AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Oktyabrın 9-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə daxil ediliən “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional komissiyaya dair Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi ölkə başçısı cənab İlham Əliyevin imzası ilə Milli Məclisə göndərilib.
Sonra Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov müzakirəyə təqdim olunan qanun layihəsini ətraflı şərh etdi. Bildirildi ki, 1995-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Konfransında qəbul edilmiş bu sənəd balıqçılıq təsərrüfatlarının və akvakulturanın ölkələrin inkişafında rolunu, daxili su hövzələrində balıqçılığın səmərəliliyini, məşğulluğun və ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasını özündə ehtiva edir. Buna görə də 2009-cu ilin əvvəlində FAO-nun nəzdində belə bir komissiyanın yaradılması qərara alındı. Regional komissiyanın məqsədi regionda su bioloji resurslarının inkişafına, mühafizəsinə, səmərəli idarə olunmasına, akvakulturanın davamlı inkişafına kömək etməkdir.
İclasda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq İnstitutunun direktoru Mehman Axundov komissiyanın funksiya və öhdəlikləri barədə məlumat verdi, bu sənədin ölkədə balıqçılığn inkişafına verə biləcəyi səmərədən söhbət açdı. Qeyd olundu ki, FAO-nun dəstəyi ilə nazirlikdə hazırlanma ərəfəsində olan “Balıqçılıq haqqında” qanun layihəsinə edilən əlavə və dəyişiklər qəbul edildikdən sonra balıqçılığın inkişaf strategiyası tam təyin ediləcək. Bununla yanaşı Azərbaycanın bu sənədə xüsusi bəyanatla qoşulduğu da diqqətə çatdırıldı.
Komitə üzvləri Eldar Quliyev, Novruzəli Aslanov, Tahir Süleymanov, Mahir Aslanov sənədlə bağlı fikirlərini bildirdilər.
İclasın sonunda sənəd parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti