HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi.
İclası açan komitə sədri Əli Hüseynli “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə geniş məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın inkişafında və xalqın rifahının təmin olunmasında müstəsna əmək nailiyyətləri ilə fərqlənən insanları mükafatlandırmaq üçün bu ənənə bərpa olunmalıdır. Həmin şəxslər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənənlərə, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək göstəricilərə, yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təkliflərin istehsalatda davamlı tətbiqinə görə təltif olunacaqlar. Millət vəkilləri Fəzail Ağamalı, Tahir Kərimli, Çingiz Qənizadə yeni “Əmək” ordeninin təsis edilməsini yüksək qiymətləndirdilər.
Sonra iclasda Cinayət-Prosessual Məcəllədə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edildi. Milli Məclis Aparatının əməkdaşı Kəmalə Qəmərli sənədə edilən dəyişiklikləri ətraflı şərh etdi. Qeyd olundu ki, Məcəlləyə barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxsin nümayəndəsinin dindirilməsi, həmin nümayəndənin hüquqi şəxsin mənafeyinə uyğun addımları ilə bağlı yeni maddələr əlavə edilib, bəzi düzəlişlər aparılıb. Millət vəkilləri Qüdrət Həsənquliyev, Vüsal Hüseynov, Rəfael Cəbrayılov, Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin nümayəndələri sənəddə edilən dəyişikliklərin yerində və əhəmiyyətli olduğunu vurğuladılar.
Sonra komitə sədri bildirdi ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni əlavəyə görə, rabitə müəssisələri (operatorlar), həmçinin onların diller və distribütorları tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanan müqavilələrdə, abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə cərimələr tətbiq olunacaq. Belə ki, qeyd olunan tələbin yerinə yetirilməməsinə görə, vəzifəli şəxslər 2 000, hüquqi şəxslər 3 000 manat miqdarında cərimə ediləcək.
İclasda “Notariat haqqında” və “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunlara edilən dəyişikliklər də müzakirə edildi. Təklif edilən dəyişikliklərə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri ancaq onların stasionar tibb müəssisələrində olması, xəstəliyin terminal mərhələdə olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbs qətiimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması kimi bu insanların iradəsindən asılı olmayan səbəblərdir.
İclasda 4 sənədə - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli qanununda dəyişiklik edilməsi haqqında, “1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunla təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli qanununda dəyişikliklər edilməsi haqqında, Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında” 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli qanunda dəyişikliklər edilməsi barədə və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanunda dəyişikliklər edilməsi haqqında sənədlərə edilən texniki dəyişikliklər də məqsədəuyğun sayıldı.
İclasda müzakirə edilən bütün sənədlər Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti