ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 14-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. İclası acan komitə sədri Şəmsəddin Hacıyev gündəlikdəki məsələlərlə iştirakçıları tanış etdi.
2012-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə məlumat verən Şəmsəddin Hacıyev bu müddət ərzində komitənin 3 iclasının keçirildiyini və 4 məsələyə baxıldığını bildirdi. Keçən dövr ərzində vətəndaşlardan daxil olan 116 şikayətə baxılıb, komitə sədri tərəfindən 19 vətəndaş qəbul edilib.
Sonra 2012-ci il payız sessiyası ərzində komitənin işlər planı haqqında danışıldı. Bildirildi ki, növbəti müddətdə komitədə “Elm siyasəti haqqında”, “Ali təhsil haqqında” qanun layihələrinin müzakirəsi gözlənilir.
Daha sonra komitə sədri gündəlikdəki “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilməsi barədə məlumat verdi. Qeyd edildi ki, təqdim olunan dəyişiklikdə tarixi abidələrin təsdiqlənmiş siyahısından onların çıxarılması müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında, Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla həyata keçirilə bilər.
Çıxış edən millət vəkilləri komitənin ötən dövr ərzində gördüyü işləri yüksək qiymətləndirdilər, müzakirə olunan qanun layihəsi barədə fikirlərini açıqladılar.
Sonda sənəd Milli Məclisin plenar iclasına tövsiyyə olundu.
Milli Məclisin
Mətbuat xidməti