Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində

Komitə iclasları
18 iyun 2021 | 18:23   
Paylaşın:        

İyunun 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib. İclasda əvvəlcə Niderland Krallığı ilə ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb.

Tədbiri açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə bağlı komitə üzvlərini təbrik edib. Bəyannamənin Azərbaycan və Türkiyə əməkdaşlığında yeni səhifə açdığını, regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr  verəcəyini, ümumilikdə beynəlxalq mühitə ciddi təsir göstərəcəyini vurğulayıb. Səməd Seyidov regionda sülhün və əmin-amanlığın, iqtisadi yüksəlişin, kommunikasiyaların açılması ilə bağlı yaranan yeni imkanları dəstəkləmək əvəzinə, bölgəni yenidən xaosa, qarşıdurmaya sürüklən addımlara təşəbbüs edən qüvvələrin də mövcud olduğunu təəssüflə bildirib. Qeyd edib ki, Niderland parlamenti, xüsusən onun Xarici əlaqələr komitəsi tərəfindən 2020-ci ilin yayından etibarən qəbul edilən qətnamələr beynəlxalq hüquqla zidd, qərəzli və birtərəfli qaydada Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırmaqla bölgədə yaranan həssas sülhü və təhlükəsizliyi təhdid altına alır. Niderland parlamentinin sərgilədiyi  mövqeyə ciddi cavab verilməsinin zəruriliyindən danışan komitə sədri deputatları bu istiqamətdə rəy və təkliflərini bildirməyə dəvət edib.

Azərbaycan-Niderland  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev çıxışında vurğulayıb  ki, Milli Məclis tərəfindən məsələ ilə bağlı Niderland parlamentinə çoxsaylı müraciətlər, məktublar, dialoq təklifləri ünvanlanıb, lakin qarşı tərəf heç bir reaksiya verməyib, hər hansı bir fikir mübadiləsindən yayınıb.

Müzakirələrdə söz alan deputatlar Niderland parlamentinin az bir zaman kəsiyində Azərbaycana qarşı birtərəfli mövqe tutaraq çoxsaylı qətnamələr qəbul etməsinin artıq heç bir çərçivəyə sığmadığını, Azərbaycan və Niderland Krallığı arasında mövcud olan münasibətləri ciddi zədələdiyini bildiriblər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, komitə üzvləri Asim Mollazadə, Rasim Musabəyov, Elman Nəsirov, Nigar Arpadarai, Sahib Alıyev, Nəsib Məhəməliyev, Kamran Bayramov, Azər Kərimli, Sevil Mikayılova Niderland parlamentinin Azərbaycana və Türkiyəyə qarşı bu ədavətini qınayıblar və buna qarşı müəyyən tədbirlərin görülməsi ilə bağlı  fikirlərini diqqətə çatdırıblar.

Müzakirələrə yekun vuran Səməd Seyidov deputatların səsləndirdikləri fikirləri ümumiləşdirərək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi adından bir sənədin hazırlanmasını, müzakirələrdə səsləndirilən fikirlərin  bu sənəddə əks olunaraq çağırış və tövsiyələr şəklində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, dünya dövlətlərinin, türk və İslam dünyasının, Niderland Parlamentinin və hökumətinin diqqətinə çatdırılmasını təklif edib. Təklif qəbul edilib.

Sonra komitə gündəlikdəki “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial  adaptasiyası haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuşda) nəzərdən keçirib. Komitə üzvləri qanun layihəsini Milli Məclisin plenar iclasında üçüncü oxunuşda baxılmaq üçün tövsiyə ediblər.

Komitənin iclasında deputat Ramin Məmmədov, Xarici İşlər Nazirliyinin Birinci Avropa idarəsinin rəis müavini Nigar Hüseynova da iştirak ediblər.  

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU