SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Aprelin 25-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İclası açan komitənin sədri Hadi Rəcəbli bildirdi ki, əvvəlcə iclasda “Pasiyentin hüquqları haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə ediləcək.
Qanun layihəsi barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin əməkdaşı Məhəmməd Bazıqov məlumat verdi. Qeyd olundu ki, bu sənəd adından göründüyü kimi pasiyentin hüquqlarının təminatı, qorunması, sağlamlığa vurulmuş ziyanın müəyyən edilməsinin hüquqi əsaslarını və bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Bildirildi ki, qanun zəruri tibbi yardım, ilk yardımın standartları, tibbi müdaxilə, peşəkar tibbi sirr, tibbi xidmət, pasiyentin saglamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliyin diaqnozu, müalicə variantlarının araşdırılması, konsilium və sair mühüm amilləri özündə ehtiva edir. Qeyd olundu ki, 4 fəsil, 32 maddədən ibarət olan sənəddə pasiyentin hüquqlarını irqi, milli, dini, cinsi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Tibb müəssisəsində xəstələrə dini ayinlərin icrası üçün şərait də yaradılmalıdır.
Komitə sədri Hadi Rəcəbli onu da diqqətə çatdırdı ki, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsinə xidmət edəcək bu sənəddə pasiyentlərin hüquqlarının qorunmasının əsas prinsipləri, yaşamaq hüququnun təmin olunması, onlara qarşı ayrı-seçkiliyin qadağan edilməsi əksini tapıb. Pasiyentin tibb müəssisəsini və tibb işçisini seçmək hüququ, tibbi müdaxilə zamanı ruhi və fiziki tamlığının qorunmasını tələb etmək hüququ var. Pasiyentlərə davranış motivlərinə görə hər hansı təsir olmayacaq, müalicənin planlaşdırılması və aparılmasında iştirak etmək hüququ veriləcək. Tibb işçilərinin ölümün tezləşdirilməsi haqqında pasiyentin özünün və ya onun qohumlarının xahişini yerinə yetirməsi qadağandır. Pasiyentin şəxsi həyatı toxunulmazdır və bu barədə məlumat yalnız diaqnozun müəyyən edilməsi, müalicə və ya xəstəyə qulluq prosesinin həyata keçirilməsi üçün vacib olarsa, onun öz razılığı ilə verilə bilər. Ətraflı müzakirə edildikdən sonra sənəd bəzi mövcud qüsurların aradan qaldırılması üçün yenidən işçi qrupuna qaytarıldı.
Sonra komitədə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə sənədə baxıldı. Bu barədə məlumat verən komitə üzvü Sevinc Hüseynova bildirdi ki, bundan sonra həmin uşaqlar ödənişli ali və orta ixtisas təhsil müəssisələrində pulsuz, dövlət hesabına oxuya biləcəklər.
Daha sonra komitədə “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinin təkmilləşdirilməsi iə bağlı dinləmələr keçirildi. Tədbirdə iştirak edən beynəlxalq ekspertlər əhalinin sağlamlığı ilə bağlı bir sıra ərzaq məhsullarının, o cümlədən, unun, şəkərin və südün tərkibinin zənginləşdiriılməsinin vacibliyi barədə fikirlərini bildirdilər. Mövzu ilə əlaqədar xüsusi slaydlar təqdim edildi.
Milli Məclisin
Mətbuat xidməti