Milli Məclisdə Türkiyə səfiri ilə görüş

Tədbirlər
30 iyun 2021 | 16:28   
Paylaşın:        

İyunun 30-da Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycanda diplomatik fəaliyyətə başlayan Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji münasibətlər, hər iki dövlət başçılarının mökəmləndirdiyi  dostluq və qardaşlığımız əbədidir.

Akademik Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, iki dost və qardaş ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı yaxın münasibətlərin dünya miqyasında analoqu yoxdur. Deputat ölkələrimizin parlamentləri səviyyəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. Bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq platformalarda bir-birilərini dəstəkləyir və demək olar ki, eyni mövqedən çıxış edirlər.

Əhliman Əmiraslanov səfirə Azərbaycan parlament nümayəndə heyətinin 7 - 11 iyun 2021-ci il tarixində Türkiyəyə səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlərindən və onların əhəmiyyətindən danışaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı  səfir Cahit Bağçı səmimi görüşə görə minnətdarlığını bildirərək Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyətə başlamasından böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU