REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin 2016-cı ilin payız sessiyasında ilk iclası keçirildi.
Komitənin sədri Arif Rəhimzadə 2016-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlərin hesabatını təqdim etdi. O, yaz sessiyasında 4 iclasın keçirildiyini, 6 məsələnin müzakirə olunduğunu, komitənin ünvanına gələn 327 məktub, təklif və ərizəyə baxıldığını, 725 vətəndaşın millət vəkilləri tərəfindən qəbul edildiyini dedi. Sonra payız sessiyasının qanunvericilik işləri planı təsdiqləndi. Bildirildi ki, payız sessiyasının iş planına əsasən bələdiyyələrin fəaliyyətini, statusunu tənzimləyən bəzi qanunlara, eləcə də inzibati ərazi bölgüsünə dair müəyyən hüquqi sənədlərə əlavə və dəyişikliklərin edilməsi daxildir.
Sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanıldı. Qanunvericiliyin uyğunlaşdırılması məqsədilə “Yerli vergilər və ödənişlər”, “Bələdiyyələrin maliyyəsinin əsasları” haqqında qanun layihələrinə təklif olunan dəyişikliklərə baxıldı və məqbul sayıldı.
Gündəlikdəki digər 6 məsələ - Biləsuvar rayon İcra Hakimiyyətinin Cəlilabad, İmişli, və Salyan rayon İcra Hakimiyyətləri, Lerik rayon İcra Hakimiyyətinin Yardımlı və Ağdaş rayon İcra Hakimiyyətləri, həmçinin Ucar rayon İcra Hakimiyyətinin Zərdab rayon İcra Hakimiyyəti ilə arasındakı ərazi mübahisəsinə dair müraciətlər haqqında idi. Hansı ki, ötən yaz sessiyasında bu məsələlərin yerlərdə araşdırılması ilə bağlı komitədə əlaqədar qurumların təmsilçilərinin də iştirakı ilə komissiya yaradılmışdı. Millət vəkilləri Rüstəm Xəlilov və Tahir Rzayev məlumat verdilər ki, komissiyanın araşdırmaları nəticəsində sözügedən rayonlardakı üç mübahisəli məsələ artiq öz həllini tapıb.
Sonda Biləsuvarla Salyan, Leriklə Yardımlı, Ucarla Zərdab rayonları arasındakı sərhəd məsələlərinin mövcud xəritələrə uyğun həll edilməsi üçün millət vəkillərindən, Milli Məclis Aparatı, Dövlət Əmlak Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət xüsusi komissiyanın yaradılması barədə məlumat diqqətə çatdırıldı.
Milli Məclisin
Mətbuat xidməti