İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ

Oktyabrın 9-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası oldu.
İclasda öncə Fazil İbrahimovun Hesablama Palatasının auditoru təyin edilməsi haqqında məsələyə baxıldı. Komitənin sədri Ziyad Səmədzadənin məlumatı dinlənildikdən sonra deputatlar bu məsələnin Milli Məclisin müzakirəsinə təqdim edilməsini məqsədəuyğun saydılar.
Sonra “Ölçmələrin vəhdətinin təyin edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. 5 fəsil, 22 maddədən ibarət layihə barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xidmət rəisi Oqtay Abbasov ətraflı məlumat verdi. Bildirdi ki, sənəd hazırlanarkən on bir nazirliyə və Milli Elmlər Akademiyasına göndərilib. Mütəxəssislərin təklifləri öyrənilərək nəzərə alınıb.
İqtisadi siyasət komitəsinin üzvlərindən Vahid Əhmədov, İlham Əliyev, Əli Məsimli və Aslan Cəfərov sənəd barədə rəylərini bildirdilər. Deputatlar ikinci oxunuşa hazırlanmış qanun layihəsinə dair irad və təkliflərini diqqətə çatdırdılar.
Fikir mübadiləsinin yekununda “Ölçmələrin vəhdətinin təyin edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti