiş bir sıra fikirlərə də münasibətini açıqlayıb.

Sonra iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə başlanıb. Öncə qanun layihəsi əsas kimi qəbul olunub.

Müzakirələrdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, deputatlar Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Əziz Ələkbərov, İsa Həbibbəyli, Fazil Mustafa, Zahid Oruc, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Tahir Mirkişili, Sahib Alıyev, Hikmət Məmmədov, Erkin Qədirli qanun layihəsinə dair rəy və təkliflərini parlamentin diqqətinə çatdırıblar.

Birinci vitse-spiker, komitə sədri Əli Hüseynli çıxışlara münasibət bildirib, deputatları maraqlandıran sualları cavablandırıb. Qeyd olunub ki, ikinci oxunuş zamanı parlamentdə səslənmiş təkliflər də qanunvericilik təşəbbüsü subyektinin diqqətinə çatdırılacaq.

Müzakirələrin yekununda “Müstəqillik Günü haqqında” qanun layihəsi öncə maddə-maddə, sonra isə bütövlükdə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU