SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 18-də Milli Məclisin yaz sessiyasında Səhiyyə komitəsinin ilk iclası oldu. Komitənin sədri Əhliman Əmiraslanov öncə parlamentin 2016-cı il payız sessiyası dövründə komitədə görülmüş işlərin hesabatını təqdim etdi.
Qeyd olundu ki, hesabat dövründə komitə çox məhsuldar işləyib. İclaslarda yeddisi qanun layihəsi olmaqla səkkiz məsələ müzakirədən keçib. Mühüm əhəmiyyət daşıyan həmin qanun layihələri parlamentdə qəbul olunub.
Hesabatda bildirilir ki, payız sessiyasında Səhiyyə komitəsinə 174 ərizə və şikayət daxil olub. Əsasən vətəndaşların ödənişsiz əməliyyat olunması, müalicəsi və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb tədbir görülməsi üçün komitə adından müxtəlif qurumlara 155 məktub göndərilib. Sessiya müddətində komitə sədri 52 vətəndaşı qəbul edib. Deputatlar müxtəlif tədbirlərdə fəallıq göstəriblər.
Sonra iclasda 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı müzakirə olundu. Bildirildi ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edəcəyi qanun layihələri ilə yanaşı Səhiyyə komitəsində bir sıra vacib qanunların işlənib tamamlanması da nəzərdə tutulur. Psixoloji yardım, reproduktiv sağlamlığın qorunması, gözün buynuz qişasının transplantasiyası, optika xidmətinin yaxşılaşdırılması ilə bağlı məsələlərin tənzimlənməsi üçün müvafiq qanun layihələrinin müzakirəsi, həmçinin “Pasiyentin hüquqlarının qorunması haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar dinləmənin keçirilməsi günün tələbidir.
İclasda komitə sədrinin müavini Musa Quliyev, deputatlar Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Rəşad Mahmudov, İlham Məmmədov, Rafiq Məmmədhəsənov iş planına dair rəylərini bildirdilər, səhiyyənin vacib problemlərini önə çəkərək bir sıra təkliflər verdilər.
Komitəyə dəvət olunmuş mütəxəssislər də səhiyyə qanunvericiliyi ilə bağlı təkliflərini deputatların diqqətinə çatdırdılar.
Müzakirələrə yekun vuran komitə sədri Əhliman Əmiraslanov irəli sürülən təkliflərin nəzərə alınacağını bildirdi. İş planı təsdiqləndi.
Milli Məclisin
Mətbuat xidməti