ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Yanvarın 24-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirildi. Yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik edən komitə sədri Hadi Rəcəbli 2018-ci ilin payız sessiyası dövründə komitədə görülən işlərin yekununa dair hesabatı təqdim etdi. Bildirildi ki, hesabat dövründə komitənin 10 iclası keçirilib, 45 məsələyə baxılıb. Onlardan 21-i qanun layihəsi olub. Komitənin payız sessiyasına dair hesabatı məqbul hesab edildi.
İclasda, həmçinin 2019-cu ilin yaz sessiyası üçün komitənin iş planı müzakirə olundu. Müzakirələrdə çıxış edən komitə üzvləri Musa Quliyev, Rafiq Məmmədhəsənov, Jalə Əliyeva, İlham Məmmədov, Elmira Axundova, Araz Əlizadə, Sevinc Hüseynova 2019-cu ilin yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə fikirlərini bildirdilər, bir sıra təkliflər səsləndirildi. Komitənin iş planı təsdiqləndi.
Sonra gündəlikdəki Əmək və Cəzaların İcrası Məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olundu. Bildirildi ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5.1-ci hissəsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “mərkəzləşdirilmiş” sözü əlavə edilir. Bundan başqa sənədin 14-cü maddəsinə “əmək münasibətləri sahəsində elektron xidmətləri elektron informasiya sistemi vasitəsilə həyata keçirir” məzmunlu dördüncü abzas əlavə edilir. Qeyd olundu ki, Cəzaların İcrası Məcəlləsinin 90-cı maddəsi yeni redaksiyada təklif olunur.
İclasda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlərə edilən texniki xarakterli dəyişikliklərə baxıldı.
Müzakirə olunan qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti