Milli Məclisin Sədri Sahibə Qafarova Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

XƏBƏRLƏR
15 yanvar 2021 | 17:52   
Paylaşın:        
Yanvarın 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun ilə görüşüb.
Spiker qonağı salamlayaraq ona səfir kimi fəaliyyətində uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, Amanullah Ceyhun Əfqanıstanın Azərbaycanda təmsilçisi kimi ölkələrimiz arasında münasibətlərin inkişafında səylərini əsirgəməyəcək.
Qeyd edilib ki, Azərbaycan respublikamızın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Əfqanıstanla  müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlıdır. Xalqlarımız arasında dostluğun qədim tarixi kökləri var və bu münasibətlər bu gün də yüksək səviyyədə davam etdirilir.
Spiker Sahibə Qafarova bildirib ki, ölkə başçılarının görüşləri zamanı aparılan danışıqlar siyasi münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də əməkdaşlığın genişləndirilməsinə müsbət təsir edir. 
Bu gün Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyinin uğurla fəaliyyət göstərdiyini bildirən Milli Məclisin Sədri qeyd edib ki, bu ölkə ilə əlaqələri daha da dərinləşdirmək məqsədilə Azərbaycan parlamenti ötən sessiyada Əfqanıstanda Azərbaycan səfirliyinin açılması barədə qanun layihəsini qəbul edib. Cari ilin 13 yanvar tarixində isə qeyd edilən Qanun möhtərəm Prezident İlham Əliyev trəfindən təsdiqlənib.
Əlaqələrimizin inkişafında hər iki ölkənin parlamentlərinin müsbət rolundan danışan Spiker xatırladıb ki, Milli Məclisdə Əfqanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. O, təcrübə və informasiya mübadiləsi baxımından, deputatların mütəmadi görüşlərinin vacibliyini vurğulayaraq, post-pandemiya dövründə qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətli olacağını qeyd edib. 
Sədr Ermənistan-Azərbaycan münaqişəsinin həllində Əfqanıstan dövlətinin mövqeyini yüksək qiymətləndirərək, bildirib ki, Əfqanıstan hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsində açıq mövqe nümayiş etdirib, ölkəmizin ədalətli mövqeyinə dəstəyini ifadə edib. Bu dəstək özünü Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlar zamanı da aydın şəkildə büruzə verib. Belə ki, Əfqanıstan Xarici İşlər Nazirliyi, bu ölkənin Milli Assambleyasının Ağsaqqallar Şurası, Assambleyanın Xalq Palatası Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə ediblər. 
Sədr gələcəkdə də münasibətlərimizin yüksələn xətlə inkişaf edəcəyinə inamını bildirib. 
Səmimi qəbul üçün minnətdarlıq edən Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun Azərbaycan və Əfqanıstan arasında münasibətlərin qədim tarixə malik olduğunu qeyd edib. O, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi naminə səfir kimi səylərini əsirgəməyəcəyini deyib. Səfir ölkəsinin Azərbaycana haqq işində həmişə dəstək verdiyini söyləyərək, Azərbaycan parlamentində ölkəmizin Əfqanıstanda səfirliyinin açılması ilə bağlı qəbul olunmuş qərarı Azərbaycan tərəfinin iki ölkə arasında dostluğa verdiyi yüksək dəyərin nümunəsi kimi qiymətləndirib.
Sonra qonaq Əfqanıstan parlamentinin fəaliyyəti barədə danışaraq, hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyətini qeyd edib. Diplomat deyib ki, bu əlaqələrin müxtəlif platformalarda daha da genişləndirilməsi qarşıya qoyulan məqsədlərə çatmaqda əhəmiyyətli rol oynaya bilər.
Görüşdə  həmcinin  iki  ölkənin parlamentlirində təmsil olunan qadın deputatlar arasında mütəmadi görüşlərin təşkili, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 
 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU