MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İslası açan komitə sədri Nizami Cəfərov yaz və növbədənkənar sessiyalar zamanı görülən işlər barədə məlumat verdi. O, qeyd etdi ki, rəhbəri olduğu komitə ötən dövrdə ölkə mədəniyyətinin inkişafı üçün əhəmiyyətli olan bir sıra sənədlər işləyib Milli Məclisin müzakirəsinə vermişdir. Sessiyalar müddətində komitədə 80-ə yaxın vətəndaş qəbul edilib, onların müraciətləri əsasında komitə üzvləri lazımi köməklik göstərmişlər.
Komitə sədri payız sessiyasının qanunvericilik işləri planı barədə də söhbət açdı. Bildirildi ki, sessiya müddətində “Mədəniyyət haqqında”, “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri müzakirə ediləcək. Bundan başqa, komitə “Aşıq sənəti haqqında” qanun layihəsini də hazırlamağı planlaşdırır.
İclasda “Milli arxiv fondu” haqqında qanuna dəyişikliklər edilməsi barədə məsələ müzakirə edildi. Dəyişiklik barədə məlumat verən Nizami Cəfərov bildirdi ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə daxil olub. Dəyişikliklərə əsasən fövqəladə hallar orqanlarına əlavə səlahiyyətlər verilir. Qanunda göstərilir ki, milli təhlükəsizlik, sərhəd xidməti, mirqasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər orqanları və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanları ilə yanaşı fövqəladə hallar orqanlarında da arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçiriləcək. Komitə sədrinin müavini Rəfael Hüseynov qeyd etdi ki, qanuna arxivlərdə elmi-tədqiat işlərinin aparılması üçün gələcəkdə də əlavələr edilməsi vacibdir.
Sonra deputatlar “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif olunan dəyişiklikləri müzakirə etdilər.
İclasın sonunda hər iki sənəd parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti