TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 16-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Valeh Ələsgərov millət vəkillərini yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi.
Sonra Valeh Ələsgərov iclas iştirakçılarını komitədə cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərin hesabatı ilə tanış etdi. Bildirildi ki, hesabat dönəmində komitənin 2 iclası keçirilib, iclaslarda 5 məsələ müzakirə edilib. Vətəndaşlardan, İdarə və təşkilatlardan daxil olmuş 110 ərizə və məktuba baxılmış, qaldırılan məsələlərin müsbət həlli üçün lazımi tədbirlər görülmüşdür. Bu dövrdə komitə sədri və üzvləri tərəfindən 60-a yaxın vətəndaş qəbul edilmiş, onların müraciətləri araşdırılmış, tədbir görülmək üçün aidiyyatı təşkilatlara göndərilmişdir. Komitə üzvləri ölkə daxilində və xaricində xidməti ezamiyyətlərdə olmuş, energetika, ətraf mühit və digər sahələr üzrə keçirilən seminar və konfranslarda parlamenti layiqincə təmsil etmişlər.
Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsinə baxıldı. Valeh Ələsgərov 2014-cü il mayın 26-da Ankara şəhərində imzalanan sənədin əhəmiyyəti barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, qanun layihəsi iki qardaş ölkə arasında təbii qazın istismarı sahəsində əməkdaşlıq üçün olduqca zəruridir.
Millət vəkilləri yekdilliklə sənədin Milli Məclisin plenar sessiyasının müzakirəsinə çıxarılmasını dəstəklədilər.
Milli Məclisin
Mətbuat xidməti