Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamentinin sədri ilə görüşüb

Sədrin səfərləri
06 avqust 2021 | 13:51   
Paylaşın:        

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə rəsmi səfərdədir. Avqustun 6-da səfər çərçivəsində Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

Milli Məclisin sədrini və Azərbaycan nümayəndə heyətini salamlayan İran parlamentinin spikeri dost və qonşu ölkənin nümayəndə heyətini Tehranda görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, İranla Azərbaycan mühüm coğrafi, tarixi, mədəni və dini ortaq dəyərlərlə bir-birinə bağlı ölkələrdir. İranda Azərbaycanı çox sevirlər və orada gedən prosesləri yaxından izləyirlər.

Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova İranla dost və mehriban qonşuluq münasibətlərimizdən məmnunluğunu ifadə edib. Vurğulayıb ki, iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin bərqərar olmasında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Bu səfərlər zamanı imzalanmış sənədlər qarşılıqlı əlaqələrimizin hüquqi bazasını təşkil edir. Sevindirici haldır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi təmin olunub.

İki ölkə arasında parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, qarşılıqlı əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynayır. Deputatlarımız tərəfindən müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən işçi qrupları parlamentlərimiz arasında körpü rolunu oynayırlar.

Söhbət zamanı Milli Məclisin sədri bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İndi Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb. Spiker Sahibə Qafarova deyib ki, Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıtmış, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir etmişdir.

Münaqişə başa çatsa da, bir sıra problemlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı və Vətən müharibəsində azad etdiyimiz torpaqlarımızda minalanmış ərazilərin xəritələrini  verməkdən imtina edir, bununla da hərbi cinayət törətməkdə davam edir. Beləliklə, onlar məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıtmasına mane olmaq istəyir, sərhədlərin delimitasiyası məsələsində təxribatlara əl atırlar.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gələn il - 2022-ci ilin fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq. Bu cür insanlıq əleyhinə törədilmiş cinayətlərə hüquqi-siyasi qiymətin beynəlxalq səviyyədə də verilməsi çox vacibdir. Spiker xatırladıb ki, bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Bunu nəzərə alaraq, İran parlamentinin Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etməsi bəşəriyyəti gələcəkdə buna bənzər hadisələrlə üzləşməkdən qoruya bilər. 

Sonra görüşdə iştirak edən Azərbaycan Respublikası  Baş nazirinin müavini Şahin Mustafayev və xarici işlər nazirinin müavini Fariz Rzayev Azərbaycan-İran münasibətlərinə dair fikirlərini bildiriblər.

Görüşün sonunda hər iki ölkənin spikerləri bir-birilərini qarşılıqlı rəsmi səfərlərə dəvət ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU