REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 24-də Milli Məclisin Regional məsələlər komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi.
Komitə sədri Arif Rəhimzadə millət vəkillərini yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi, onlara uğurlu fəaliyyət arzuladı. Sonra o, komitənin parlamentin 2016-cı ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı təqdim etdi. Sessiya dövründə görülən işlər barədə geniş məlumat verdi. Qeyd olundu ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 22 məsələ müzakirə olunub. Bu məsələlərdən 7-si qanun layihəsi, digərləri isə inzibati ərazi bölgüsü ilə bağlı məsələlər və mövcud qanunvericiliyə uyğunlaşdırmalar olmuşdur. Arif Rəhimzadə həmin dövrdə Biləsuvar, Lerik, Salyan, Şabran, Xaçmaz, Abşeron, Zərdab, Yardımlı, Ucar rayonlarında inzibatı ərazı bölgüsü ilə bağlı baş verən mübahisəli məsələlərin uğurlu həlli barədə də ətraflı məlumat verdi.
Millət vəkilləri Fəttah Heydərov, Fəzail İbrahimli çıxış edərək komitənin ötən dövrdə uğurlu fəaliyyət göstərdiyini, qəbul edilən qanunların yerli özünüidarəetmə orqanlarının işində səmərəli olduğunu, bələdiyyələrin fəallığına müsbət təsir göstərdiyini vurğuladılar. Komitənin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olundu, hesabat yekdilliklə qəbul edildi.
Sonra iclasda 2017-ci il yaz sessiyasının iş planı layihəsi müzakirə olundu. Layihəyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” qanunlara dəyişikliklər, Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi barədə sənədlər daxil edilmişdi. Yaz sessiyasının iş planı layihəsi təsdiqləndi.
Milli Məclisin
Mətbuat xidməti