ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi.
İclası açan komitə sədri Hadi Rəcəbli “Turizm haqqında” qanun layihəsinə edilən dəyişikliklərlə əlaqədar məlumat verdi. Qeyd olundu ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan sənəddə əsas məqsəd “Turizm haqqında” qanunun Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmasını əsas tutur.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev təklif olunan dəyişiklikləri ətraflı şərh etdi. O, vurğuladı ki, elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər. Elektron vizanın verilməsinə 3 gün müddətində baxılır. İmtina üçün əsas olduqda imtina məktubu, olmadıqda isə elektron viza məktubu müraciət edən şəxsin elektron poçtuna göndərilir.
Hadi Rəcəbli hazırda komitədə Azərbaycanda turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və nəzarəti, bu sahədə təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, turizm fəaliyyətinin təşkili, sığorta və məlumatlandırma məsələləri üzrə münasibətlərini özündə ətraflı əks etdirən yeni “Turizm haqqında” sənədin hazırlandığını da vurğuladı. Bildirildi ki, hazırda müzakirə olunan, ölkə başçısının təşəbbüsü ilə daxil olan bu sənəddəki məqamlar hazırlanacaq yeni “Turizm haqqında” qanunda da ehtiva olunacaq.
Çıxış edən millət vəkilləri Elmira Axundova, Araz Əlizadə, Aytən Mustafayeva dəyişikliklərin zəruri olduğunu vurğuladılar.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti