İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İslası açan komitə sədri Ziyad Səmədzadə yaz və növbədənkənar sessiyaları zamanı görülən işlər barədə məlumat verdi. O, qeyd etdi ki, rəhbəri olduğu komitə ötən dövrdə məhsuldar işləmişdir. Sessiyalar müddətində komitədə 40-a yaxın qanun layihəsi müzakirə olunmuşdur.
Komitə sədri payız sessiyasının qanunvericilik işləri planı barədə geniş söhbət açaraq dedi ki, qarşıdakı sessiya da gərgin iş qrafiki ilə seçilir. Qeyd olundu ki, Azərbaycanın iqtisadi inkişafı üçün zəruri olan, rəqabət sahəsində ciddi yeniliklərə səbəb olacaq Rəqabət Məcəlləsi işlər planına daxildir. Qərara alınıb ki, bu sessiya çərçivəsində məcəllə üzərində işlər sürətləndirilsin və bu il başa çatdırılsın. Məcəllənin üçüncü oxunuşda müzakirəsinin komitənin payız sessiyasının gündəliyinə salındığı vurğulandı.
Ziyad Səmədzadə sessiya müddətində əvvəlcə 2013-cü ilin büdcə paketi müzakirə olunacağını, “Təhsil krediti haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətləndirmə haqqında” və “Kənd təsərrüfatının koorperasiyası haqqında” qanun layihələrinin parlamentin plenar iclasına təqdim ediləcəyini bildirdi. Müzakirələrdən sonra komitənin iş qrafiki təsdiq olundu.
Sonra komitə üzvləri “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələrdə texniki xarakterli dəyişikliklərə baxdılar.
Hər iki sənədin Milli Məclisin plenar sessiyasının müzakirəsinə çıxarılması qərar alındı.
Milli Məclisin
Mətbuat xidməti