MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

İyunun 6-da Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. Komitə sədri Nizami Cəfərov bildirdi ki, gündəliyə “İctimai Televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənəd daxil edilib. O, qanun layihəsi barədə məlumat verərək dedi ki, sözügedən qanunun bir neçə maddəsinə dəyişiklik təklif olunur ki, bunlardan da biri “İctimai yayımçının hüquqi statusu” ilə bağlı maddəyə aiddir. Həmin maddəyə dəyişiklikdə təklif olunur ki, ictimai yayımçı öz əmlakı üzərində mülkiyyət hüququna malikdir, bu əmlakdan ictimai yayımın məqsədləri üçün istifadə edilə bilər. Digər bir maddəyə təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, ictimai yayımçının əmlakı ancaq yeniləşdirilmək məqsədi ilə satıla bilər. Qanun layihəsinə əsasən ictimai yayım xidmətlərinin rəhbərləri, baş rejissorlar müsabiqə əsasında seçilir, Yayım Şurası tərəfindən sadə səs çoxluğu ilə təsdiq olunurlar.
İclasda deputatlardan Rafael Hüseynov, Jalə Əliyeva, Leyla Abdullayeva çıxış edərək maarifləndirmə xarakteri daşıyan xarici serialların, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində subtitrlərlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılması barədə dəyişikliyi dəstəklədilər. Qeyd olundu ki, bugünkü layihədə nəzərdə tutulan dəyişikliklər İctimai Televiziyanın inkişafına böyük təkan verəcək.
Milli Teleradio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmli öz çıxışında bildirdi ki, İctimai televiziya yarandığı vaxtdan keçən çox qısa müddət ərzində tamaşaçıları özünə cəlb edə bildi. Artıq özünü təsdiqləmiş, həyatımızın bir hissəsinə çevrilmiş bu televiziya artan templə inkişaf etməkdədir və daim öz səviyyəsini qoruyur. Şura sədri televiziyanın fəaliyyətində ortaya çıxan bəzi problemləri aradan qaldırmaq üçün bugünkü sənədin qəbulunun çox əhəmiyyətli olacağını vurğuladı.
İclasda iştirak edən İctimai televiziyanın baş direktor müavini Elman Qədirli belə bir sənədin hazırlanmasına görə komitə üzvlərinə televiziya kollektivi adından minnətdarlığını ifadə etdi, layihə ilə bağlı təkliflərini bildirdi.
Geniş müzakirələrdən sonra sənədin yekdilliklə Milli Məclisin növbəti plenar sessiyasının müzakirəsinə çıxarılması qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti