SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 21-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İslası açan komitə sədri Hadi Rəcəbli yaz və növbədənkənar sessiyalar zamanı görülən işlər barədə məlumat verdi. Bildirildi ki, ötən dövrdə komitənin 6 iclası keçirilib, ölkədə sosial müdafiənin inkişafında xüsusi əhəmiyyəti olan bir sıra qanunlar Milli Məclisin müzakirəsinə verilib. Bunlardan “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsini, “Psixatriya yardımı haqqında”, “Pasiyentin hüquqları haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihələrinə, Ailə Məcəlləsinə edilən dəyişikliklər barədə sənədləri misal gətirmək olar. Hadi Rəcəbli onu da bildirdi ki, sessiyalar müddətində 360 nəfər vətəndaş qəbul edilib, komitəyə sosial yardım, pensiyaların artırılması, əmanətlərin qaytarılması, əlillərin mənzillə təmin olunması və digər məsələlərlə əlaqədar 600-dən artıq ərizə və şikayət daxil olub. Onların müraciətləri əsasında komitə üzvləri bütün mümkün olan köməkliyi göstərmişlər.
Komitə sədri payız sessiyasının qanunvericilik işləri planı barədə də söhbət açdı. Qeyd olundu ki, komitə cəmiyyətdən gələn sosial sifarişləri nəzərə almış, bu yöndə müvafiq qanun layihələri hazırlamışdır. Bu sənədlər parlamentin payız sessiyasının müzakirəsinə təqdim olunacaqdır. Sessiya müddətində “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsi müzakirə oluna bilər. Sənəddən mübahisə doğuran bəzi maddələrin çıxarıldığı qeyd olundu.
Hadi Rəcəbli payız sessiyası ərzində komitədə “Valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət qayğısı haqqında”, “Sosial sifariş haqqında”, “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihələrinin hazırlanacağını qeyd etdi.
Deputatlar müzakirə olunan məsələlərə münasibət bildirdilər.
Milli Məclisin
Mətbuat xidməti