TÜRKPA komissiyalarının iclaslarında

Tədbirlər
20 sentyabr 2021 | 17:42   
Paylaşın:        

Sentyabrın 20-də TÜRKPA-nın 10-cu plenar iclası ərəfəsində qurumun 4 komissiyası onlayn iclaslarını keçiriblər.

Milli Məclisin komitə sədri, TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri Əhliman Əmiraslanov komissiyanın altıncı iclasını açaraq bildirib ki, koronavirusun təsir etdiyi ən önəmli sahələrdən olan ətraf mühitlə bağlı məsələlər TÜRKPA ölkələrində diqqətdə saxlanılır. Komissiya 2020-2021-ci illər ərzində onlayn formatda müxtəlif tədbirlər keçirib, qlobal və regional baxımdan aktual məsələləri deputatların, həmçinin TÜRKPA-ya üzv ölkələrin, beynəlxalq təşkilatların və əlaqədar qurumların ekspertlərinin iştirakı ilə ətraflı müzakirə edib. Bugünkü iclasın gündəliyində yer alan “Su ehtiyatlarının və torpaqların idarə olunması” mövzusuna videokonfrans, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsi”nin müzakirəsinə isə seminarlar həsr olunub.

 İclasda adı çəkilən mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb, tövsiyə qərarlarına baxılıb, bu komissiyanın adının “Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyası” olaraq yenilənməsi məsələsinə müsbət münasibət bildirilib.

  Komissiyanın iclasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva da iştirak edib.

***

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının onlayn formatda keçirilən səkkizinci iclasına komissiyanın sədr müavini Sauıtbek Abdraxmanov (Qazaxıstan) sədrlik edib.

O, əvvəlcə gündəlikdəki “TÜRKPA üzvü ölkələri arasında turizmin inkişafı: COVID-19 pandemiyasının təsiri və gələcək perspektivləri”nə dair komissiya iclasının hesabat məruzəsinin layihəsini, daha sonra isə bu məsələyə dair tövsiyə qərarlarının layihəsini təqdim edərək quruma üzv 4 qardaş ölkə arasında parlament diplomatiyası vasitəsilə görülən işlərdən danışıb. Tarixi birliyimizdən güc alaraq parlamentlərimiz arasındakı əməkdaşlığı inkişaf etdirməyin və milli qanunvericiliyi təkmilləşdirməyin əhəmiyyətini vurğulayıb. Mədəni və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinin səmərəli nəticələr verdiyini bildirib. TÜRKPA ölkələri arasında turizmin inkişafının bütün tərəflər üçün çox faydalı olacağını deyib.

Komissiyanın iclasında TÜRKPA-nın model qanun haqqında Əsasnaməsinin layihəsi, Qadın parlamentariləri qrupunun və Gənc parlamentarilər qrupunun Əsasnamələrinin layihələri müzakirə olunub.

İclasda Milli Məclisin deputatları Cavanşir Feyziyev turizm məsələsi ilə bağlı, Məlahət İbrahimqızı isə Qadın parlamentariləri qrupunun Əsasnaməsi ilə bağlı bir sıra təkliflərini diqqətə çatdırıblar.

***

TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının səkkizinci onlayn iclasına Milli Məclisin deputatları Ağalar Vəliyev və Fazil Mustafa qatılıblar.

İclası açan İqtisadi əməkdaşlıq komissiyasının sədri, Qazaxıstan parlamentinin üzvü Amerxan Raximjanov Covid-19 pandemiyası ilə mübarizədə türkdilli ölkələrin həyata keçirdiyi işləri vurğulamaqla, bu dövrdə TÜRKPA regionunda baş verən önəmli məsələlərdən, xüsusən də 44 günlük Vətən Müharibəsində Azərbaycanın Zəfərindən danışıb.

Sonra gündəliyin birinci məsələsi olan "Yaşıl iqtisadiyyat", yenilik və rəqəmsallaşdırma üçün qanunvericilik dəstəyi təcrübəsinə dair komissiya iclasının hesabat məruzəsinin layihəsi nəzərdən keçirilib. Müzakirələrdə  “Yaşıl iqtisadiyyat”, iqtisadiyyatın rəqəmsallaşması və elektron ticarət kimi yeni istiqamətlər müasir dövrün ən mühüm trendləri kimi vurğulanıb və layihə təsdiq edilib.  

“Elektron kommersiya haqqında” Model Qanun layihəsinin müzakirəsində isə sənədin hazırlanmasında Azərbaycan Respublikası Milli Məclisinin işi xüsusi qeyd olunub. 

"Yaşıl iqtisadiyyat", yenilik və rəqəmsallaşdırma üçün qanunvericilik dəstəyi təcrübəsinə dair Komissiya iclasının tövsiyə qərarlarının layihəsi də komissiyanın müzakirəsindən keçərək qəbul olunub. 

İclasda müzakirə olunan məsələlərlə bağlı Milli Məclisin deputatları Ağalar Vəliyev və Fazil Mustafa çıxış edərək müasir çağırışlar fonunda  layihələrin əhəmiyyətini yüksək dəyərləndiriblər,  "Yaşıl iqtisadiyyat" və rəqəmsallaşdırma üzrə Azərbaycanın gördüyü işləri, xüsusən işğaldan azad edilmiş ərazilərdə dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirləri qeyd ediblər.

***

TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının onlayn səkkizinci iclasını komissiya sədrinin müavini, Milli Məclisin deputatı Nizami Cəfərov aparıb.

Gündəliyin qəbulundan sonra “Pandemiya şəraitində TÜRKPA üzvü ölkələrinin kənd ərazilərində sosial vəziyyətə dair” hesabat məruzəsinin layihəsi müzakirə olunub. Nizami Cəfərov layihə barədə məlumat verərək pandemiya dövründə ölkələrdə, xüsusən kənd ərazilərində  meydana çıxan və kəskinləşən sosial problemlərin həllində gənc fermerlərin və qadın sahibkarlığının stimullaşdırılmasının vacibliyini vurğulayıb.   Müzakirələrdən sonra Türkiyə tərəfinin təklifi nəzərə alınmaqla  “Pandemiya şəraitində TÜRKPA üzvü ölkələrinin kənd ərazilərində sosial vəziyyət”ə dair hesabat məruzəsi təsdiqlənib  və  məruzəni plenar iclasda təqdim etmək Milli Məclisin deputatı Nizami Cəfərova həvalə olunub.

Sonra “Kinematoqrafiya haqqında” və “Kinematoqrafiya və audiovizual əsərlərin çəkilişinə xarici investisiyaların cəlb edilməsi haqqında” model qanun layihələri müzakirə olunub. Qanun layihələrini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təqdim edib. Bildirilib ki, qanun layihələrində TÜRKPA arealında filmlərin istehsalı, yayımlanması, kinematoqrafiya sənətinin təbliği və qorunması, habelə gənclərin bu sahədə  yaradıcılığının inkişaf etdirilməsi üçün müxtəlif stimullaşdırıcı tədbirlərin təşkili, eyni zamanda kinematoqrafiyanın inkişafı üçün olduqca vacib olan  xarici maliyyə vəsaitlərinin cəlbi nəzərdə tutulub. Parlamentarilər qanun layihələrini qəbul edəndən sonra gündəliyin üçüncü məsələsi olan  “Pandemiya şəraitində TÜRKPA üzvü ölkələrinin kənd ərazilərində sosial vəziyyətə dair” komissiya iclasının tövsiyə qərarlarının layihəsini də müzakirə edərək təsdiqləyiblər.

 Onlayn formatda keçirilən bütün komissiyaların iclaslarında təşkilati məsələlərə baxılıb. Növbəti seminarların mövzuları, həmçinin növbəti iclasların yeri, tarixi və gündəliyi müəyyənləşdirilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU