TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNİN İCLASINDA

İyunun 22-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. İclası açan parlament Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki “Azərbaycan və Qırğız Hökumətləri arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” , “ Azərbaycan və Bolqarıstan Hökumətləri arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişlərin təsdiq edilməsi barədə qanun layihələri ilə iştirakçıları tanış etdi.
Bildirildi ki, hər iki sazişdə fövqəladə hallar zamanı əməkdaşlığın formaları, yardımın gösdərilməsi və növləri, hava gəmilərindən istifadə, xərclərin, ziyanın ödənilməsi və digər məsələlər öz əksini tapıb. Ziyafət Əsgərov fövqəladə hallar sahəsində ölkəmizin geniş təcrübəyə malik olduğunu və bu sahədə əməkdaşlığa hazır olduğunu xüsusi ilə vurğuladı.
Çıxış edən deputatlar təqdim olunan sazişləri Azərbaycana göstərilən etimadın müsbət nəticəsi kimi qiymətləndirdilər.
Sonda hər iki sənəd yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyyə olundu.
Milli Məclisin
Mətbuat xidməti