HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi.
Komitə sədri Əli Hüseynli gündəliyə təqdim edilən Cinayət- Prosessual və Cəzaların İcrası məcəllələrinə nəzərdə tutulan dəyişikliklərlə bağlı ətraflı məlumat verdi. O, bildirdi ki, sənədlərdəki yeniliklər Azərbaycanda həyata keçirilən hüquqi islahatların vacib elementi kimi dəyərləndirilməlidir.
Qeyd olundu ki, hər iki sənədə edilən dəyişikliklər ölkə Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar təklif edilir. Qanun layihələrində sərəncamdan irəli gələn cəza siyasətinin humanistləşdirilməsi, habelə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə həbs qətimkan tədbirinin tətbiq olunmasının müstəsna halları sadalanır.
Sənədlərdə həbsə alternativ olan qətimkan tədbirlərinin, xüsusən də ev dustaqlığı və girovun tətbiq edilməsi hallarının genişləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiqi kimi zəruri məqamlar əksini tapır.
Millət vəkilləri Rövşən Rzayev, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Elşən Musayev, Tahir Kərimli, eləcə də Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Ali Məhkəmə və Daxili İşlər Nazirliyindən dəvət edilmiş mütəxəssislər qanun layihələri ilə bağlı fikirlərini bildirdilər.
Hər iki qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti