MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Dekabrın 1-də Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası keçirildi. İclası Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açaraq bildirdi ki, bugünkü iclasda 2017-ci ilin büdcə zərfinə daxil olan 4 məsələ müzakirə ediləcək.
Əvvəlcə “Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi barədə sənəd müzakirə edildi. Sənədi maliyyə naziri Samir Şərifov təqdim etdi. Bildirildi ki, 2017-ci il dövlət büdcəsi layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkəmizin strateji inkişaf prioritetləri, orta müddətli büdcə və maliyyə siyasəti, sosial iqtisadi inkişaf göstəriciləri və makroiqtisadi proqnozların təhlili nəzərə alınaraq hazırlanıb.
Nazir qeyd etdi ki, təqdim olunan büdcə layihəsi son dövrlərdə ölkəmizdə mahiyyət etibari ilə əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyətin yarandığını əks etdirir. 2016-ci ilin fevral ayında büdcəyə edilən dəyişiklər zamanı qəbul edilən neftin bir barelinin 25 ABŞ dolları həcmində müəyyən edilməsindən sonra neftin dünya bazarında qiyməti orta hesabla 43 ABŞ dolları civarında qalmaqdadır. Neft-qaz biznesi ilə məşğul olan şirkətlər bu qiyməti yeni investisiyaların cəlb edilməsi üçün yetərli hesab etmirlər. Neftin ucuzlaşması həm də xarici valyuta daxilolmalarının kəskin enməsinə səbəb olub, ölkəmizin tədiyyə balansının pisləşməsinə gətirib çıxarıb.
Bildirildi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dayanıqlı iqtisadi artımın 2017-ci ildən başlayaraq bərpa olunması üçün cari ildə makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və digər islahatların sürətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft məhsullarının ixracının artırılması istiqamətində mühüm addımlar atılır. Dövlət büdcəsi xərclərinin azalması, manat emissiyasının məhdudlaşdırılması valyuta bazarındakı təzyiqin nisbətən yumşaldılmasına, manatın məzənnəsinin sabitləşməsinə və üzərindəki təzyiqlərin azaldılmasına kömək edəcək. Növbəti ildə dövlət büdcəsi xərcləri optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, əhalinin sosial təminatının gücləndirilməsi, ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, xarici öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsi əsas hədəflər kimi dövlət büdcəsi layihəsində qəbul edilib və buna müvafiq maliyyə təminatının yaradılması nəzərdə tutulub. Nazir onu da vurğuladı ki, 2017-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5 milyard manata yaxın vəsait nəzərdə tutulub. Bütövlükdə həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 30 faiz təşkil edəcək.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında bildirdi ki, gələn ilin dövlət büdcəsində əksini tapan mühüm məsələlərdən biri icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı maliyyə vəsaitinin ayrılmasıdır. O, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saxlanılması üçün büdcədən vəsait ayrılmasını yüksək qiymətləndirdi. İcbari tibbi sığorta nə qədər tez həyata keçirilərsə, tibbi xidmət səviyyəsinin də bir o qədər tez yüksələcəyini vurğuladı.
Sonra Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputatlar Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Jalə Əliyeva, İlham Məmmədov, Gövhər Baxşəliyeva, Məlahət İbrahimqızı, Rəşad Mahmudov 2017-ci ilin büdcə layihəsinin proqnozları ilə bağlı fikirlərini bildirdilər. Qeyd olundu ki, gələn il ölkədə mühüm əhəmiyyət kəsb edən proqram və layihələrin icrası davam etdiriləcək, büdcə xərcləri sosial və investisiya yönümlülüyünü saxlayacaqdır.
Komitədə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün büdcəsi haqqında” qanun layihəsini şərh etdi. O, rəhbərlik etdiyi qurumun apardığı hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf meyllərini, əhalinin məşğulluğunu və sosial vəziyyətini səciyyələndirən göstəriciləri, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərində gözlənilən dəyişikləri açıqladı. Qeyd olundu ki, gələn ilin sonuna təbii artımın 102,5 min nəfər, gözlənilən ömür uzunluğu 75,2 yaş təşkil edəcək. Bildirildi ki, əməkqabiliyyətli yaşda olan əhalinin orta illik sayının 6,2 milyon nəfər olacağı, ölkə əhalisinin 63,2 faizini təşkil edəcəyi, iqtisadi fəal əhalinin isə 95 faizini təşkil edəcəyi proqnozlaşdırılır. 2017-ci ildə muzdla işləyənlərin orta illik sayı 1 milyon 520 min nəfər, iqtisadiyyatda sərbəst məşğul əhalinin orta illik sayı isə 3 milyon 220 min nəfər proqnozlaşdırılır. Nəzərdə tutulur ki, hər işçiyə hesablanmış orta əmək haqqı ilin əvvəlinə nisbətən 3 faiz artaraq 508 manata çatacaq. “Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi”ndə proqnozların tərtibi zamanı gələn il əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi nəzərə alınıb. Gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 milyon manatın sərf olunacağı nəzərdə tutulur.
Daha sonra “Azərbaycan Respublikasının 2017-çi il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasının 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri də müzakirə edildi. Qeyd olundu ki, gələn il üçün yaşayış minimumunun miqdarı ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat müəyyən olunur. 2017-ci ilin dövlət büdcəsi layihəsində ehtiyac meyarı həddinin isə 105 manat nəzərdə tutulduğu bildirildi.
İclasda Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Təhsil nazirinin müavini Ceyhun Bayramov, Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və digər rəsmi şəxslər iştirak edirdilər.
Müzakirələrdən sonra büdcə zərfinə daxil olan sənədlər parlamentin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti