İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

Oktyabrın 12-də Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova əvvəlcə parlamentin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı təqdim etdi.
Bildirildi ki, hesabat dövründə komitənin 3 iclası keçirilib, 8 məsələyə baxılıb. Bu sessiyalar ərzində komitənin təşəbbüsü və təşkilatçılığı ilə 6 tədbir keçirilib. “Dövlət qurumlarında gənclər strategiyası”, “Gənclik və qlobal çağırışlar” adlı görüşlər, “Xocalı soyqırımı Beynəlxalq hüquq müstəvisində”, “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masalar, “Təmas xəttində son hadisələr”, “18 iyun – Azərbaycan Respublikasında İnsan hüquqları günüdür” mövzusunda dinləmələr bu qəbildəndir.
Bahar Muradova onu da vurğuladı ki, hesabat dövrü ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 802 ərizə və məktuba baxılmış, qaldırılan məsələlərin müsbət həlli üçün lazımi tədbirlər görülmüşdür. Bu dövrdə komitə sədri və üzvləri tərəfindən vətəndaşların qəbulu keçirilmiş, onların müraciətləri araşdırılmış, tədbir görülmək üçün aidiyyatı təşkilatlara göndərilmişdir. Komitə üzvləri ölkə daxilində və xaricdə xidməti ezamiyyətlərdə olmuş, insan hüquqlarının qorunmasına həsr olunan seminar və konfranslarda Azərbaycan parlamentini layiqincə təmsil etmişlər.
Çıxış edən millət vəkilləri Yevda Abramov, Əflatun Amaşov, Hikmət Məmmədov, Astan Şahverdiyev, Tahir Kərimli, Elman Nəsirov, Flora Qasımova, Sona Əliyeva komitənin ötən dövrdə məhsuldar işlədiyini, qəbul edilən qanunların cəmiyyət üçün əhəmiyyətli olduğunu, keçirilən tədbirlərin vacibliyini dilə gətirdilər, komitənin fəaliyyətini qənaətbəxş hesab etdiklərini qeyd etdilər.
Komitədə payız sessiyası ərzində görüləcək qanunvericilik işləri planı təsdiqləndi.
Sonra iclasın gündəliyinə daxil edilmiş “Dini etiqad azadlığı haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlər müzakirə edildi. Bahar Muradova bildirdi ki, hər iki qanun layihəsində aparılan dəyişikliklər “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırılmaq məqsədi daşıyır. Bu yeniliklərə əsasən dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan ediləcək, dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparıldığı zonalarda KİV işçilərinin fəaliyyəti və ictimaiyyətə çatdırılan məlumatların forma və həcmi əməliyyat aparan orqan tərəfindən müəyyən ediləcək.
Müzakirələrdən sonra hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti